CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ çıxarıb - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Azərbaycanın xilasediciləri Türkiyədə
Azərbaycanın xilasediciləri Türkiyədə - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
BAKI, 15 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayının 35 min 418 nəfər olduğunu, bu fəlakətin ölkə tarixində ən dağıdıcı hadisə olduğunu bildirib.
Türkiyə prezidenti bildirib ki, hava şəraiti ölkənin cənub-şərqində baş verən zəlzələlərdən sonra insanların xilas edilməsi və infrastrukturun bərpası səylərinə böyük mane olub, su təchizatında da problemlər yaranıb.
"Birinci mərhələdə hava şəraiti ilə bağlı çətinliklər axtarış-xilasetmə əməliyyatlarında və yardımın göstərilməsində fasilələrə səbəb olub. Yaxınlıqdakı şəhərlərdən başlayaraq dərhal dövlət qurumlarını səfərbər etdik... Nəqliyyat və enerji ilə yanaşı, içməli su infrastrukturu və kanalizasiya ilə bağlı əlavə problemlər yaranıb. Xalqımız şübhə etməməlidir ki, dövlətimiz bütün nazirlikləri, qurumları və bütün imkanları ilə zəlzələ bölgəsinə tez bir zamanda çatmaq üçün var gücü ilə mübarizə aparıb", - deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyənin 71 vilayətindən 250 minə yaxın əməkdaş iştirak edir.
"İlk saatların çətinlikləri aradan qaldırıldıqdan sonra işlər effektli olmağa başlayıb. Əməliyyatlara Türkiyənin 71 vilayətindən 250 min dövlət qulluqçusu cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarında bilavasitə iştirak edən şəxsi heyətin sayı 35 min nəfəri ötüb. Tikinti texnikasının sayı 12335 ədədə, təyyarələrin sayı 76-ya, gəmilərin sayı 26-ya çatıb", - deyə Türkiyə lideri bildirib.
Fevralın 6-da baş verən zəlzələ 1939-cu ildə 33 minə yaxın insanın ölümü ilə nəticələnən Ərzincan zəlzələsini geridə qoyaraq Türkiyə tarixində ən ölümcül təbii fəlakət olub.
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında yaradılmış Operativ Qərargahlar tərəfindən Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Səhiyyə Nazilriyi və digər qurumlar ilə intensiv əməkdaşlıq şəraitində davam edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilib.
Bildirilib ki, zəlzələ baş vermiş gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.
Xəbər lenti
0