Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ən çox bahalaşan ərzaqlar hansılardır? Cədvəl və qiymətlər

kassa - Sputnik Azərbaycan, 1920, 21.01.2023
Abunə olmaq
Ötən ay ərzaqlar içərisində tərəvəzlər bahalaşmada lider olub. Dekabrda ölkədə illik ərzaq inflyasiyası 19 faiz olub.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda ərzaqların bahalaşması davam edib. Son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 19 faiz qalxıb. Dekabrda isə aylıq müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,7 faiz bahalaşıb.
Ərzaqlar içərisində bahalaşmada tərəvəzlər liderdir
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay ərzaqlar içərisində ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti aylıq müqayisədə 7,8 faiz yüksəlib. Məsələn, ötən ay Zirə pomidorunun topdansatış qiyməti aylıq müqayisədə 45,7 faiz artaraq 2,55 manat olub. Melit xiyarın topdansatış qiyməti 1,9 dəfə artaraq 3,60 manat olub.
İkinci ən çox bahalaşma yumurtada qeydə alınıb. Belə ki, ötən ay yumurtanın qiyməti 2,5 faiz artıb. Dekabrda toyuq yumurtasının topdansatış qiyməti təxminən 14 qəpikdən 16 qəpiyə qalxıb.
Meyvələr ilk üçlükdə
Üçüncü ən çox bahalaşma meyvələrdə müşahidə edilib. Aylıq müqayisədə 2,1 faiz artım baş verib. Məsələn, Kardinal üzümün topdansatış qiyməti 2,7 dəfə artaraq 2,40 manat, Ağsu narının topdansatış qiyməti 66,7 faiz artaraq 0,75 manat, Fuji almasının topdansatış qiyməti 46,7 faiz artaraq 1,10 manat olub.
Keçən ay balıq və balıq məhsulları 1,4 faiz, çay, qəhvə və kakao 1,2 faiz, süd və süd məhsulları 0,8 faiz, ət və ət məhsulları, kərə və bitki yağları 0,2 faiz qalxıb.
İnflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır
Mərkəzi Bankın məlumatına görə, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. Bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin artması ilə izah edilir. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır. İnflyasiyanın hədəf çərçivəsində idarə edilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaq. Qəbul edilmiş strategiyaya uyğun olaraq ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmaqla inflyasiya təzyiqlərinin yumşaldılmasına da təsir etməlidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən portağalın, naringinin, limonun, xurmanın, kivinin, kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dövlət Xidməti sahibkarlara müraciət edib
Xatırladaq ki, dekabrın sonunda bayramqabağı əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib.
Bildirilib ki, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır.
Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.
İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması, eləcə də digər qanun pozuntusu halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (office@competition.gov.az) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Xəbər lenti
0