CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehdiabadda narkotik satanlara qarşı əməliyyatlar keçirilib - VİDEO

© AFP 2023 / RODGER BOSCHNarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
BAKI, 8 fevral — Sputnik. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Asəf Məmədov və Abbas Qafarov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu şəxslərdən ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə marixuana aşkar edilib. Onların Mehdiabad və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduqları müəyyən edilib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Polisə əvvəllər məhkum olunmuş Elbəyi Əmirovda odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 4 ədəd patron, həmin silaha məxsus daraq və narkotik vasitə heroin aşkar edilib.
Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, dünən Hökməlidə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib, daha 4 nəfər saxlanılıb.
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Cəbrayılov və Nazim Abbasov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Hər iki şəxsin narkotik vasitələri əvvəllər məhkum olunmuş Hökməli qəsəbəsində yaşayan Fəqani Qeybullayevdən aldıqları müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin aşkar edilib. Fəqani Qeybullayev ifadəsində bir müddət əvvəl "Baba" adlı İran vətəndaşı ilə tanış olduğunu daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifi ilə razılaşdığını bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Hikmət Burcəliyev də saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0