Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Türkiyədə zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışı aparılır - Səfir

© AP Photo / Mustafa KaraliTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Azərbaycan vətəndaşlarının təxliyəsi üçün 5 avtobus bu gün Türkiyədən yola düşəcək.
BAKI, 8 fevral — Sputnik. "Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların axtarışı davam edir. Hazırda 25 nəfər axtarışdadır. Bu o demək deyil ki, onların başlarına nəsə iş gəlib. Bəlkə də telefonlarını itiriblər, yaxud da telefonlarının enerjisi bitib".
Bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.
"Nəzərə almaq lazımdır ki, zəlzələ səbəbindən 4 hava limanı fəaliyyət göstərə bilmir. Hətta Bakıdan gələn humanitar yardımı belə qəbul edə bilmirik. Ona görə də quru yolla təxliyəni həyata keçirə bilirik. Onlar azərbaycanlıların təxliyə edildiyi avtobuslarda yemək və isti içkilərlə təmin olunurlar", - diplomat bildirib.
O bildirib ki, Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın yaxınları ilə əlaqə saxlanılıb. Artıq cənazənin göndərilməsi ilə bağlı işlər aparılır: "Nailə Bünyatovanın nəşi Ankaraya gətiriləcək və Azərbaycan Hava Yolları ilə ölkəyə göndəriləcək".
O bildirib ki, qərargahımız işlədiyi üçün yeni zənglər daxil olur və bu məlumatlar yenilənir:

"Harada ki, vətəndaşımız azdır, onların yaxın vilayətdəki avtobusa gəlmələrinə şərait yaradırıq. Harada vətənşımız çoxdursa, ora avtobus göndəririk. Ümumilikdə 201 nəfər artıq göndərilib. Amma sərhədə çatana kimi bu say arta bilər. Çünki yoldan da vətəndaşlarımızı götürürük. Bu gün də 5 avtobusumuz vətəndaşları toplamağa başlayacaq və Azərbaycan istiqamətinə yola düşəcəklər".

Səfir Malatyada itkin olan 4 tələbəmizin axtarışlarının da davam etdirildiyini bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49133 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Xəbər lenti
0