CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Un və çörəyin tərkibinə niyə donuz və insan tükü vurulur? İlginc səbəblər

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
Ekspertlər bildirirlər ki, əsasən dönərin hazırlanması üçün istifadə edilən çörəklərə bu maddənin qatıldığı güman edilir.
BAKI, 13 fevral — Sputnik. Çörəyə insan və heyvan tüklərindən hazırlanan maddənin qatıldığı barədə sosial platformada müxtəlif məlumatlar yayılır. Həmin xəbərlərdə bildirilir ki, çörəyin tez xarab olmasının qarşısını almaq üçün istehsal prosesində tərkibinə donuz və insan tükündən alınan maddə qatılır. Sputnik Azərbaycan bu xəbərin nə dərəcədə doğru olduğunu araşdırıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki ölkəmizdə istehsal olunan çörəklərin hamısına bu maddədən vurulduğu təsdiqlənməsə də, çörək və bulka məhsullarının istehsalında donuz və insan tükündən alınan maddədən istifadə edildiyinə dair şübhələr var.
Həmsöhbətimiz bildirdi ki, "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"ə dair Sanitar-epidemioloji qaydalar və normativlər adlı sənəddə bu məmulatların adları sistein və sistin kodu E 920 və E 921 olaraq qeyd olunur. Bu barədə məlumatdan sonra AİB-ə daxil olan istehlakçı zənglərinin sayı artıb.
Birlik sədri onu da bildirib ki, o, çörəyə insan və donuz tükündən alınan sistein və sistin adlı maddələrin vurulması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərsə də, aidiyyatı qurumdan hələ də cavab verilməyib:
"Bütün ölkədə bu məlumat istehlakçıları narahat edib. Amma AQTA sorğumuza cavab vermir. Bu məsələnin Qida Təhlükəsizliyi İnstitutunda araşdırıldığı barədə mətbuata məlumat verilsə də, üzərindən bir neçə gün keçməsinə baxmayaraq, qurum bunu nə təsdiq, nə də inkar edib".
E.Hüseynov onu da bildirib ki, sistein və sistin adlı maddələr çörəyin elastikliyini təmin etmək, tez xarab olmasının qarşısını almaq üçün istifadə edilir. Onun sözlərinə görə, əsasən dönərin hazırlanması üçün istifadə edilən çörəklərə bu maddənin qatılmasına şübhələr var.
Birlik sədri un istehsalında da E 920 və E 921 kodlu maddələrdən istifadə edildiyinə şübhələrin olduğunu bildirib.
Un və çörək istehsalçıları "inkar"a sadiqdirlər
Amma Azərbaycanda un və çörək istehsalçıları bu iddiaları birmənalı şəkildə rədd edir.
"Abşeron Un" Dəyirmanından Sputnik Azərbaycan-a bildiriblər ki, ölkəmizdə istehsal olunan unlara sistein qatılmır. Dəyirman bu iddiaların kökündən yalnış olduğu qənaətindədir.
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istifadə müddəti 12 saat olan çörəklərə sistein və sistin adlı maddələrin vurulması yalandır:
"Bu maddələrdən dünyanın bəzi ölkələrində çörək və bulka məhsullarının istehsalında istifadə edilir. Amma Azərbaycanda gündəlik çörək istehsal edən müəssisələrdə bu maddələrdən istifadə edilməsinə ehtiyac yoxdur. Bu maddələr xarici ölkələrdə çörəyə ona görə qatılır ki, onlarda zavod və sexlər şənbə və bazar günləri çörək istehsal etmirlər. Bu maddənin qatıldığı çörəklər daha elastik olur və gec xarab olur. Azərbaycanda isə çörək istehsal edən zavod və sexlər bazar günü də işləyir. Bayramlarda belə çörək sexləri və zavodları fəaliyyətini dayandırmır. Bizim istehsal etdiyimiz çörəyin istifadə müddəti 12 saatdır. 12 saata görə çörəyə bu maddənin vurulmasına heç ehtiyac yoxdur. Təəssüf ki, insanların ürəyinə şübhə salmaq üçün məlumatsız insanlar belə şaiyələr yayırlar".
Bununla belə həmsöhbətimiz dönərin hazırlanmasında istifadə edilən çörəklərə bu maddələrin qatılmasının mümkün olduğunu söyləyib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə yanvar ayının 19-dan göndərdiyimiz sorğuya heç bir cavab verməyib.
Xəbər lenti
0