Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Diplomların tanınması ilə bağlı nələr dəyişib?

imtahan - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Son dəyişikliklərə görə, xaricdə təhsil alıb gəlmiş şəxslər daha təhsil aldığı dildən imtahan verməyəcək.
BAKI, 9 fevral — Sputnik. Xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişib.
Bəs görəsən, bundan sonra diplomların tanınmasında hansı qaydalar tətbiq olunacaq?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, diplomlarının tanınması qaydalarında xeyli əhəmiyyətli dəyişikliklər var. Bu, kifayət qədər müsbət dəyişiklikdir və insanların təhsil hüququnun təmin olunması geniş imkanlar yaradacaq:
"Dəyişikliyə görə, tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Yəni, xaricdə təhsil alıb gəlmiş tələbə daha təhsil aldığı dildən imtahan verməyəcək. Bu, çox yaxşı haldır. Amma əvəzində onlar bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər".
Digər dəyişiklik isə tibb ixtisasları üzrədir. Belə ki, yeni qaydaya əsasən, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. K.Əsədovun fikrincə, bu, doğru addımdır: "İndiyədək bunu Elm və Təhsil Nazirliyi yoxlayırdı. Halbuki, tibbi ixtisasın qiymətləndirilməsini Elm və Təhsil Nazirliyi yoxlaya bilməzdi".
Dəyişikliklərdən biri də budur ki, təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək: "Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu çox yaxşı dəyişiklikdir".
K.Əsədov onu da bildirib ki, xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq.
Eyni zamanda müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və ya dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı və ya magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.
Bundan əlavə, ekspert qeyd edib ki, xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək: "Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar".
Daha bir dəyişikliyə görə, tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq. Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.
Xatırladaq ki, xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı bir müddət öncə hökumətə yeni layihə təqdim edilmişdi.
Xəbər lenti
0