CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədsiz evlərə necə çıxarış almaq olar?Dövlət qurumu açıqladı

© Depositphotos.com / _ella_Скрепленные канцелярским зажимом документы
Скрепленные канцелярским зажимом документы - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələr tərəfindən vətəndaşlara verilən torpaq sənədlərinə dair tələblərin nələrdən ibarət olduğunu açıqlayıb.
BAKI, 1 fevral — Sputnik. Ötən il ərzində Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bu xəbər illərdir evinə sənəd ala bilməyən şəxslərdə ümid yaradıb.
Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin departament rəhbəri Lalə Əkbərova mətbuata açıqlamasında bildirib ki, çıxarış əldə etmək üçün vətəndaşların təqdim etdiyi bütün sənədlər qanuni olmalıdır. Onun sözlərinə görə, bəzən vətəndaşlar ya qanunda nəzərdə tutulmamış, ya da forma və məzmuna uyğun olmayan sənədlər təqdim edir. Ona görə də belə müraciətlərdən imtina edilir.
Qurum rəsmisi onun da deyib ki, bələdiyyələr tərəfindən vətəndaşlara qanunmüvafiq qaydada tərtib edilmiş sənədlər təqdim edildikdə müraciət edən şəxslərin mülkiyyət üzərində hüquqları təmin edilir.
Sputnik Azərbaycan bələdiyyə tərəfindən vətəndaşlara verilən torpaq sənədlərinə dair tələblərin nələrdən ibarət olduğunu, hərracla satılmayan torpaqların üzərində inşa edilmiş evlərə sənəd verilib-verilmədiyini araşdırıb.
Torpağın sənədlərinə dair hansı tələblər var?
Sputnik Azərbaycan-ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğuya cavabda bildirilib ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı, sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir.
Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.
Hərracla satılmayan torpaqlarda tikilən evlərə də çıxarış almaq olar!
Hərracla satılmayan torpaqların üzərində inşa edilmiş evlərə sənədlərin verilməsinin hansı halda mümkünlüyünə gəlincə, Dövlət Xidmətindən bildirilib ki, 2007-ci il 1 dekabra qədər bələdiyyə mülkiyyətində olan torpaq sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə hərrac keçirilmədən, bilavasitə verilirdi.
Həmin tarixə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qəbul edilmiş qərar, alqı-satqı aktı əsasında həyata keçirilirdi. 2007-ci il 1 dekabr tarixindən sonra isə bələdiyyə mülkiyyətində olan torpaq sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə bir qayda olaraq hərrac vasitəsilə ayrılır. Lakin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunda bələdiyyə torpaqlarının bilavasitə (hərracdan kənar) ayrılmasını nəzərdə tutan bir neçə istisna hal müəyyən edilib. Bunlar aşağıdakılardır:
Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması;
"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda;
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi zamanı.
Bələdiyyələr tərəfindən verilmiş torpaqların dövlət reyestrində qeydiyyatı dayandırılıb
Dövlət Xidmətindən onu da bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" 30 dekabr 2016-cı il tarixli, 1184 nömrəli Fərmanına əsasən, bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələri üzərində hüquqların qeydiyyatı müvəqqəti dayandırılıb. Bu səbəbdən hazırda Bakı şəhəri ərazisində bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət reyestrində ilkin qeydiyyatı həyata keçirilmir.
Qeyd edək ki, Bakıda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı ölkə rəhbərinin tapşırığından 10 il keçir. 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. 2015-ci il yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə fərman imzalanıb.
Nazirlər Kabinetinin (NK) 2020-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.
Xəbər lenti
0