Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

"Ölüm kamerası"nın sakinləri: Bu gün onların yenidən doğulduğu gündür - Video+Foto

© AP Photo / Matt Rourkehəbsxana
həbsxana - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Ölüm cəzası verilmiş məhkumlar onları ölümün caynağından xilas edən qərarın səbəbkarı, bu günlərdə 100 illik yubileyini qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevi rəhmətlə anır.
BAKI, 10 fevral — Sputnik. "Kameranın dəmir qapının vahiməli səsi gələn kimi, biz artıq öz ürəyimizdə həyatla vidalaşırdıq . O an "ölüm kamerası"nda olan hər məhkum öz ölüm vaxtının gəlib çatdığını düşünürdü. Çünki, nəzarətçilər hər dəfə gələndə kimisə güllələməyə aparırdılar".
Azərbaycanda ölüm hökmünün ləğvindən 25 il ötür
Zakir İbrahimov Bayıl həbsxanasında güllələnmə qorxusu içərisində məhkumluq həyatı yaşayan yüzlərlə məhkumdan biridir. O, Azərbaycanda ölüm hökmünün ləğvi ilə hər kəsin ən ali hüququ olan yaşamaq hüququnun bərpa olunduğunu bildirir. Bu gün isə Azərbaycanda ölüm cəzasının ləğvindən 25 il ötür. 1998-ci ilin fevral ayının 10-da Azərbaycanda ölüm hökmünün icrası dayandırılıb.
Ölkəmizdə ölüm hökmünün ləğvinin təşəbbüskarı Ulu Öndər Heydər Əliyevdir. Onun humanist təşəbbüsü sayəsində ölüm cəzasının icrasına moratorium qoyulub.
3 ay 12 gün "ölüm kamerası"nda hər an güllələnəcəyi günü gözləyən Zakir İbrahimov Sputnik Azərbaycan-a Heydər Əliyevin bu nəcib təşəbbüsünün neçə-neçə ölüm hökmü verilmiş məhkuma yenidən həyat bəxş etdiyini söyləyir.
Humanist qərarın təşəbbüskarı-Xilaskar!
"Mən hər zaman Heydər Əliyevin ruhuna rəhmət oxuyuram. Onun sayəsində Azərbaycanda ölüm hökmü ləğv edildi. Bu, çox humanist qərar idi. Törədilən cinayətlərə görə verilən hər cəza ədalətli olmaya bilər. Amma ölüm hökmünün geriyə dönüşü yoxdur.
1998-ci ilədək Azərbaycanda insan həyatı atılan bir imzadan asılı idi. Əgər hansısa hakim ədalətsiz qərar verib ölüm hökmünə imza atardısa, gələcəkdə o insanın cəzasız olduğunun sübuta yetirilməsi, yaxud da daha yüngül cəzaya layiq olduğunun sübut edilməsi heç nəyi dəyişmirdi. Çünki, ölüm hökmü geriyə dönüşü olmayan cəza idi".
"Ölüm kamerası"nın 22 yaşlı sakini...
Hələ 22 yaşında "namus cinayəti" üstündə barəsində ölüm cəzası kəsilmiş Zakir İbrahimov hazırda 71 yaşındadır. Həmsöhbətimiz deyir ki, ölüm cəzası alan məhkumun gözünə yuxu da getmir. Onun sözlərinə görə, Bayılda "ölüm korpusu"nda saxlanılarkən gözlərini yuman kimi, ona tuşlanan güllə gözlərinin qarşısına gəlirmiş.
© Sputnik / Zulfiyya GuluyevaZakir İbrahimov
Zakir İbrahimov - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Zakir İbrahimov
"Ölüm korpusu"nda cəza çəkən məhkumlar hamısı eyni hissi yaşayıb. Elə məhkum vardı ki, "ölüm kamerası" na düşən gecə keçirdiyi sarsıntıdan, qorxudan saçı, qaşı ağappaq ağarırdı. Mənim saçımda bir ağ tük yox idi. Üç günə saçım ağardı. Nə qədər özümə toxtaxlıq versəm də, hər an həyatla vidalaşacağımı düşünəndə adam fikir etməyə bilmirdi. Hər gün, hər saat, hər dəqiqə, hər saniyə öləcəyini gözləmək sözlə ifadə olunmayacaq hissdir. Bunu ancaq bu hissi yaşayanlar bilər. Həyat çox şirindir. Heç kəs, həyatla vidalaşmaq istəmir. Amma ölüm cəzasına məhkum edilmiş şəxs hər an onun üçün həyatın sonunun çatdığını düşünür".
