Dünya çoxdan dəyişib, Azərbaycan kitabxanaları isə sovet dövründə yaşamağa davam edir
© Sputnik / Ilham MustafayevMərkəzləşdirilmiş Kitabxana Sistemi, arxiv şəkli
© Sputnik / Ilham Mustafayev
Abunə olmaq
Bu gün ölkəmiz müəyyən sahələrdə dünya ölkələri ilə ayaqlaşa bilsə də kitabxana sahəsində geridə qalıb desək, heç də yanılmarıq. Mirzə Ələkbər Sabirin təbili ilə desək, Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz.
BAKI, 6 fevral — Sputnik. İnsan daima nəsə öyrənməyə, nədənsə xəbər tutmağa can atır. Tarix boyu informasiyanın növündən asılı olaraq onun əldə edilməsi və digərinə çatdırılması vasitələri də müxtəlif olub, elm və texnikanın inkişafı ilə dəyişərək getdikcə təkmilləşib. Bu gün ölkəmiz müəyyən sahələrdə dünya ölkələri ilə ayaqlaşa bilsə də kitabxana sahəsində geridə qalıb desək, heç də yanılmarıq. Mirzə Ələkbər Sabirin təbirincə desək, "Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsi üzrə bitirmiş Ləman Hacıyeva bildirir ki, elmi iş yazdığı dönəmlərdə ona lazım olan materialları tapmaq üçün aylarla kitabxanalarda vaxt sərf edib:
"Mənim elmi işimin mövzusu "Azərbaycanın qadın rejissorları" idi. Həmin mövzu da yeni idi, kifayət qədər araşdırılmamışdı. Bunun üçün mən iki il ərzində aylarla kitabxanları gəzmək məcburiyyətində idim. Günlərlə, saatlarla ölkənin ən böyük kitabxanasında - Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında olurdum. Öncə sifariş verirdik, daha sonra oranın əməkdaşları sənə lazım olan materialları gətirirdi. Mən ali təhsilimi 2017-ci ildə bitirmişəm. Düşünürdüm ki, o vaxtdan nələrsə dəyişə bilər. Amma görünən odur ki, hələ də "köhnə hamam, köhnə tasdır".
Jurnalist Nigar İsgəndərova da barəsində danışdığımız problemlə qarşılaşıb:
"Ötən il türkiyəli həmkarım 90-cı illər Azərbaycan mediasında Qarabağ probleminin necə işıqlandırılmasına dair elmi araşdırma aparırdı. Həmkarım Türkiyədə yaşadığına görə burada kitabxanaya gələ bilmirdi. O istədi ki, onlayn şəkildə Axundov adına kitabxananın arxivinə daxil olub araşdırma aparsın, amma mümkün olmadı. Məndən xahiş etdi, mən getdim kitabxanadan materialları götürdüm".
Bakı Dövlət Universitetinin magistr pilləsini bitirən Elvira Babayeva da bəhs etdiyimiz problemlə qarşılaşdığını söyləyir:
"Mən informatika sahəsi üzrə magistr təhsili alanda lazım olan materialları tapa bilmirdim. Bu çox da uzaq tarix deyil, 3-4 il öncə olub. İşlədiyimə görə kitabxanaları gəzməyə vaxtım olmurdu. Çünki, elmi işimi işdən sonra yazırdım. Həmin vaxt dadıma xarici müəlliflərin məqalələri çatırdı. Onda kitab fondu hələ elektronlaşmamışdı. Sonralar elektronlaşdırıldığını eşitsəm də, baxdım ki, istifadə qaydası qəlizdir".
Bəs görəsən, dünyanın ən çox inkişaf etmiş ölkəsində bu sahədə vəziyyət necədir?
Hazırda dünya üzrə reytinq siyahısında 137-ci yerdə dayanan Kanadanın Ottava Universitetində (University of Ottawa) Coğrafiya (İstiqamət: Kanada Elmləri) ixtisası üzrə doktorantura təhsili alan Ayşən Məmmədzadə statistika və data analitikası üzrə biliklərini də təkmilləşdirir və bunun üçün paralel olaraq dünya üzrə reytinq siyahısında 1-ci yerdə dayanan Massaçusets Texnologiya İnstitutunda (MIT) mikro-magistratura proqramında təhsil alır.
