CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərbi Azərbaycan İcması: Bütün azərbaycanlılar öz yurdlarına qayıtmalıdır

© Photo : AZERTAGQərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası
Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Qərbi Azərbaycan İcmasının sədri söyləyib ki, öz yurd-yuvalarına qayıtmaları üçün onlara dünya ictimaiyyəti yardım etməlidir.
BAKI, 15 fevral — Sputnik. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında icma nümayəndələri ilə görüşü, çıxışı çox vacib idi. Dövlətimizin başçısı 200 il əvvəl doğma yurdlarından qovulan azərbaycanlıların öz torpaqlarına köçürülməsi üçün İcmanın qarşısına məqsəd qoydu.
Bu fikirləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O qeyd edib ki, azərbaycanlılar zaman-zaman öz yurdlarından qovulub. Ona görə bütün azərbaycanlılar öz yurdlarına qayıtmalıdır. Bu işdə bizə dünya ictimaiyyəti də yardım etməlidir.
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən də bu işə dəstək göstərilir. Belə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi elan edib", - deyə Əziz Ələkbərli vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Məlumat verilib ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Diqqətə çatdırılıb ki, əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və "Qarabağa dönüş" İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Xəbər lenti
0