"Ölüm korpusu"nun dəhşətləri
"Ölüm korpusu"nun dəhşətlərindən danışan həmsöhbətimiz yeməyin belə onlara zəncirlə bağlanmış qablarda verildiyini söyləyir:
"Adi cəzaçəkmə müəssisəsini Bayıl türməsinin 5-ci korpusu ilə müqayisə etmək gülüncdür. Hər gün səhər saat 07:00-da oyanmalıydıq. Həmin saatda çarpayılar avtomatik bir düymə ilə qatlanaraq yığışdırılırdı. Kim həmin vaxta qədər yuxudan oyandı-oyandı, yatıb qalan çarpayı qatlanan kimi yerə yıxılırdı. Kamerada dəmir oturacaq vardı. Yuxudan durduqdan sonra ancaq onun üstündə əyləşə bilərdik. Hətta yemək belə pəncərədən zəncirə bağlanmış qablarda verilirdi".
Həyatdan üzülən ümidlər, güllələnməyə aparılan məhkumlar, milyonerin atası
"Ölüm kamerası"nda saxlanıldığı müddətdə neçə-neçə məhkumun güllələnməyə aparıldığına da şahidlik edib Zakir İbrahimov. Dediyinə görə, onun yanından həmin vaxt iki nəfər güllələnmə üçün aparılıb. Onlardan biri azərbaycanlı milyoner Fərhad Əhmədovun atası Teymur Əhmədov olub.
Z.İbrahimov Teymur Əhmədovun çox mədəni, mərd insan olduğunu söyləyir. Deyir ki, güllələnməyə aparılan kamera yoldaşları ilə bir-birilərinə sarılıb sağollaşırmışlar:
""Ölüm kamera"sında hər tıkkıltı adamın ürəyini titrədir. Orada hər kəs acizanə şəkildə ölümünü gözləyirdi".
Ölüm hökmü verilmiş məhkumların Bayıl türməsində güllələndiyi barədə məlumat yayılsa da, həmsöhbətimiz bunun şayiə olduğunu söylədi. Bildirdi ki, onların harada, necə öldürüldüyü barədə heç kəs qəti fikir söyləyə bilməz:
"Ora gedən heç kəs qayıtmayıb, getməyən isə oranı görməyib. Ona görə də, kim desə ki, "belə güllələyirlər, elə öldürürlər" inanmayın. Sadəcə bildiyimiz odur ki, ölüm cəzası verilən məhkumlar güllələnmə üsulu ilə qətlə yetirilirmiş".
Zakir İbrahimov güllələnməyə aparılan məhkumların son vəsiyyəti barədə də danışdı: "Onlar deyirdilər ki, kim sağ qalsa, ailəsinə ölüm hökmünün icra edildiyi barədə məlumat versin. Onların nəşi belə ailələrinə verilmirdi".
"Həmin gün yenidən doğuldum"
Həmsöhbətimiz deyir ki, hələ məhkəmədə ona ölüm cəzası verildikdə fasilədə yenicə ailə qurduğu həyat yoldaşı ilə görüşür. Bu görüşü həmin an son vida adlandıran həmsöhbətimiz deyir ki, o, bu yolun geri dönüşü olmadığından həyat yoldaşı ilə vidalaşarkən, ona həyatda xöşbəxtlik arzulayıb:
"Biz Bakıda Tibb Universitetində təhsil alarkən bir-birimizi sevib könül vermişdik. Sevdiyim qadına, ömürlük vidalaşmaq asan deyildi. Düzdür, mən cinayət törətmişdim, amma cəzam ölüm hökmü olmalı deyildi. Bununla belə taleyim hakimin, onun kağız parçasına atdığı imzadan asılı idi".
O, həyat yoldaşından, doğmalarından əbədi ayrıldığını düşünsə də, həyat onu gözləmədiyi surprizlə qarşılaşdırır.
Həmin gecə Zakir İbrahimov yuxuda bir ağ paltarlı kişini məsciddə həyat yoldaşının onu gözlədiyini söyləyir. Yuxudan göz yaşı ilə ayılan keçmiş məhkum bunu kamera yoldaşı Teymur Əhmədova danışır. O, isə yuxunu yozaraq onun ölümdən xilas olacağını söyləyir. Yuxu yozulduğu kimi çıxır. Nəzarətçi gülə-gülə gəlib Zakir İbrahimova üzərindən ölüm hökmünün götürüldüyünü söyləyir. Müsahibimiz o anı sözlə ifadə etməyin çətin olduğunu bildirdi. Zakir İbrahimov deyir ki, ölüm hökmü ləğv edilən insan elə bil yenidən doğulur. Yenidən xəyallar qurur, həyatda yeni arzular yaranır:
"Orada məhkum paltarını dəyişib qapıdan çıxanda ölümdən xilas olduğuna inanırsan. Çünki, ölüm hökmü verilmiş şəxslərin geydiyi paltar da fərqli olur. O paltarı əynindən çıxardanda sanki kəfəni yırtıb çıxırsan. Məhkumlar "ölüm kamerası"na salındıqda verilən zolaqlı paltarı ölünün büküldüyü ağ kəfənlə müqayisə edirdilər. Bilirdik ki, burada saxlanılanların kəfəni elə bu paltardır".
