CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələ zamanı sağ qalmaq üçün nələri bilmək vacibdir? Mütəxəssisdən önəmli məsləhətlər

© AP Photo / Bernat ArmangueTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili deyib ki, zəlzələ zamanı binanı on saniyəyə tərk etmək mümkün deyilsə, evdə qalmaq məsləhətdir.
BAKI, 13 fevral — Sputnik. Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən və kütləvi insan təlafatı ilə nəticələnən zəlzələ təhlükəsizliklə bağlı da bir sıra məsələləri gündəmə gətirib. Zəlzələ zamanı tələfatı artıran başlıca amillərdən biri də insanların həmin an lazımi davranış qaydalarını bilməməsidir.
Azərbaycan seysmik ölkə hesab edildiyindən, vətəndaşlarımızın zəlzələyə hazırlığı, eləcə də zəlzələ zamanı davranış qaydalarını bilməsi vacibdir. Çünki qaydalara əməl olunmayanda, davranış qaydalarını bilməyəndə böyük tələfatlar baş verir. Bu səbəbdən, zəlzələ ilə bağlı hazırlıqları gücləndirmək vacibdir. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bununla bağlı demək olar ki, bütün ixtisaslar üzrə oxuyan tələbələrə nəzəri və praktiki biliklər öyrədilir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili Sputnik Azərbaycan-a deyib ki, digər ali məktəblərdə, həmçinin orta məktəblərdə də zəlzələyə hazırlıqla bağlı seminarlar, təlimlər təşkil olunmalıdır.
Onun sözlərinə görə, zəlzələ zamanı davranış qaydaları iki qrupa bölünür. Bunlardan biri qapalı, digəri isə açıq məkana görə müəyyən edilmiş davranış qaydalarıdır.
Mütəxəssisin sözlərinə görə, hər şeydən öncə zəlzələ barədə ailədə maarifləndirici söhbətlər aparmaq, təhlükəsizlik məşqləri keçmək lazımdır:
- Birlikdə evdə təhlükəsiz yer təyin edilməlidir (yükdaşıyan divar və beton sütun);
- Kitab rəfləri, çilçıraq və dolablar divara, tavana və yaxud döşəməyə möhkəm bərkidilməlidir;
- Zəhərli kimyəvi və tezalışan mayelər təcrid edilmiş təhlükəsiz yerdə saxlanılmalıdır;
- Yumşaq mebel və çarpayı pəncərə önündə yerləşdirilməməli, pərdənin qalın materialdan olması təmin edilməlidir;
- İçində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlamaq lazımdır;
- Qaz, su və elektrik enerjisinin necə bağlanıb-söndürüldüyü haqda hər kəs məlumatlı olmalıdır;
- Evin dəhliz və çıxışı artıq əşyalardan təmizlənməlidir.
Mütəxəssis bildirib ki, zəlzələ anı davranış qaydalarının öyrənilməsi də vacibdir:
"Qabaqcıl təcrübələrdən yararlanaraq deyə bilərəm ki, qapalı məkanda zəlzələ baş verərkən on qızıl qaydanı bilmək önəmlidir. Unutmaq lazım deyil ki, ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxt var. Bu səbəbdən evdən çıxarkən ehtiyat çantası və mobil telefonu götürmək lazımdır, bundan başqa, qaz, su və elektrik enerjisi ümumi şəbəkədən söndürülməlidir, binanı tərk etdikdən sonra açıq və təhlükəsiz yerdə dayanmaq önəmlidir. Bundan başqa, liftdən istifadə etmək, təşvişə düşüb yüksək mərtəbələrdən tullanmaq olmaz. Zəlzələ zamanı evdə təyin olunan təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçmək, dəmir ayaqlı masa varsa, onun altına girmək lazımdır. Zəlzələ zamanı diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün, əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun".
Ekspert qeyd edir ki, binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalmaq məsləhətdir.
Lakin zəlzələ baş verərkən açıq məkandasızsa, bu zaman bina, elektrik dirəyi və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durmaq, dərhal açıq sahəyə çıxmaq lazımdır:
"Avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin, avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın".
Zəlzələdən sonrakı davranışlar da önəmlidir
Şahmar Rəfili qeyd edir ki, zəlzələdən sonrakı situasiya da ən azı zəlzələnin baş verdiyi vaxt qədər təhlükəli ola bilər:
"Zəlzələdən sonrakı zamana görə də davranış qaydaları iki qrupa bölünür. Zəlzələ baş verərkən binanın çölündəsizsə, dağıntı baş veribsə, mümkündürsə, zərərçəkmişlərə kömək edin, onlara ilkin yardım göstəri. Dağıntı olan yerlərə yaxınlaşmayın (yaşadığınız bina olsa belə), yaşadığınız binaya daxil olmaq üçün əvvəl şəraiti dəqiq qiymətləndirib sonra qərar verin, zədələnmiş binada qaz sızması ola bildiyindən açıq alışdırıcıdan (kibrit, alışqan) istifadə etməyin".
Ekspert onu da qeyd edib ki, əgər zəlzələ gecə, hamı evdə olarkən baş veribsə və dağıntı yoxdursa, kibrit və ya alışqandan deyil, fənərdən istifadə etmək zəruridir.
"Bu zaman qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürərək binanı tərk edin, kiçik yanğın ocağı varsa, onu öz qüvvənizlə söndürməyə çalışın, yanğını söndürə bimirsizsə, uşaq, yaralı və əlillərə kömək etməklə təhlükəsiz bir yerə çıxın, zəlzələ barədə ən son məlumatları izləyib göstərişlərə əməl edin", - deyə o, əlavə edib.
Xəbər lenti
0