Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bir zamanlar "tamaşaçıya yedirtdiyimiz şorbanı" bir daha bişirməyə məcburuq - Aparıcı

© Sputnik / Murad OrujovRövşanə Bektaşi (Ağasəfqızı)
Rövşanə Bektaşi (Ağasəfqızı) - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Abunə olmaq
"AzTV" Televiziya və Radio Akademiyasının prorektoru Almaz Mahmud və populyar teleaparıcı Rövşanə Ağasəfqızı milli televiziyanın bu gün üzləşdiyi problemlərdən və bu problemlərin həlli yolları barədə danışıblar.
BAKI, 13 fevral — Sputnik. Fevralin 14-ü Azərbaycanda televiziyanın yaranması günüdür. Azərbaycan Televiziyası 67 il öncə fəaliyyətə başlayıb. 1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan N.Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi. Bir zamanlar geniş tamaşaçı kütləsi qazanann televiziyalarımızın hazırkı vəziyyətini qənaətbəxş hesab etmək olarmı? Yerli telekanallarımızda hansı problemlər var və onların kökündə nə dayanır?
"AzTV" Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud və populyar teleaparıcı Rövşanə Ağasəfqızı ilə birlikdə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində milli televiziyanın bu gün üzləşdiyi problemlərdən və bu problemlərin həlli yolları barədə həmsöhbət olduq.
Almaz Mahmudun fikrincə, televiziya bu gün də icma yaradır, maarifləndirir. Amma xəbərdə sosial media televiziyanı geridə qoyur:
"Artıq televiziya sosial media ilə mübarizə apara bilməz. Yeganə çıxış yolu sosial media ilə əməkdaşlıq etməkdir. Televiziya ilə bağlı islahatlar aparılır. Gənclərə meydan verilib. Televiziyalarımız hələ də qızıl dövrünü yaşayır. Futbol çempionatları keçirlir, hər kəs həmin vaxt televiziyadan izləyir".
© Sputnik / Murad OrujovRövşanə Bektaşi (Ağasəfqızı)
Rövşanə Bektaşi (Ağasəfqızı) - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Rövşanə Bektaşi (Ağasəfqızı)
Uzun illər müxtəlif televiziyalarda çalışan teleaparıcı Rövşanə Ağasəfqızı bildirir ki, televiziya 4-cü hakimiyyətdir. Onun sözlərinə görə, televiziyanın təqdim etdiyi informasiya, xəbər hər şeyi dəyişə bilər - təfəkkürdən tutmuş, yaşam tərzinə qədər...
Aparıcı etiraf edir ki, beş-on il öncə yaradılan şou proqramları, göstərilən bayağı verilişləri insanlar "yeyib həzm etdilər":

"Mən etiraf edirəm ki, bunda mənim də payım var. İndi o insanlara ciddi proqramı, maarifləndirici mövzuda olan verilişi təqdim edəndə, baxmaq istəmirlər. Təəssüf ki, biz zamanında bərbad etdik. Gətirdik qoyduq ki, bu reytinq gətirir, pul gətirir. Tamaşaçı da ona öyrəşdi, televiziya da. Televiziya gördü ki, həmin məhsul pul gətirir - nə gözəl... Tamaşaçı da o bayağılığa öyrəşdi. Həmin reytinq də kəfən ipi kimi boğazımızdan yapışıb. İçi mən qarışıq, bunun qurbanına çevrilmişik. Mən jurnalistəm, gedib nə ginekoloq, nə stomotoloq ola bilərəm. Mən məcburam deyilənləri etməyə. Bizim bir zamanlar verdiyimiz zəhərli məhsula tamaşaçı öyrəşib. İndi isə nə qədər çalışsaq da, maarifləndirici proqramlar hazırlasaq da, tamaşaçı deyir ki, "mən bunu istəmirəm. Mənə əvvəlki şounu, bayağılığı istəyirəm".

