Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Görkəmli bəstəkarımızın doğum günüdür

© Sputnik / РахильDahi Azərbaycan bəstəkarı Qara Qarayev (1918-1982).
Dahi Azərbaycan bəstəkarı Qara Qarayev (1918-1982). - Sputnik Azərbaycan, 1920, 05.02.2023
Abunə olmaq
Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub.
BAKI, 5 fevral - Sputnik. Bu gün dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, akademik Qara Qarayevin doğum günüdür. Yaratdığı sənət əsərləri ilə bu gün də xalqın ürəyində olan bəstəkar yaşasaydı, bu gün 105 yaşı tamam olardı.
O, Azərbaycan musiqisini elə inkişaf mərhələsinə yüksəldib ki, milli gerçəklik hüdudlarından çox-çox kənara çıxa bilib. Böyük Üzeyir Hacıbəylidən dərs almış dünya şöhrətli bəstəkarın əsərləri dünya mədəniyyətinin incilərindən sayılır.
Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib.
© Sputnik / Oleg Ignatovich / Mediabanka keçidAzərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayev 1977-ci ildə
Азербайджанский композитор, народный артист СССР Гара Гараев в 1977 году - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayev 1977-ci ildə
O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnmişdi. Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi.
Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb.
Qara Qarayev 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunub, 1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçılıb. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub, 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib.
1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib. Dünyaya səs salan balet Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr edib.
Fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının, “Könül mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir.
© Photo : Public DomenAzərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayev
Гара Гараев - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayev
Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazıb. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb.
“Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.
Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Qara Qarayevin ən məşhur əsərləri
Operaları: “Vətən” “Zəriflik” Baletləri: “Yeddi gözəl” “İldırımlı yollarla”
Vokal-simfonik əsərləri: “Könül nəğməsi”, kantata “Səadət nəğməsi”, kantata
Kamera vokal əsərləri: Fortepiano və səs üçün Puşkinin şerlərinə romanslar
Orkestr üçün əsərləri: “Leyli və Məcnun”, simfonik poeması “Yeddi gözəl”, Simfonik suitası “Don Kixot”, Simfonik qravürləri
Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun. İllər keçəcək, qərinələr dolanacaq, dahi Azərbaycan bəstəkarı Q.Qarayev musiqisinin zəngin xəzinəsi insanların ilham mənbəyi olaraq yaşayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0