Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pensiyaların artması üçün qanuna dəyişiklik edilir - Əlavə maliyyə mənbəyi yaradılacaq

© Sputnik / Elvin AhmadƏlində manatlar tutmuş yaşlı qadın
Əlində manatlar tutmuş yaşlı qadın - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Deputat "Sosial sığorta haqqında" qanuna dəyişiklikləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, yeni investisiya strategiyası birmənalı şəkildə vətəndaşların pensiya kapitalının eləcə də pensiyalarının artırılmasına xüsusi dəstək olacaq.
BAKI, 8 fevral — Sputnik. Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönləndirilməsinin hüquqi əsasları yaradılır. Bununla bağlı "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilir. İnvestisiyaya yönəldilən sərbəst vəsait Mərkəzi Bankda açılmış hesaba toplanacaq və onların uçotu ayrıca aparılacaq. Sərbəst vəsaitin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydası müəyyən ediləcək.
Maraqlıdır, bəs Fondun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi pensiyaların və pensiya kapitalının artmasına təsir edəcəkmi?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bu məsələni Sputnik Azərbaycan-a şərh edib.
Deputat yeni dəyişikliyin pensiya kapitalının daha səmərəli istifadə edilməsinə imkan yaradacağını söyləyib. O bildirib ki, söhbət sərbəst qalığın investisiya edilməsindən gedir: "Dövlət Sosial Müdafiə Fondu tərəfindən xərclərin optimallaşdırılması və gəlir mənbələrinin genişləndirilməsi növbəti illərdə Fondda sərbəst vəsaitlərin toplanmasına imkan verəcək. Yeni dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həmin vəsaitləri investisiya etmək imkanı verəcək. Artıq investisiya istiqamətləri də müəyyən edilib və az riskli istiqamətlərə vəsaitlərin yönləndirilməsi nəzərdə tutulub. Nəticədə bu, imkan verəcək ki, həmin vəsaitlər investisiya edilərək daha çox gəlir əldə edilsin".
Risklərin idarəedilməsi üçün vəsaitlər Mərkəzi Bankda saxlanılacaq
Deputat diqqətə çatdırıb ki, risklərin sığortalanması, idarəedilməsi investisiya qoyuluşlarında əsas istiqamətlərdəndir. Xüsusən risklərin idarəedilməsi üçün hesab, vəsaitlər Mərkəzi Bankda saxlanılacaq. Bu da risklərin qorunması baxımından çox vacibdir. Digər tərəfdən investisiya istiqamətləri daha az riskli sahələrdir. Bu da vəsait investisiya edilən zaman risklərin minimumlaşdırılmasına imkan verəcək.
Pensiyadakı artımlar üçün əlavə vəsait formalaşdırılacaq
Onun sözlərinə görə, yeni qaydalar imkan verəcək ki, Dövlət Sosial Müdafiə Fondu yalnız yığımlardan və ya dövlət büdcəsindən deyil, eyni zamanda vəsaiti sərmayə edərək gəlir əldə edə bilsin. Bu, pensiya kapitalının artırılması və pensiya məbləğlərinin artırılması baxımından vacibdir. Bu addım Fonda eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə imkan verəcək ki, növbəti illərdə minimum pensiyadakı artımlar üçün əlavə vəsait, baza formalaşdırsın.
Deputat bunun pensiya məbləğlərinin artırılması baxımından yeni mənbə olduğunu dilə gətirib. Onun fikrincə, bu, xüsusən də minimum pensiya alan vətəndaşların növbəti illərdə də pensiyalarında artımların müşahidə edilməsi üçün əlavə maliyyə mənbəyidir.
Pensiya islahatları sistemində yeni mərhələ
"Yeni investisiya strategiyası bir mənalı şəkildə vətəndaşların pensiya kapitalının eləcə də pensiyalarının artırılmasına xüsusi dəstək olacaq. Bu, pensiya islahatları sistemində yeni bir mərhələ kimi qiymətləndirilir", - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi"nin 3.2.11-ci yarımbəndinə əsasən, sosial sığorta haqları üzrə sərbəst vəsaitin yerləşdirilməsi ilə bağlı investisiya fəaliyyətindən gəlir əldə etmək Fondun hüququdur. Bunu nəzərə alaraq, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə həmin fəaliyyətin hüquqi əsaslarının müəyyən edilməsi üçün "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi zərurəti yaranıb.
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik mahiyyətcə eynidir. Layihələrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönləndirilməsinin hüquqi əsaslarının yaradılması təklif olunub.
Fondlar üçün əlavə gəlir mənbələri yaranacaq
Komitə sədri bildirib ki, dəyişikliklər fondların investisiya fəaliyyətinin təşkili, onların sərbəst vəsaitlərinin formalaşdırılması və o vəsaitlərdən optimal şəkildə istifadə edilməsi, maliyyə dayanıqlığının artırılması, yarana biləcək risklərin idarə olunması, sosial ödənişlərin davamlılığının təmin edilməsi kimi məqsədlər daşıyır. Bildirilib ki, fondların sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi nəticəsində bu vəsaitlərin dəyəri qorunub saxlanılacaq və fondlar üçün əlavə gəlir mənbələri yaranacaq.
Dəyişikliklər gələcək nəsillərin sosial müdafiəsinin təmin edilməsinə yönəlib
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, son zamanlar həm sosial sığorta haqlarının, həm də işsizlikdən sığorta haqlarının yığılmasında inzibatçılıq xeyli təkmilləşdirilib, eyni zamanda, digər sosial proqramların icrası da keyfiyyətcə yaxşılaşdırılıb və sözügedən fondların sərbəst qalan vəsaitlərindən gələcək nəsillər üçün, bu fondların maliyyə dayanıqlığının artırılması üçün istifadə oluna bilər. Nazir müavini bunu ölkədə şəffaflığın və hesabatlılığın artırılması, eyni zamanda ölkənin iqtisadi gücünün, qüdrətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatların əyani sübutu kimi dəyərləndirib. Anar Əliyev təklif olunan dəyişikliklərin gələcək nəsillərin sosial müdafiəsinin təmin edilməsinə yönəlik olduğunu vurğulayıb.
Komitə sədri Musa Quliyev və nazir müavini Anar Əliyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər. Bildirilib ki, həm İşsizlikdən Sığorta Fondunun həm də Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin optimal şəkildə idarə olunması ilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşmasına, onların pensiyalarının və müavinətlərinin artırılmasına, eyni zamanda məşğulluq tədbirlərinin daha geniş və səmərəli şəkildə həyata keçirilməsinə əlavə imkanlar yaranacaq.
Müzakirələrdən sonra qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0