Onun sözlərinə görə, hazırda maarifləndirici proqramlar arxa plana keçib:

"İndi mən maarifləndirici proqram təqdim edəndə reytinq aşağı düşür. Televiziya da deyir ki, reytinqin yoxdur, maaş almayacaqsan. Mənim çıxış yolum nədədir? Mənim çıxış yolum odur ki, bir zamanlar tamaşaçılara yedirtdiyim şorbadan yenə də bişirim gətirim. Çünki, həmin şorba satılır bazarda".

Bəs çıxış yolu nədir?
Rövşanə Ağasəfqızı bildirir ki, sistem ya kökündən dəyişməlidir, yeni formata keçməlidir, ya da özümüz deyib, özümüz eşidəcəyik:

"Media kapitanları dediklərimiz televiziya mütəxəssisləri oturub bir format düşünməlidir. Bu olmadığı halda, televizyalar getdikcə uçuruma gedəcək. Televiziya həm də biznes sahəsidir. Xüsusən də özəl televizyalar. Mən onları da qınamıram. Çünki, onların pulu da sponsordan gəlir. Sponsor da görür ki, Məmmədin verilişi qalmaqallıdır, Rövşanənin maarifləndirici verilişinə pul qoymaqdansa, Məmmədin verilişinə pul qoyum. Çünki, Məmmədin verilişi reytinqlidir. O cür veriliş pul gətirdiyinə görə Məmmədlərin sayı artır, televiziyanı hörümçək toru kimi ələ alır. Amma vaxt var idi ki, biz televiziyadan maariflənirdik, danışıq öyrənirdik. İndi isə xaos yaranıb. Kim necə istəyir, hansı ləhcədə istəyir danışır".

Tok-şoular həmişə var, olacaq da...
Almaz Mahmud dünya televizyalarını nümunə gətirərək bildirdi ki, tok-şounun aparıcısının özünün intelektual səviyyəsi yüksək olmaldır:
"Dünyanın ən məşhur tok-şou aparıcı Elenin yaxasına Obama orden taxmışdı. Ona demişdi ki, "sən Amerika cəmiyyətini məndən də çox maarifləndirirsən".
© Sputnik / Murad Orujov Almaz Mahmud
 Almaz Mahmud  - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Almaz Mahmud
Onun sözlərinə görə, tok-şoular həmişə var, olacaq da:

"Onların gətirdiyi auditoriyanı heç bir ciddi xəbər proqramı gətirməyəcək. Tok-şou olmaldır. Amma tok-şounun aparıcısının özünün intelektual səviyyəsi yeksək olmaldır. Bizdə tok-şouları aparan aparıcıların səviyyəsi sıfırdır. Həmin proqramlara balaca bir uşağı gətirirlər, atasını gətirirlər, deyirlər ki, DNT testi olacaq. Baxın görün, jurnalist kodeksi nə qədər pozulur. Bir uşağın həyatı alt-üst olur. Aparıcılar özləri bilirmi ki, reytinq nədir? İslahatlar gedir, dövlət addımlar atır. Məgər onlar jurnalistin də yerinə işləməlidir?"

Ləhcələr Azərbaycan dilini öldürə bilər
A.Mahmud onu da qeyd edir ki, televiziya aparıcıları efirdə ləhcə ilə danışmaqla Azərbaycan dilinə ən böyük zərbəni vururlar.

"Aparıcının efirdə hansısa ləhcə ilə danmışması yolverilməzdir. Pakistanlı da, nigeriyalı da, əfqanistanlı da, amerikalı da ingilis dilində danışır. Hərəsi bir ləhcədə danışır. Bu, ingilis dilini öldürə bilərmi? - Xeyr. Amma Azərbaycan dili ölə bilər, ləhcələr onu öldürə bilər. Çünki, özümüz elə də böyük dövlət deyilik. Əhalimizin sayı da çox deyil. Ona görə də televeziyada çalışan hər kəs dilin qorunmasında maraqlı olmaldır. Televiziyanın işi maarifləndirməkdir, dağıdıcılıq deyil. Təəssüf ki, bu gün televizyalarımız dağıdıcı rol oynamağa başlayıb. Televiziyalar insanların həyatını məhv edir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0