CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyələrlə bağlı təkliflər dəyişiklik yarada bilərmi?

© Mark Wilson / Getty Images / AFPMəmurlar, arxiv şəkli
Məmurlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.02.2023
Abunə olmaq
Təyin olunmuş icra orqanları seçilmiş bələdiyyə orqanlarından daha yüksək səlahiyyətlərə malikdir. Bu da siyasi məntiqə və idarəetmə məntiqinə o qədər də uyğun deyil.
BAKI, 16 fevral — Sputnik. Son vaxtlar Azərbaycan Milli Məclisində bələdiyyələrin fəaliyyəti ilə bağlı çox saylı fikirlər səsləndirilir. Milli Məclisin deputatı Siyavuş Novruzov bələdiyyələr haqqında ən çox danışan deputatlardan biridir. Siyavuş Novruzov həm də Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. Onun son bir ay ərzində bələdiyyələr haqqında çıxışlarına nəzər salaq.
Millət vəkili komitənin yaz sessiyası üçün ilk iclasında deyib ki, regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması planda var: "Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır. Elə bələdiyyə var ki, onun 15, eləsi də var ki, 19 üzvü var. İqtisadi zona formalaşdığından azad edilmiş ərazilərdə icra hakimiyyəti qurulacaq və buna uyğun da bələdiyyələrin sayının azaldılması ortaya çıxacaq".
Siyavuş Novruzov həmin iclasda onu da bildirib ki, ilyarımdan sonra Azərbaycanda bələdiyyə seçkiləri olacaq və bələdiyyələrlə bağlı fundamental islahat aparılmalıdır. Millət vəkili bildirib ki, seçki məcəlləsinə müvafiq dəyişikliklər edilməli, bələdiyyə seçkiləri seçki məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir.
Sputnik Azərbaycan bələdiyyələrlə bağlı ifadə edilən bu fikirlərlə bağlı ReAL partiyasının icraçı katibi Natiq Cəfərlinin və Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Nizami Cəfərovun fikirlərini öyrənib.
ReAL partiyasının icraçı katibi bildirib ki, bələdiyyələrin statusu mütləq müzakirə edilməlidir: "Azərbaycanda bələdiyyələrin səlahiyyət və məsuliyyətinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsinə ehtiyac var. Ölkəmizin Avropa Yerli Özünüidarəetmə Xartiyasının üzvü olduğunu nəzərə alsaq, böyük şəhər bələdiyyələrinin yaradılması və birbaşa mer seçkilərinin keçirilməsi ən vacib məsələlərdən biridir. Bu idarəetmənin təkmişləşdirilməsində, məsuliyyətin və səlahiyyətin doğru-düzgün bölüşdürülməsində çox mühim rol oynayacaq. Çünki indi yerli icra hakimiyyəti orqanları ilə bələdiyyə orqanlarının səlahiyyət və məsuliyyətində qarışıqlıq mövcuddur. Təyin olunmuş icra orqanları seçilmiş bələdiyyə orqanlarından daha yüksək səlahiyyətlərə malikdir. Bu da siyasi məntiqə və idarəetmə məntiqinə o qədər də uyğun deyil".
ReAL partiyasının icraçı katibi bildirib ki, yerli icra hakimiyyəti orqanları ilə bağlı məsələ də uzun müddətdir ki, müzakirə olunur: "Mənim də qatıldığım fikirlər var ki, bu idarəetmə forması institusional olaraq özünü doğrultmadı. Onların yerinə seçilmiş bələdiyyələrin səlahiyyət və məsuliyyətinin çərçivələndirilməsi daha doğru olardı".
Natiq Cəfərli bələdiyyələrin daha çox qanunsuz torpaq satışı və tikililər ilə gündəmə gəlməsi iddialarına da münasibət bildirib və deyib ki, bələdiyyələr heç vaxt təkbaşına günahkar ola bilməz: "Azərbaycanda 14 dövlət orqanı var ki, tikintilərə birbaşa nəzarət etmək funksiyası var. Bələdiyyə günahkardırsa, bəs yerdə qalan orqanlar hara baxırdılar?! Əgər səlahiyyət və məsuliyyət bölgüsü dəqiqləşəcəksə, o zaman bələdiyyələrin də məsuliyyəti artacaq. Hazırda bələdiyyələrin qazanc imkanları geniş deyil. Azərbaycandakı bütün bələdiyyələrin büdcəsi, təkcə Türkiyənin Rizə şəhərinin bələdiyyəsinin büdcəsindən azdır. Büdcə, gəlir yoxdursa, onlar da torpaq məsələsinə fokuslanırlar ki, bu da nəticədə ciddi problemlərə səbəb olur".
