Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın MDB ölkələrindən idxalında kəskin artım var - SƏBƏBLƏR

© Pexels ChanakaYük konteynerləri
Yük konteynerləri - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Abunə olmaq
Növbəti dövrlərdə MDB ölkələri ilə həm idxalda həm də ixracda artımın olacağı gözlənilir. Ekspert hesab edir ki, qonşu ölkələrlə iqtisadi münasibətlərin qurulması daha prioritetdir.
BAKI, 14 fevral — Sputnik. Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən idxalında kəskin artım müşahidə edilir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2022-ci ildə Azərbaycanın MDB ölkələrindən idxalı 4 milyard 413 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 50,8 faiz çoxdur. MDB ölkələri ilə əməliyyatların idxalda xüsusi çəkisi 30,36 faiz təşkil edib. 2021-ci ildə Azərbaycanın MDB ölkələrindən idxalı 2 milyard 926 milyon dollar olub. Bu dövrdə isə MDB ölkələri ilə əməliyyatların idxalda xüsusi çəkisi 25 faiz qeydə alınmışdı.
Bəs, ötən il Azərbaycanın MDB ölkələrindən idxalında artımın səbəbləri nədir? Növbəti dövrlərdə MDB ölkələrilə ticarət münasibətlərində artım gözlənilirmi?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, koronavirus (COVID-19) pandemiyası dövründə məhdudiyyətlər səbəbindən ölkəmizin tədiyə balansında, ticarət əlaqələrində nisbətən azalma müşahidə edilirdi. Onun sözlərinə görə, pandemiya dövründə sərt karantin tədbirləri ilə bağlı bütün ölkələr arasında ticarət münasibətləri azalmışdı. Lakin pandemiyadan sonra ticarət əlaqələrində artım var.
Yaxın ölkələrlə iqtisadi münasibətlər qurmaq daha yaxşıdır
O bildirib ki, Azərbaycanın qeyri-neft sektoru inkişaf etməkdədir: "Digər tərəfdən, regional korporasiya baş verir. Qonşu ölkələrlə iqtisadi münasibətlərin qurulması daha prioritetdir. Coğrafi baxımdan yaxın ölkələrlə iqtisadi münasibətlər qurmaq daha yaxşıdır. Bundan başqa, ötən il dünyada qida məhsullarının qiymətləri qalxıb. Dünyada qiymətlərin artımı da Azərbaycanın MDB ölkələrindən idxalına təsir edə bilər. Yəni başqa ölkələrdən məhsul almaq baha başa gəlirsə, MDB ölkələrindən həmin məhsulu almaq daha sərfəlidir".
Aqrar məhsullarımızın əsas ixrac bazarı Rusiya və digər MDB ölkələridir
Ekspertin fikrincə, MDB ölkələrindən idxalın artması normal haldır: "Çünki Azərbaycanın region ölkələr ilə ticari-iqtisadi münasibətləri artır. Bizim ixracatımız ötən il kifayət qədər yüksəlib və idxalın da nisbətdə artması normaldır. Bizim kənd təsərrüfatı məhsullarımızın əsas ixrac bazarı Rusiya və digər MDB ölkələridir".
Onun sözlərinə görə, növbəti dövrlərdə MDB ölkələri ilə həm idxalda həm də ixracda artımın olacağı gözlənilir.
Xatırladaq ki, ötən il Azərbaycanın MDB ölkələrinə ixracı isə 1 milyard 635 milyon dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 8,7 faiz azdır.
Xarici ticarətdə müsbət saldo yaranıb
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan 185 ölkə ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac edilib, 173 ölkədən isə idxal olunub. 2022-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 41 milyard 672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14 milyard 539,9 milyon dollarını (25,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb.
Xəbər lenti
0