Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kreditin gecikdirilməsinə görə cərimələr azaldılır - Yeni qayda gəlir

© AFP 2023 / MYCHELE DANIAUKredit
Kredit - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Ekspertin sözlərinə görə, cərimə faizləri banklara görə dəyişir. Hər gecikmiş günə görə 0,1 faiz, 0,5 faiz və s. cərimə faizləri yazılır.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur. Bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir.
Bu addım vətəndaşların xeyrinədirmi? İstehlakçıların hüquqlarının qorunmasına xidmət edəcəkmi?
Məsələni bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a şərh edib.
Mülki Məcəllənin borc fəslinə dəyişikliklər edilir
O bildirib ki, Mülki Məcəllənin borc fəslinə dəyişikliklər edilir: "O cümlədən istehlakçıların, yəni vətəndaşların hüquqlarının müdafiəsinə dair də müddəalar var. Böyük ehtimalla bu, 2014-cü ildə mən və alman professor Peter Krebsin hazırlayıb Prezident Administrasiyasına təqdim etdiyimiz qanun layihəsidir. İndi ola bilər bu, tam həmin qanun layihəsi deyil, dəyişdirilib. Lakin həmin qanun layihəsi üzərində 2014-cü ildən iş gedirdi".
Banklar illik 5 faizdən artıq cərimə faizi yaza bilməyəcək.
Ekspert diqqətə çatdırıb ki, banklar kredit müqaviləsində yazır ki, əgər kredit ödəməyi gecikdirsən, faizlərdən əlavə hər bir gecikmə gününə görə də cərimə faizi (dəbbə) gəlir: "Cərimə faizləri banklara görə dəyişir. Məsələn, hər gecikmiş günə görə 0,1 faiz, 0,5 faiz və s. cərimə faizləri yazılır. Hər bir bank cərimə faizini necə istəyir, elə də yazır. İndi Mülki Məcəlləyə edilən dəyişikliyə görə bu cərimə məbləği məhdudlaşdırılır. Dəyişikliyə görə, kredit müqaviləsində bank illik 5 faizdən çox cərimə nəzərdə tuta bilməz. Əgər dəyişiklik qəbul edilsə, banklar illik 5 faizdən artıq cərimə faizi yaza bilməyəcək. Məsələn, bank hər gecikmiş günə görə 0,1 faiz cərimə yazanda bu, illik 36,5 faiz edir. İndi isə bank illik 5 faizdən artıq cərimə yaza bilməyəcək".
Məhkəmələr əksər hallarda bu cərimə faizlərini azaldır
"Ədalət naminə deyək ki, məhkəmələr əksər hallarda kredit gecikməsi ilə bağlı işlərə baxanda bu cərimə faizlərini azaldır. Məsələn, vətəndaşın banka 10 min manat əsas borcu varsa, min manat faiz, 5 min manat da cərimə faizi gəlibsə, məhkəmələr bu 5 min manat cəriməni xeyli azaldır. Başqa sözlə, məhkəmələr onsuz da bankların yüksək cərimə faizini tanımır, amma bəzi məhkəmələr isə tanıyır. Bu baxımdan təklif edilən dəyişiklik borcalan vətəndaşların xeyrinədir", - deyə ekspert əlavə edib.
Komitə sədri Əli Hüseynli sənədin istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edəcəyini bildirib
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Əli Hüseynli Mülki Məcəllədə dəyişiklik edilməsi barədə fikirlərini açıqlayaraq, təklif olunan düzəlişlərin əhəmiyyətli olduğunu, sənədin istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edəcəyini bildirib.

Qanun layihəsini iclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib. Diqqətə çatdırılıb ki, layihədə kredit müqaviləsi üzrə illik faiz dərəcəsinin hesablanması, öhdəliyin təminatının itirilməsi və yaxud dəyərinin azalmasının hüquqi nəticələri, borc vaxtından əvvəl ödənildikdə borcverənin zərərin əvəzinin ödənilməsi üçün kompensasiya tələb etməsi, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlərin hesablanma qaydası və sair məsələlər tənzimlənir.

Komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Azay Quliyev, Bəhruz Məhərrəmov sənədin vətəndaşların maraqlarının qorunması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Mülki Məcəllədə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xatırladaq ki, Mülki Məcəlləyə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Xəbər lenti
0