CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borc verənlər faiz alacaq - Dəyişikliklər borcverənə başqa hansı üstünlük qazandıracaq

© Sputnik / Murad OrujovКупюра номиналом в 200 AZN, фото из архива
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.01.2023
Abunə olmaq
Vəkil bildirir ki, qarşı tərəf alığı borcun faizini ödəməzsə, bu zaman şəxs iddia qaldıra bilər ki, borc olaraq verdiyi pulu depozitə qoysa idi, illik 10 faiz xeyir götürə bilərdi.
BAKI, 21 yanvar — Sputnik. Bundan sonra borcverənin müqavilə ilə faiz almaq hüququ tanınacaq. Artıq borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətlər konseptual olaraq təkmilləşdirilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, hazırda borc müqaviləsinin predmeti pul məbləği olduğu halda o, kredit müqaviləsi hesab olunur. Təklif olunan dəyişikliyə əsasən, bu tələb aradan qaldırılır. Bu isə pul vəsaitləri ilə bağlı borc müqavilələrinin tanınmasına, habelə müqavilə üzrə tərəflər arasında yaranacaq mübahisələrin hüquqi müstəvidə çözülməsinə və hüquqi qiymət vermənin səmərəliliyinin artmasına son nəticədə hüquqların daha etibarlı qorunmasına imkan verəcək. Eyni zamanda borcverənin borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququnun tanınması da təmin ediləcək.
Vəkil Türkel Süleymanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu dəyişikliklərin olması çox gözəl bir təşəbbüsdür: "Çünki qanunda bunadək müəyyən çaşqınlıqlar var idi. Kredit təşkilatları verilən borcla kreditin fərqini qarışdırırdılar. Məntiqlə götürdükdə, borc fiziki şəxslər arasındadır, kredit isə hüquqi şəxslə fiziki şəxs, yaxud da, hüquqi şəxslər arasında bağlanan müqavilədir. Borc kommersiya xarakterli ola da bilər, olmaya da bilər".
Bu dəyişiklikərlə nələr tənzimlənəcək?
Ekspert bildirir ki, sırf borc məsələsinə gəldikdə, bəzən vətəndaşların sui-istifadə etdiklərini, müəyyən borc alıb sonradan qaytarmaması, sonradan şantaj etməsi ilə bağlı problemlər müşahidə edilib: "Əslində borcverənin pulu faizlə vermək haqqı var. Çünki pul da maddi əmlak hesab oluna bilər. Yəni, kimsə pulu, kimsə də şokoladı ilə alver edə bilər. Heç kəsin öhdəliyi yoxdur ki. mütləq kiməsə borc versin".
"Tərəflər arasında faizlə bağlı razılıq varsa, borcalan bunu ödəməlidir. Lakin bunadək etiraf edək ki, bəzi məsələlər tam aydın olmurdu", - deyə o əlavə edib.
O bildirir ki, qarşı tərəf alığı borcun faizini ödəməzsə, bu zaman şəxs iddia qaldıra bilər ki, borc olaraq verdiyi pulu depozitə qoysa idi, illik 10 faiz xeyir götürə bilərdi.
Vəkil belə hesab edir ki, əsasən 3 min manatdan yuxarı vəsaitlər üçün müqavilə imzalanmalıdır.
Görünən mənzərə nədir, vətəndaşlar bu müqaviləni imzalayırlarmı?
T.Süleymqanlı deyir ki, bəzi vətəndaşların beynində "şizofrenik" təfəkkür var: "Bir tərəfdən şəxs böyük miqdarda vəsait verir və buna görə hansısa kağız imzalamır ki, tanışıq və s. Lakin qarşı tərəf vəsaiti qaytarmayanda onu söymək, ağzına gələni demək artıq eyib hesab edilmir. Biz bəzən görürük ki, hətta çox yüksək məbləğlərə - 70-100 min manata görə də tərəflər arasında müqavilə bağlanmır".
"Dəyişikliklərdən sonra vətəndaşın izahına ehtiyac olmayacaq ki, verdiyi puldan əlavə faizi nə üçün istəyir. Ümumilikdə isə, yeniliklər, ümumilikdə borc müqaviləsinin bağlanması borcverənin xeyrinədir. Təsəvvü edin, bunun üçün borcverənin sadəcə olaraq yarım saatı itmiş olacaq. Əks təqdirdə isə şəxsin ayları, illəri itmiş olacaq. Bu həm də əlavə bir əsəb gərginliyidir", - deyə o əlavə edib.
Ümumiyyətlə, vəkil belə hesab edir ki, bu dəyişiklik bir çox nüansları dəqiqləşdirəcək: "Bəzən borcverən məbləği yalandan artırır, bəzən də borcalan məbləği bilərəkdən azaldır. Bunadək məhkəmənin qərarını hansısa tərəf xoş qarşılamaya bilərdi. Lakin bundan sonra artıq hər şey müavilədə göstərildikdə tərəflərin nəyləsə razılaşmamaq üçün bir imkanları da qalmayacaq".
Haqqını tələb etmək üçün şəxs özü müraciət etməlidir.
Bu dəyişikliklərdə başqa hansı nüanslar əksini tapmalıdır?
T.Süleymanlı qeyd edir ki, burada ssuda məsələsi də əksini tapmalıdır: "Ssuda şirkətlər arasında, təşkilatın struktur bölmələri, yaxud da işlədiyi şirkətlə vətəndaş arasında olan, faiz olmadan borcun verilməsidir. Lakin bu dəyişiklilərdə onunla bağlı bir bənd görmədim. Yəqin ki, buna da bir aydınlıq gətirərlər".
"Ssuda məsələsi yaddan çıxmasa yaxşı olar. Borc, kredit və ssuda ayrı-ayrıdır. Düşünürəm ki, vəsait qaytarılmadığı halda da burada qarşı tərəfin borc alandan əlavə faiz tələb etmək hüququ yaranmalıdır. Lakin qeyd edim ki, ssuda ilə bağlı müqabilədə öncədən faiz tələb etmək olmaz", - o əlavə edib.
Qeyd edək ki, Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin məbləği və hesablanma qaydası tərəflərin razılaşma qaydası ilə müəyyən ediləcək. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa, müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin faizin və məbləğin hesablanma qaydası və müddəti qanunla tənzimlənəcək. Faizlər yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə aid olunacaq.
Bankın və digər kredit təşkilatının borc (kredit) verməsilə digər şəxslərin borc verməsi differensasiya olunur. Belə ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi bank və digər kredit təşkilatları tərəfindən həyata keçirilə bilər. Bununla da borc müqaviləsinin bir növüolaraq kredit müqviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq, kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs (bank və ya digər kredit təşkilatı) ola bilər. Kredit müqaviləsi mahiyyətcə borc müqaviləsi olduğundan borc müqaviləsi haqqında müddəalar kredit müqaviləsinə də şamil ediləcək.
Xəbər lenti
0