CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hansı avtomobillər 50 manat rüsum ödəyəcək? Yeni rüsum qiymətləri bahalaşdıracaq

© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Natiq Cəfərli bildirib ki, Azərbaycanda yollarla bağlı vergi və rüsumların artırılmasına ehtiyac yoxdur, çünki, yollar, körpülər dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkilir.
BAKI, 27 yanvar — Sputnik. Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 24-də keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanunda dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsi ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləğini müəyyən edir. Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunun müəyyən edilməsi nəzərdə tutulur.
Bahalaşma olacaq, yoxsa yox?
Bəs görəsən yeni qərar iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri ilə daşınan yüklərin qiymətini bahalaşdırmayacaq ki? Ümumiyyətlə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün rüsumun müəyyən edilməsi hansı zərurətdən irəli gəldi?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizin yükdaşımada tranzit ölkəyə çevrilməsi müəyyən yenilikləri gündəmə gətirir. Bunlardan da biri iriqabaritli və ağır çəkili yük avtomobilləri ilə bağlı yeni qərarların qəbul edilməsidir. Ekspertin sözlərinə görə, yerli daşımalarla yanaşı beynəlxalq daşımalarda da bu cür qaydalar tətbiq olunur.
E. Muradlı bildirib ki, illər öncə sürücülər avtomobillərini texniki baxışdan keçirdikdə həm də yol vergisi ödəyirdilər. Sonradan bu qayda ləğv olundu. İndi isə ancaq iriqabaritli və ağır çəkili yük avtomobilləri üçün bu rüsum tətbiq olunacaq.
Ekspertin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yük avtomobilləri ilə bağlı müəyyən rüsumlar var. Azərbaycanda da ona görə bu tətbiq edilir: "Çünki, hazırda yük avtomobilləri ilə ağır çəkili yüklərin daşınmasına ölkədaxilində təlabat artıb. Bu həm də işğaldan azad edilmiş ərazilərdə sürətlə yol infrastrukturunun, bərpa işlərinin aparılması ilə bağlıdır. Orada çoxlu sayda tikinti şirkətləri çalışır. Onların çoxu özəl şirkətlər olduğundan bu rüsumları ödəmək gücündədirlər".
E. Muradlı bildirib ki, rüsumların tətbiq olunması zamanı ədalətli yanaşma olmalıdır: "Məmurların, nazirlərin himayəsində olan daşıma şirkətlərinə və tikinti şirkətlərinə göz yummaq olmaz. Hər bir şirkət bu rüsumu ödəməlidir ki, ədalət prinsipi pozulmasın".
Rüsumun necə tətbiq olunmasının qiymətlərə təsiri
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün rüsumun müəyyən edilməsi daşınan yüklərin qiymətini artıracaq. İqtisadçının sözlərinə görə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri ilə daha çox tikinti materialları daşınır. O, bildirib ki, bu materialların qiymətində rüsumdan sonra artımın olacağı qaçılmazdır. Bununla belə iqtisadçı hesab edir ki, bu daha çox rüsumun necə tətbiq olunacağından asılıdır: "Əgər rüsum hər reysə görə ödənilsə, daşınma xərcləri əhəmiyyətli dərəcədə artacaq".
N. Cəfərli deyib ki, ümumilikdə rüsumların artımı qiymətlərə təsir göstərir. O, yeni qərarın bəzi kənd təsərrüfatı məhsullarının qiymətinə də təsirsiz ötüşməyəcəyini bildirib.
İqtisadçı söyləyib ki, Azərbaycanda yollarla bağlı vergi və rüsumların artırılmasına ehtiyac yoxdur. Çünki, yollar, körpülər dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkilir. Büdcə isə vətəndaşların ödədiyi vergilərdən formalaşır. Hətta yolların saxlanılması belə büdcə vəsaiti hesabına təmin edilir. Bu zaman əlavə rüsumun tətbiqi düzgün deyil: "Biz bunu hökumətə irad tutsaq, hökumət nümayəndələri deyəcək ki, xarici ölkələrdə də bu tətbiq edilir. Amma xarici ölkələrdə yolların hamısı büdcə vəsaiti hesabına inşa edilmir. Bu işə özəl şirkətlər cəlb edilir. Onlar yolların tikilməsində iştirak edirlər. Yolların inşası üçün qoyduqları sərmayəni pullu yollar hesabına geri götürürlər. Ona görə də indiki halda ölkəmizdə bu rüsumun tətbiq edilməsinə ehtiyac duyulmurdu".
"Sözün düzü, hazırki şəraitdə bunun məntiqi izahını görmürəm", - deyə Natiq Cəfərli bildirib.
Rəsmi qurumların izahatı
O ki, qaldı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün 50 manat rüsumun necə ödəniləcəyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazə hər daşıma üçün əvvəlcədən alınmalı, sürücüdə və ya yükü müşayiət edən şəxsdə olmalıdır. İcazələrin verilməsi üçün hər hansı rüsum tələb olunmur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)-dan isə hələlik onlarda rüsumun tətbiq olunacağı barədə informasiya olmadığını bildirdilər.
Məlumat üçün bildirək ki, avtomobil yolları ilə iri qabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı "Avtomobil nəqliyyatı" və Dövlət rüsumu haqqında qanunlara təklif olunan təklif olunan dəyişiklikdə əksini tapıb. Mümkün sui-istifadə hallarının istisna edilməsi məqsədilə xüsusi icazənin verilməsi üçün dövlət rüsumu, həmçinin iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət (Daxili İşlər Nazirliyi (DİN)) və mühafizə (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) avtomobili ilə müşayiəti, eləcə də marşrutun müəyyən edilməsi üçün xidmət haqqı müəyyən ediləcək.
Xəbər lenti
0