SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfirliyimizə hücumun hədəfi qurbanlar deyil, sağ qalanlardır - millət vəkili

© AFP 2024Azərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Elman Nəsirov qeyd edib ki, Azərbaycan tərəfi bu xain hücuma görə və terror aktı ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırıb
BAKI, 7 fevral — Sputnik. Cari ilin yanvarın 27-də Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə xain terror hücumu edildi. Hücum nəticəsində Azərbaycan səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu, iki əməkdaş, Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri aldılar.
İran tərəfi hadisədən az müddət keçsə də, bu terror hücumunu məişət müstəvisinə endirməyə cəhd etdi, ancaq səfirliyin müşahidə kameralarına düşən görüntülərdə hücumun planlı şəkildə törədilməsinə heç bir şübhə qalmadı. Fevralın 6-da Azərbaycan XİN terror hücumu ilə bağlı təfərrüatları mətbuata açıqladı. Bildirildi ki, terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, "Colt" tipli tapança, "Molotov kokteyli", ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.
Bəs Azərbaycan səfirliyinə hücumla bağlı hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov Sputnik Azərbaycan-a fikirlərini bölüşdü.
Millət vəkili bildirib ki, bir daha məlum oldu ki, İran polisi və xüsusi xidmət orqanları bu terror hücumuna biganə yanaşıb və kənar müşahidəçi kimi prosesləri izləyiblər və bu, təsadüfən olmur: "Belə bir hücumun olacağı ilə bağlı İran təhlükəsizlik qüvvələrinin xəbərsiz olması inandırıcı deyil. Terror aktının baş verdiyi bir saata yaxın müddət ərzində terrorçu öz cinayətini başa çatdırmaq üçün cəhdlər edib. Şəhərin mərkəzində bir terrorçunun bu cür davranışına heç bir reaksiya olmayıb. Bu, hadisələrin məqsədyönlü şəkildə baş verdiyini sübut edir. Bu da cinayət əməlinin arxasında İranın xüsusi xidmət orqanlarının, təhlükəsizlik qüvvələrinin və İran rəhbərliyinin dayanmasına şübhə doğurmur".
"Bu, Azərbaycana qarşı törədilmiş terror aktıdır. Tələbimiz ondan ibarətdir ki, cinayətkar və cinayətkarlar cəzalandırılsın. Bu cinayətin baş verməsinə şərait yaradan İran xüsusi xidmət orqanlarının və təhlükəsizlik qüvvələrinin məsul şəxsləri məsuliyyətə cəlb edilməlidir. İran Azərbaycana üzrxahlıq etməlidir. Biz bütün bunları gözləyirik", - deyə millət vəkili vurğulayıb.
Elman Nəsirov qeyd edib ki, Azərbaycan tərəfi bu xain hücuma görə və terror aktı ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırıb: "Dünyanın ayrı-ayrı yerlərindən, beynəlxalq təşkilatlardan bu terror aktını pisləyən bəyanatlar səsləndirilir. Amma bu məsələyə sadəcə baş verib bitmiş terror aktı kimi və sadəcə onu törədəni səhnədə saxlamaqla qiymət vermək yetərsizdir. Burada gözə görünən həmin hücumu törədən terrorçudur. Ancaq beynəlxalq terror əməlində həm təşkilatçılar, həm icraçılar, qurbanlar və sağ qalmış insanlar olur. Beynəlxalq terror əməlinin bütün digər cinayətlərdən fərqi odur ki, birincinin və ikincinin, yəni təşkilatçılar və icraçıların hədəfi qurbanlar deyil, sağ qalanlardır".
İran tərəfinin mesajı
"Yəni, əslində bu terror əməlini törətməklə İran hakimiyyəti Azərbaycan dövlətinə, dövlətçiliyinə, iqtidarına, Azərbaycan xalqına qarşı bir təhdid ismarıcını göndərir, ölkəmizə olan düşmən münasibətini ifadə edir. Burada açıq və gizli mesajlar var. Bunlar Azərbaycan-Ermənistan münasibətlərinə aid məsələlərlə bağlıdır. İran Ermənistanın ərazi bütövlüyü məsələsini özü üçün qırmızı xətt elan edib, Zəngəzur dəhlizinin tam əleyhinədir, Azərbaycan-İsrail münasibətlərinin inkişafını süngü ilə qarşılayır. Bütün bunlar ona gətirib çıxarır ki, Azərbaycan İranın davranışına əsasən özünün sərt tutumunu sərgiləyir. İran bir daha belə halların baş verməyəcəyinə öhdəlik götürəcəyi, üzrxahlıq edəcəyi, cinayətkarları cəzalandıracağı təqdirdə Azərbaycanın İrana münasibəti bir fazada ola bilər. Bunlar yerinə yetirilmədiyi təqdirdə isə münasibətlərimiz yeni məna və məzmun kəsb edə bilər. Buna görə də bütün məsuliyyət İranın üzərinə düşəcək".
"İran bu gün dünyada sanksiyalar altında təcrid olunmuş dövlətdir. Belə vəziyyətdə qonşu Azərbaycanla münasibətləri bu şəkildə korlamaq İranın öz milli dövlətçilik maraqlarına arxadan vurulan zərbədir", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0