Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə böyük zəlzələ üzündən dəymiş ziyandan sonra iqtisadiyyatı necə bərpa edəcək

© AP Photo / Emrah GurelTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Qardaş ölkənin zəlzələlər üzündən meydana çıxan iqtisadi itkiləri ilə bağlı ilkin rəqəmləri açıqlanıb, lakin ekspertlər rəqəmlərin daha yüksək olacağını gözləyirlər. Türkiyə öz gücü ilə bərpa oluna biləcək, yoxsa, yox? "Sputnik Azərbaycan" bunu araşdırıb.
BAKI, 15 fevral — Sputnik. Aprelin 6-da Türkiyənin on rayonunda baş verən dağıdıcı zəlzələlər nəinki insan tələfatı və dağıntılarla nəticələnib. Bu, həm də ölkə iqtisadiyyatına xeyli ziyan vurub. Belə ki, ilkin hesablamalara görə, Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar məbləğində ziyan vura bilər.
İxracatın azalması və iqtisadiyyatın tənəzzülü
Türkiyə İqtisadi Jurnalistlər Cəmiyyətinin rəhbəri Rəcəb Erçin "Sputnik Azərbaycan"a açıqlamasında Türkiyə Sahibkarlar və İş Adamları Konfederasiyasının 1999-cu ildə İzmit zəlzələsinin nəticələrinin təhlili əsasında Türkiyə iqtisadiyyatına dəyən iqtisadi ziyanla bağlı hesabat hazırladığını deyib.
İqtisadçı, hesablamalara görə, dəymiş ziyanın 84,1 milyard dollar təşkil etdiyini, bunun da böyük hissəsinin - təxminən, 70 milyard dollarının mənzil və infrastruktur sektorunun payına düşəcəyini bildirib. Qalan hissəsi isə zəlzələ bölgəsində insan resurslarının itirilməsi, istehsal və ixrac potensialının azalmasıdır.

"Bu, ilkin qiymətləndirmədir. Hesablamalarıma görə, zərər çəkmiş 10 region Türkiyənin 20 milyard dollarlıq ixracını, ölkədə iş yerlərinin 16% – ni və ölkənin ÜDM-nin 9-10% - ni təmin edib", - deyə agentliyin həmsöhbəti bildirib.

O, qeyd edib ki, bu rayonlarda yerləşən bəzi müəssisələrin, xüsusən də toxuculuq istehsalı və metallurgiya sahəsində fəaliyyət göstərən müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
"Bunlar təkcə Türkiyənin deyil, bütün regionun həm Türkiyənin özünün daxili bazarını, həm də dünyadakı tərəfdaşlarını xammalla təmin edən ən böyük müəssisələrdir", - deyə iqtisadçı bildirib.
Erçin əlavə edib ki, müəssisələrin infrastrukturuna ciddi ziyan dəyməsə belə, işçi qüvvəsinin itirilməsi səbəbindən onların işi müvəqqəti dayandırılacaq. O, Türkiyədə bəzi fabriklərin öz işçiləri və evlərini itirmiş ailələri üçün yaşayış yeri və müvəqqəti sığınacağı əvəz etdiyini bildirib.

"Bundan əlavə, xammal tədarükü ilə bağlı problemlər var və bu səbəbdən ölkənin on bölgəsindəki bu cür fabriklərin heç də tezliklə işə başlamayacağı gözlənilir", - deyə iqtisadçı əlavə edib.

Onun fikrincə, müəssisələrin işindəki durğunluq zəlzələdən zərər çəkmiş rayonlardan hasilatın və ixracın kəskin azalmasına səbəb olacaq. Türkiyəli jurnalist hesab edir Kİ, bundan əlavə, İsgəndərun limanının işə salınması da müəyyən vaxt aparacaq.
"Türkiyənin ixracatına dəyən zərərin təsirini nəzərə alsaq, iqtisadi itkilərin yekun rəqəminin 100 milyard dollardan çox olacağını gözləyirəm. Bu, ilin iki rübündə cüzi artım göstərəcəyi gözlənilən Türkiyə iqtisadiyyatının geriləməsi deməkdir. Yəni bu zəlzələ Türkiyə iqtisadiyyatında tənəzzülə gətirib çıxaracaq", - deyə ekspert ehtimal edir.
Türkiyə öz gücünü bərpa edə biləcəkmi?
Erçin hesab edir ki, Türkiyə zəlzələlərin iqtisadi nəticələrini aradan qaldırmağa qadirdir. O əlavə edib ki, cari hesab kəsirinin bu ilin sonuna qədər 25 milyard dollardan az olacağı gözlənilir.
Bundan əlavə, turizm gəlirlərinin gözlənilən artımı, eləcə də dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin sabitləşməsi ölkənin tədiyə balansının hazırkı səviyyədə saxlanmasına gətirib çıxaracaq, - deyə iqtisadçı izah edib.
Ötən il dövlət büdcəsinin kəsiri gözlənilən səviyyədən aşağı olub. Bu il isə büdcə prezident seçkilərinə çəkilən xərclər nəzərə alınmaqla qurulub, - deyə Erçin bildirib.

"Ola bilsin ki, seçkilərə sərf edilməli olan xərclərin əhəmiyyətli hissəsi zərər çəkmiş rayonların yenidən qurulmasına yönəlsin. Bundan başqa, rayonların şəxsi vəsaitlər hesabına bərpası gözlənilir. Türkiyənin özəl sektoru artıq ölkənin cənub-şərqini maliyyələşdirməyə başlayıb", - deyə jurnalist bildirib.

O, qeyd edib ki, səlahiyyətlilər zərər çəkmiş bölgələrdə biznes və fiziki şəxslərin üzərindən kredit öhdəliklərini götürməyi planlaşdırırlar ki, bu da Türkiyənin bank sektoru üçün əlavə yük yaradacaq.
"Ancaq Türkiyənin zəlzələlərin nəticələrinin öhdəsindən gəlmək üçün gücü və imkanları var. Avropa və Asiya beynəlxalq maliyyə institutlarının da Türkiyədəki layihələrin maliyyələşdirilməsinə vəsait ayıracağı gözlənilir", - deyə Erçin bildirib.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlərə gəlincə, iqtisadçının fikrincə, bu bölgələrin Azərbaycana ixracı o qədər də əhəmiyyətli olmadığı üçün onların zəlzələlərin nəticələrindən zərər çəkməsi ehtimalı azdır.
"Bakı-Tbilisi-Ceyhan kəməri bir neçə günlük fəaliyyətini müvəqqəti dayandırıb və bu, bəlkə də iki ölkə arasında iqtisadi münasibətlərə yeganə ziyan olub", - deyə o əlavə edib.
Bundan başqa, Erçin qeyd edib ki, Azərbaycanın və digər qonşu ölkələrin dəstəyi Türkiyəyə iqtisadiyyatını tez bir zamanda bərpa etməyə kömək edəcək.
Xəbər lenti
0