CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələ anında bunları bilməyiniz şərtdir - Video

© AFP 2023 / JIJI PRESSYaponoyada zəlzələnin fəsadları
Yaponoyada zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Dövlət qurumları vətəndaşları zəlzələ baş verərkən müəyyən qaydları öyrənməyə səsləyib.
BAKI, 8 fevral — Sputnik. Türkiyədə baş vermiş zəlzələ bu cür təbii fəlakət zamanı davranış qaydalarını bilməyi zəruri edib. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq zəlzələ vaxtı davranış qaydalarını təqdim edir:
Zəlzələ zamanı necə davranmalı?
Sputnik Azərbaycan-a Respublika Seysmoloji Xidmətindən bildirdilər ki, zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman ilk olaraq insanlar sakit və təmkinli olmağa çalışmalıdır. Zəlzələ zamanı özünüzü qorumaq üçün müəyyən qaydalara da əməl etmək şərtdir. Belə ki, əgər siz bina və ya torpağın silkələndiyini hiss edirsinizsə, buna əsəbi reaksiya verməyin (qorxudan qışqırmaq, başqa insanların psixologiyasına təsir edə biləcək hərəkətlər etmək və s.). Əgər qapalı yerdəsinizsə, təcili stolun və ya çarpayının altına girin. Qapılar açıqdırsa, qapıların üst dayağının altında və ya otaqların daxili küncündə durun. Unutmayın ki, titrəyişlər zamanı birinci olaraq binanın xaric divarları çat verə və ya uça bilər. Odur ki, pəncərəyə tərəf qaçmaq, pəncərənin altında dayanmaq olmaz. Həmçinin zəlzələ zamanı ağır əşyaların (soyuducu, ağır mebeller və s.) yanında durmaq olmaz. Bu əşyalar sürüşüb üstünüzə aşa bilər. Zəlzələ zamanı binadan qaçmaq, pilləkənlərdə hərəkət etmək olmaz. Bu olduqca təhlükəlidir. Pilləkənlər uçub tökülə bilər.
Zəlzələ anı çoxmərtəbəli binada davranış qaydaları...
Fövqəladə Hallar Nazirliyindən isə bildirdilər ki, əgər zəlzələ anında siz çoxmərtəbəli binada yaşayırsınızsa zəlzələ zamanı lift və pilləkənlərə tərəf qaçmayın. Qapı tiri altında və ya otağın daxili künclərdə duraraq təkanların dayanmasını gözləyin. Zəlzələ zamanı pəncərədən atılmayın. Bu, sizin zədələnməyiniz və ya ağır xəsarət almağınızla nəticələnə bilər. Zəlzələ zamanı ictimai yerdəsinizsə, insanların daha sıx olduğu yerə tərəf qaçmayın. Özünüz üçün daha təhlükəsiz yer seçin. İmkanınız varsa, azyaşlı uşaqları da təhlükəsiz yerə çəkin. Zəlzələ zamanı hündürmərtəbəli binanın qabağına qaçmayın. Zəlzələ anında ikimərtəbəli kərpic binada və ya bünövrəsi möhkəm olmayan tikilidəsinizsə, oranı təcili tərk etməyə çalışın. Unutmayın ki, zəlzələ zamanı bir necə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, axıra qədər öz təmkininizi qorumağa çalışın. Zəlzələ saniyələrlə davam edir. Titrəyişlər dayandıqdan sonra özünüzün və yaxınlığınızdakı insanların xəsarət alıb-almaması, üçqun təhlükəsinin olub-olmamasına diqqət yetirin. Yaralılar varsa ona ilk tibbi yardım göstərin. Zəlzələnin hər an baş vermə ehtimalı olduğuna görə əvvəlcədən yaşadığınız binadan və ya evdən zəlzələ zamanı ən təhlükəsiz yerlərə çıxmaq yolunu müəyyənləşdirin. Mənzilinizdə əvvəlcədən ən təhlükəsiz yerləri (künclər, qapılar və s) müəyyən edin və mebelleri düzərkən bunu nəzərə alın. Mənzildə ehtiyac olmadığı təqdirdə qaz, işıq və su xətlərini bağlayın. İmkan daxilində ağır əşyaları rəflərdə saxlamayın və kitab rəflərini divara bərkidin. İlkin tibbi yardım üçün lazım olan dərman vasitələri yığılmış çantanı hazırlıqlı saxlayın. Çarpayınızı ağır mebellərdən və iri pəncərələrdən kənarda yerləşdirin. Fövqaladə vəziyyətlərdə kömək çağırmaq üçün lazımı dövlət qurumlarının telefonlarını kitabçanıza əvvəlcədən yazın.
Zəlzələ sizi küçədə haqlayıbsa nə etməli?
Qeyd edək ki, zəlzələ qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir. Zəlzələ zamanı avtomobildəsinizsə, avtomobilinizi mümkün qədər körpülərin, hündür mərtəbəli binaların qarşısında saxlamayın. Əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın. Bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çəkilin. Əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin.
Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa...
Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa müəyyən qaydalara əməl etmək şərtdir. Belə ki, bu an təşvişə düşməmək lazımdır. Ehtiyac varsa, özünüzə ilkin yardım göstərməyə çalışın. Əgər özünüzü və ətrafdakıları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bunun üçün ən az qüvvə tələb edən üsulu seçin. Qüvvə və bacarığınıza tam əmin deyilsinizsə, xilasediciləri gözləyin! Maşın və texnikanın səsi kəsilibsə, demək, xilasedicilər "sükut anı" elan edib. Bu sükutdan istifadə edib qışqıraraq, ətrafdakı əşyaları ehmalca döyəcləyin. Mobil telefonla yerinizi bildirməyə çalışın.
Zəlzələ zamanı təhlükəsizlik tədbirləri görməklə özünüzü təhlükədən qoruya bilərsiniz.
Bununla bağlı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən hazırlanmış video materialla aşağıdakı linkdən tanış ola bilərsiniz.
Xəbər lenti
0