A.Məmmədzadə Kanadadakı kitabxanalar və elektron resurslardan istifadəsindən bəhs edib:
"Burada kitabxanalardan yalnız kitabları deyil, musiqiləri, filmləri və hətta musiqi alətlərini də müəyyən müddət üçün əldə etmək mümkündür. Düzdür, Azərbaycanda yaşayarkən kitabları yükləməklə bağlı AMEA-nın, BDU-nun və Azərbaycan Milli Kitabxanasının elektron sistemlərində bir çox çətinliklərim olurdu. Əksər resurslar sistemdə görünsə də, ya onları yükləmək mümkün olmurdu, ya da hər hansı digər çətinliklər ortaya çıxırdı".
Kanadada təhsil alan tələbənin fikrincə, kitabların elektronlaşdırılması ilə kifayət qədər onlayn alətlər və süni intellekt üsulları olduğu halda, rəqəmsallaşmaya keçid dövründə gənclərimiz özləri də araşdırma prosesinə çox da meylli deyillər. Onun sözlərinə görə, əslində sadə, ilk araşdırma da elə məhz buradan başlayır:
"Yeddi ildən çoxdur ki, rəhbəri olduğum Global Translations MMC və ExpeRise MMC-də bu üzrə müəyyən zaman aralıqlarında təlimlər keçirik. Xüsusilə də tədqiqat istiqamətli magistratura və doktortantura təhsili almaq istəyən tələbələr üçün daha effektiv olduğunu düşünürəm. Çünki, ilk olaraq kitabxanalardakı resursların elektronlaşdırılmasına deyil, məhz təhsil müəssisələrində hətta bakalavriat pilləsindən başlayaraq akademik yazı bacarıqlarını artırmaq istiqamətli dərslərin, təlimlərin və seminar/vebinarların daha çox artırılmasına fokuslanmalıyıq. İstər Sinqapurda mübadilə proqramında, istərsə də Kanadada hazırda doktorantura proqramında təhsil alarkən və ABŞ-da mikro-magistratura dərəcəsi üzrə təhsilimi davam etdirərkən, heç bir zaman elektron kitabları, rəqəmsal jurnalları, filmləri və musiqiləri yükləməkdə çətinlik yaşamamışam".
Müsahibimizin sözlərinə görə, istənilən kitabxana filialında kompüterləri ödənişsiz şəkildə rezerv etmək mümkün olduğu üçün məlumat əldə etmək baxımından heç bir zaman çatışmazlıq yaranmır:
"Bu sistem Azərbaycanda da peşəkar şəkildə idarə olunur, zənnimcə. Xüsusilə də Bakı Amerika Mərkəzini istinad gətirə bilərəm. Şəxsi istifadə edəcəyim kompüterim olmadığı üçün tələbəlik illərimin çoxu məhz o zallarda keçib. Onu da qeyd edim ki, bu, təkcə tələbələr üçün deyil. Demək olar ki, Kanadadakı bütün kitabxanalarda muzeylərə ödənişsiz daxil olmaq üçün Muzey və İncəsənət Kartları mövcuddur. Rəqəmsal İnnovasiya Mərkəzləri vasitəsilə isə istənilən növ texnologiyadan çox rahatlıqla istifadə etmək mümkündür".
Məsələ ilə bağlı Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxana ilə də əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, istifadəçilər kitabxanaya gəlmədən Milli Kitabxananın rəsmi saytına ( http://www.millikitabxana.az/ ) daxil olaraq aşağıdakı xidmətlərdən yararlana bilərlər:
E-kataloq və kitabxana bölməsinə daxil olaraq nəşrlərin elektron variantlarını "Onlayn oxumaq üçün" düyməsi vasitəsilə oxuya bilərlər. Burada həmçinin müəllifin rəsmi ərizəsi ilə icazə verilən elektron nəşrləri "pdf versiyasını endir" düyməsi ilə yükləyə bilərlər.
İstifadəçilər saytın "E-dövri mətbuat" bölməsinə daxil olaraq dövri mətbuatın hazırlanmış elektron versiyalarından yararlana bilərlər.
Elektron versiyası olmayan nəşrlərdən yararlanmaq üçün isə saytın "Onlayn xidmətlər" bölməsinin "Sənədlərin sifarişi və elektron çatdırılması" alt bölməsinə daxil olaraq müvafiq xanaları doldurmaqla sifariş edə bilərlər.
Saytın "E-məlumat bazası" bölməsinə daxil olaraq aktual mövzular və görkəmli şəxslər haqqında toplanmış elektron məlumatlar toplusundan yararlanmaq mümkündür.
Layihələr bölməsinə daxil olaraq audio kitablar, virtual sərgi, "musiqi kitabxanası" layihəsi və s. istifadəçilərin onlayn istifadəsinə verilib.