Əslən Cəlilabad rayonun Abışabad kəndindən olan Z.İbrahimovun cəzası beləcə üç aydan sonra 15 illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənir. O, 14 il 5 ay 25 gün cəza çəkdikdən sonra nəhayət ki, 1984-cü ildə azadlığa qovuşur. Cəzasını bitirməyə 6 ay 5 gün qalmış amnistiyaya düşən keçmiş məhkum ömrünün qalan hissəsini Şamaxı rayonunun Cəmcəmli kəndində yaşayır. Həyat yoldaşı onu azadlığa çıxan günədək gözləyir. Hazırda birgə xoşbəxt yaşayan bu cütlük oğul-uşaq, nəvə sahibidir. O, gənclərə cinayətdən uzaq durmağı, təhsilə maraq göstərmələrini tövsiyyə edir. Ölüm hökmü verilmiş məhlkumlar onları ölümün caynağından xilas edən qərarın səbəbkarı, bu günlərdə 100 illik yubileyini qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevi isə rəhmətlə anır.
Yaşamaq hər kəsin fundamental hüququdur!
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda ölüm hökmü Heydər Əliyevin təqdimatı ilə ləğv edilib:
"Yaşamaq hər insanın ən ali hüququdur. Bu hüququ heç kəs ondan ala bilməz. Bu təbii yolla baş verməlidir. Qərarlar verilərkən məhkəmə səhv edə bilər. Ölüm hökmü isə elə bir cəza idi ki, icra olunduqdan sonra bu səhvin düzəldilməsi mümkün deyildi. İnsan həyatı isə ən böyük dəyərdir".
Ə.Nuriyev deyir ki, ölüm cəzasının ləğvi insanlara ümid verib. Təcrübə göstərir ki, cəzaların sərtliyi cinayətlərin azaldılmasına müsbət təsir etmir. Onun sözlərinə görə, birinci və ikinci dərəcəli qətllərin sayı ölüm cəzasının mövcud olduğu şəraitdə belə artıb. Ona görə də, hüquqşunaslar belə qənaətdədirlər ki, cəzaların sərtliyi qətlləri azaltmır:
"Ölüm hökmü oxunan məhkumların gələcəkdə günahsız olduğu sübuta yetirilsə belə, bu, heç nəyi dəyişmirdi. Bu isə ədalət mühakiməsinə münasibəti dəyişirdi. Ona görə də ölüm cəzasının ləğvi vacib idi".
Ə. Nuriyev qeyd etdi ki, ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi həmin məhkumlara törətdikləri cinayət əməli ilə bağlı düşünmək, islah olunmaq imkanı verir:
"Düşünürəm ki, bu, həm də ədalətli cəzalandırma üsuludur. Bundan böyük özünütərbiyə üsulu yoxdur. Ömürlük məhkumlar cəmiyyətdən ayrılsalar da, cəmiyyət onları görür, onların ömürlük azadlıqdan məhrum qalması digərlərinə də bir növ dərs olur".
Həmsöhbətimiz bildirdi ki, yaşamaq hüququ fundamental hüquqdur. Bu hüquqdan heç kəsi məhrum etmək olmaz!
Sonda qeyd edək ki, Azərbaycanda ölüm cəzası uzun müddət tətbiq olunub. 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində ölüm hökmləri icra edilib. Bundan sonra üç il ərzində ölüm hökmləri icra olunmadığı halda 1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmləri tələsik icra edilib.
Azərbaycanda bu cəzaya məhkum olunmuşlar Qobustan Qapalı Həbsxanasında cəza çəkir. Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 məhkum olub. Qeyri-rəsmi məlumatlara görə, hazırda onlardan 80 nəfərə yaxını həbsxanada cəza çəkir.
Yaşamaq hüququ
Cinayət Məcəlləsinin 57-ci maddəsinin tələbinə görə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrumetmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gəlinərsə, ömürlük azadlıqdan məhrumetmə cəzası 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə və ya o bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər.
Azərbaycan Respublikasının Konstitusiyasında isə ölüm cəzası müstəsna cəza tədbiri kimi nəzərdə tutulub. Konstitusiyanın 27-ci maddəsinin (Yaşamaq hüququ) III bəndində qeyd olunub ki, müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
Xəbər lenti
0