CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Efirdə reklam olunan həkimlərə müraciət etməyin, onları cəmiyyətə sırıyırlar"

© AFP 2023 / HANNAH MCKAYHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev deyir ki, telekanalların efirində reklam olunan həkimlər ağızlarına gələni danışırlar və sağlamlığımıza ciddi təhdiddirlər.
BAKI, 29 yanvar — Sputnik. Bü günlərdə telekanallarda həkimlərin reklamı ilə bağlı yayılan məlumat ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətlərini araşdırıb. Araşdırma zamanı həkimlərin telekanallarda "dodaq uçuqladan" məbləğə reklam olunduqları üzə çıxıb.
ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında həkimlərin reklam qiyməti ƏDV-siz 16-18 min manatdır. ATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir. ARB kanalında Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində sponsor qiyməti 17-20 min manatdır.
"Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min manata başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Muz TV-də yayımlanan "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. Həkimlərin həftədə 1-2 dəfə efirdə görünməsi isə 3 min- 3 min 500 manatdır.
İctimaiyyət nümayəndələri özəl klinikalarda həkimlərin qəbulunun yüksək qiymətə olmasının əsas səbəblərindən birinin məhz telekanallara reklam üçün fantastik məbləğ ödəmələri ilə əlaqələndiriblər. Həkimlərin reklamının ödənilən pula görə aparılması əhalinin sağlamlığı baxımından da təhdid doğurur. Belə ki, efirə çıxardılan həkimlərin aparıcı tərəfindən peşəkar kimi təqdim olunmasının xərci sən demə ayrı imiş. Bunun üçün aparıcılar həkimlərdən əlavə pul alırmış.
"Yaxşı həkim heç vaxt özünü pulla reklam etməz"
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, efirlərdə həkimlərin reklamı biabırçılıqdır. Bəzən efirlərdə naşı həkimlər də pul xətrinə reklam edilir:
"Mən deyərdim ki, efirlərdə alver gedir. Reklam üçün efirə çıxan həkimləri "nömrə 1", "ən peşəkar həkim" adı altında cəmiyyətə sırayırlar. Dünyanın heç bir yerində həkimlər belə əcaib reklam üsuluna əl atmırlar".
N.Quliyev bildirib ki, professional həkim heç vaxt özünü pulla reklam etməz:
"Bu tibb adına biabırçılıqdır, mən buna həddindən artıq pis baxıram. Həkim hər hansı xəstəlikdən danışa, onun müalicə prosesindən çəkiliş edə bilərlər. Amma onları efirə çıxardıb pul xətrinə reklam eləmək insanların sağlamlığına da təhdiddir. Çünki, o həkimlərin çoxu efirdə ağzına gələni danışırlar. İnsanlar isə onlara inanırlar. Savadsız, tibbi biliyi olmayan insanlar da onlara inanıb qəbullarına axın edirlər. Nəticədə zərbə onların sağlamlığına dəyir".
Qanunla qadağandırmı?
Azərbaycan Respublikası Audiovizual Şurasının hüquq şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, həkimlərin efirdə reklamına qanunvericiliklə məhdudiyyətlər yoxdur. Şöbədən verilən məlumata görə, bu məsələ "Reklam haqqında" qanunun 29-cu maddəsi ilə tənzimlənir: "Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı" ilə bağlı maddədə qeyd edilib ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Buraya donor orqanların reklamı da aiddir. Həmçinin kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir".
Göründüyü kimi qanunvericilik həkimlərin efirlərdə reklamını qadağan etmir.
Etik qaydalar gözlənilməlidir!
Teletənqidçi, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkimlərin reklamı etik qaydalar əsasında aparılmalıdır.
"Həkimləri fərqləndirərək daha yaxşı həkim kimi təqdim etmək düzgün deyil. Amma tibb müəssisələrinin hər hansı verlişə sponsorluq etməsində, eləcə də həkimlərin pul qarşılığında efirə çıxardılaraq reklam edilməsində qanunsuzluq yoxdur", - deyə professor bildirib.
Xəbər lenti
0