Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda dializ xəstələrinin sayı niyə artır? İlginc səbəb açıqlandı

© Sputnik / Yuriy Lashov / Mediabanka keçidDializ xəstəsi
Dializ xəstəsi - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
İlham Həmidov COVID-19 virusunun belə xəstələrin statistikasının böyüməsinə səbəb olduğunu bildirib.
BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda ötən il dializ xəstələrinin sayı 13 % artıb. Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahımqızı komitənin yanvarın 25-də keçirilən iclasında deyib. O, bildirib ki, bu məsələni araşdırmaq lazımdır: "Çünki 13 % kiçik rəqəm deyil".
COVID-19 dializ xəstələrinin də sayını artırıb
Sputnik Azərbaycan dializ xəstələrinin sayında artımın səbəblərini araşdırıb. M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri, tibb elmləri doktoru İlham Həmidov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dializ xəstələrinin sayının artmasının əsas səbəblərindən biri COVID-19 virusunun fəsadlarıdır. COVID-19 virusuna yoluxan xəstələrin böyrəklərin fəaliyyətində, eləcə də diabet xəstələrində ağırlaşmalar olur:
"Koronavirus şəkərli diabetin həddindən artıq ağırlaşmasına, gətirib çıxardır. Bu isə böyrəklərin fəaliyyətinin pozulmasına səbəb olur".
Erkən dializə qoşulma artıb
İ.Həmidovun sözlərinə görə, hazırda diaqnostik laborator müayinələrin müasirliyi imkan verir ki, bu xəstəlik erkən aşkar edilsin. Dializdən asılı xəstələrin sayının artmasının bir səbəbi də budur:
"Əvvəllər xəstələr ağır mərhələdə gəlirdilər. İndi isə erkən dializə qoşulma artır. İllər öncə xəstələr qanda kreatin 700-800 olduqda dializə müraciət edirdilər. Son illər isə qanda kreatin 400-500 olduqda onlar dializə qoşulurlar. Bu da dializə qoşulan xəstələrin statistikasında artıma səbəb olur".
Nə qədər xəstə dializə qoşuludur?
Şöbə müdiri bildirib ki, hazırda 3700-dən çox xəstə dövlət vəsaiti hesabına hemodializ müalicəsi qəbul edir. Bakıda 9, regionlarda isə 45 hemodializ mərkəzi fəaliyyət göstərir. Xəstələr həftədə iki, üç dəfə dializ aparatına qoşularaq müalicə alırlar:
"Dializ mərkəzinin nefroloqu xəstələrə müalicə proqramı seçir. Həmin müalicə proqramına əsasən, xəstələr həftədə iki, üç dəfə dializ aparatına qoşulurlar".
Xəstəlik yaşı cavanlaşır
Müsahibimiz bildirib ki, hazırda böyrək xəstələrinin çoxu 30-45 yaş arası insanlardır. Xroniki böyrək çatışmazlığı xəstəliyi hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır:
"Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəliklər, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar xroniki böyrək çatışmazlığının baş verməsinə səbəb olur".
Yoxlamalar isə əksini göstərir
Aidiyyatı qurumlar dializə qoşulmuş xəstələrin sayının artdığını açıqlasa da, ötən ilin noyabr ayında Hesablama Palatası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) apardığı audit yoxlaması zamanı bəzi tibb müəssisələrində hemodializ şöbəsinin fəaliyyətə başlamadığını üzə çıxmışdı. Fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurub.
Həmçinin qeyd edilib ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib.
Ümumilikdə, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməyib. Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərib, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub.
İxtisaslı kadrların hazırlanması ilə bağlı tədbirlərin qurumlar arasında uzlaşdırılmaması kadrların sayının tələb olunan saydan az olması, eləcə də nefrologiya ixtisası üzrə rezidentura təhsilini bitirən mütəxəssislərin təyinatları zamanı hemodializ şöbələrindəki kadr çatışmazlığının nəzərə alınmaması bir sıra hemodializ şöbələrinin fəaliyyətsiz qalması və 01.01.2022-ci il tarixə hemodializ şöbələrində həkim-nefroloq ştatlarının 29,1%-nin vakant olması ilə nəticələnib. Qeyd edək ki, audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib və 09.03.2022-ci il tarixindən 01.06.2022-ci il tarixinədək aparılıb.
Xəbər lenti
0