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Nizami Cəfərov da bələdiyyə seçkilərinin seçki məcəlləsindən çıxarılmasının tərəfdarıdır. Millət vəkili fikrini belə izah edib ki, bələdiyyə seçkiləri bəzən bir region üçün, bir kənd üçün əhəmiyyət kəsb edir: "Bu baxımdan bələdiyyə seçkilərini geniş və mərkəzləşdirilmiş şəkildə keçirmək əhəmiyyətli deyil. Biz bilirik ki, indi Qarabağda, Şərqi Zəngəzurda seçkilər olacaq. İndi gərək biz oturub növbəti bələdiyyə seçkilərinin vaxtını gözləyək. Amma qayıdış prosesinin başa çatdığı ərazilərdə seçkilərin keçirilməsinə zərurət yarananda bu prosesi həyata keçirmək olar. Onsuz da seçkilərdə ümumi qaydalar gözlənilir, nəzarət təmin olunur. Təbii ki, Mərkəzi Seçki Komissiyasının nəzarəti altında bu seçkiləri istənilən vaxt keçirmək olar. Yəni, bu seçkilər Prezident və Milli Məclisə seçkilər qədər önəmli deyil axı. Ən mühim məsələlərdən biri bələdiyyə üzvlərinin sayı azaldılmalıdır, sayı çoxdur, həm də bələdiyyələrin sayı azaldılmalıdır və bələdiyyələr bir qədər mərkəzləşdirilməlidir. Bu fəaliyyət dairəsini daraldır".
Millət vəkili qeyd edib ki, bələdiyyələrə inzibati nəzarət Ədliyyə Nazirliyi həyata keçirir:
"Bununla bağlı təlimatlar da hazırlanır. Son vaxtlar nəzarət gücləndirilir, qanunsuz icarəyə verilmiş torpaqlar geri qaytarılır. Həm də bələdiyyə üzvləri arasında savadlı insanların sayı artır. Bələdiyyələrlə bağlı müəyyən tədbirlər görülür ki, naqis hallar aradan qaldırılsın. Bələdiyyələrə həm Milli Məclisdə, həm də Ədliyyə Nazirliyinin müvafiq orqanlarının nəzarəti gücləndirməlidir ki, bələdiyyə işinin nədən ibarət olduğunu bilsin. Eyni zamanda bələdiyyələrə gəlir gətirə biləcək sahələrin də sayını artırmaq lazımdır. İcra hakimiyyətlərinin müəyyən səlahiyyətləri bələdiyyələrə verilməlidir. Amma birdən-birə bütün səlahiyyətlərin bələdiyyələrə verilməsi də mümkün deyil. Çünki bunun üçün iş təcrübəsi lazımdır. Burada söhbət təkcə icra başçılarından getmir, həm də bizim nazirliklər daha çox səlahiyyətə sahibdirlər. Yəni, mexanizm elə işləməlidir ki, icra orqanları bələdiyyələrə yardım etməlidirlər".
Millət vəkili qeyd edib ki, Azərbaycanda da böyük şəhər bələdiyyələri yaradıla bilər: "Qardaş Türkiyədə bu böyük şəhər modeli uğurla tətbiq olunur. Onların bəldəiyyələrinin fəaliyyəti ilə tanış olarkən görürük ki, geniş səlahiyyətlərə və imkanlara amlikdirlər. Amma onu da bilirik ki, Türkiyədə bələdiyyələrin işinə müyyən siyasi müdaxilələr ola bilir. Biz bələdiyyələrin işini elə inkişaf etdirməliyik ki, lap əvvəldən qüsurların qarşısını ala bilsin".
Xəbər lenti
0