CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketlərdə polietilen torba satışı - Alıcının cibinə niyə girirlər?

© © Kimberly White/Getty Images/AFPpolietilen
polietilen - Sputnik Azərbaycan, 1920, 05.02.2023
Abunə olmaq
Əlaqə saxladığımız supermarketlərdən bildirdilər ki, hələki qalınlığı 15-20 mikron olan torbaların satışına başlanılması barədə qərar verilməyib.
BAKI, 5 fevral — Sputnik. Ölkədə marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola bilər.
Sputnik Azərbaycan "Qafqazinfo"a istinadən məlumat verir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Bu məhsullardan istifadə və satış qadağan edilsə də, məhəl qoyulmur
Qeyd edək ki, 2021-ci ilin yanvar ayının 1-dən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ("pinqvin"), habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Bu, "Ətraf mühitin mühafizəsi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda öz əksini tapıb. Həmin qanuna görə, müddəaların polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi yer alıb.
Bu qərardan sonra "pinqvin" adlanan polietilen torbalar iri ticarət obyektlərindən yığışdırılsa da, topdan satış mağazalarında satılır. Eləcə də kiçik ərzaq məhsulları mağazalarında satılan qidaların qablaşdırılmasında istifadə edilir. Hətta iaşə obyektləri onlayn sifarişlərdə də birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablardan, qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlardan istifadə edirlər.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məhsulların ticarət və iaşə obyektlərində istifadəsi, satışına nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) səlahiyyətində deyil. Həmsöhbətimiz bildirib ki, bu qərardan sonra bu tulantıların ətraf mühitə mənfi təsiri xeyli azalıb.
Qalınlığı 15-20 mikron olan torbaların satışı ekologiyaya necə təsir edəcək?
R. Səttarzadə qeyd edib ki, ölkədə plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq, alternativ məhsulları təşviq etmək üçün bəzii plastik qablaşdırma məhsullarının dövriyyəsinin mərhələli şəkildə azaldılması üçün tədbirlər görülür. Onun sözlərinə görə, beynəlxalq təcrübə də isbatlayır ki, belə tədbirlərin görülməsi ətraf mühitə mənfi təsirləri azaldır:
"Bu kompleks tədbirlərdən biridir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2021-ci ilin iyul ayından ictimai iaşə, ticarət obyektlərində, xidmət sektorunda istehlakçılar üçün malların daşınmasında istifadə edilən qalınlığı 15-20 mikron olan torbaların istehlakçılara ayrı məhsul kimi təqdim olunması təsbit olunub. Amma indiyədək bu qərarda qeyd olunan məsələ öz həllini tapmayıb. Müvafiq qurumlar iri ticarət şəbəkələrində maarifləndirmə tədbirləri aparılıb. Artıq bunun nəticəsi olaraq nəzərdə tutulan qərarın həyata keçirilməsinə başlanılacaq. Qalınlığı 15-20 mikron olan torbaların satışına konkret hansı tarixdən başlanılacağı, satış qiymətinin neçəyə olacağı bizə aid olan məsələ deyil".
Nazir müşaviri əlavə edib ki, bu tədbirlərin həyata keçirlməsi plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasında müvafiq hədəflərə nail olmaq imkanı verəcək.
"Çünki, biz şahidi olmuşuq ki, bir müddət bundan əvvəl, daha yüngül, təkrar emala yararsız olan 15 mikrona qədər polietilen torbaların istifadəsi, istehsalının qadağan olunması bu tulantıların ətraf mühitə mənfi təsirini azaldıb", - deyə Rasim Səttarzadə vurğulayıb.
İri marketlər hələ qərar verməyib
"Araz" marketlər şəbəkəsinin "Qaynar xətt"indən bildiriblər ki, qalınlığı 15-20 mikron olan torbaların satışına nə vaxt başlanılacağı barədə hələki bir qərar yoxdur. Əlaqə saxladığımız digər iri supermarketlərdən də bildirdilər ki, hələki qalınlığı 15-20 mikron olan torbaların satışına başlanılması barədə qərar verilməyib.
Bəzi marketlərdən isə bunun fevralın 15-dən sonra tətbiq ediləcəyini bildirdilər.
Dövlət Xidməti tələbə əməl etməyən sahibkarları cərimələyəcək!
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.
"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır.
İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər.
"Ətraf mühitin mühafizəsi haqqında" Qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qeyd olunan məhsulların ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçılara satılması və ya verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir", - deyə Dövlət Xidməti bildirib.
Dövlət Xidmətindən həmçinin bildirilib ki, Vergi Məcəlləsinə əsasən, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN, çekin vurulmasının tarixi və saatı, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti, yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği), ödənişin forması, üsulu və digər məlumatlar göstərilməlidir. Qeyd olunan tələblərin pozulmasına görə Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyası nəzərdə tutulur.
Xəbər lenti
0