Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fərdi sahibkarların sosial sığorta haqları qalxıb – Nə qədər ödəyəcəklər?

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
Deputatın fikrincə, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur.
BAKI, 18 yanvar - Sputnik. Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əməkhaqqının artması ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqları da qalxıb. "Sosial sığorta haqqında" qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.
Ötən il Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 150 manat, digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar isə aylıq 75 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirdi.
2023-cü ildən isə ödənişlər tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 172.5 manata, digər sahələrdə çalışan fiziki şəxslər üçün isə 86.25 manata qaldırılıb. Başqa sözlə, bu ildən tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı 22.5 manat, digər sahələrdə çalışan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı isə 11.25 manat artıb.
Qeyd edək ki, "Sosial sığorta haqqında" qanuna görə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; digər şəhərlərdə 80 faizi; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; kənd yerlərində 50 faizi miqdarında.
Deputat Vüqar Bayramov bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqların məbləği minimum əməkhaqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əməkhaqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verib.
"Sahibkarlar üçün diferensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğundur"
Onun fikrincə, əhalinin sosial təminatının daha da gücləndirilməsi üçün minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq, sahibkarlar üçün diferensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Nəticədə minimum əməkhaqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artım müşahidə oluna bilər.
Yeni sosial sığorta haqları
Deputat bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini də təqdim edib.
Bakı şəhəri üzrə:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 172.5 manat
Digər sahələrdə çalışan sahibkarlar - 86.25 manat
Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 155.25 manat
Digər sahələrdə çalışan sahibkarlar - 77.62 manat
Digər şəhərlərdə çalışanlar üçün:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 138.0 manat
Digər sahələrdə çalışan sahibkarlar - 69.0 manat
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 103.5 manat
Digər sahələrdə çalışan sahibkarlar - 51.75 manat
Kənd yerlərində:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 86.25
Digər sahələrdə çalışan sahibkarlar - 43.12 manat.
Xatırladaq ki, vaxtilə millət vəkili Tahir Mirkişili məsələ ilə bağlı demişdi ki, fərdi sahibkarların icbari sosial sığorta ödənişlərinin minimum əməkhaqqına bağlanması əslində sahibkarlar üçün daha az sosial ödənişlər etməyə imkan verir: "Minimum əməkhaqqının artırılması ölkədə iqtisadi aktivliyi artırır, fərdi sahibkarların da gəlirləri artır. Həmçinin, sosial ödənişlərin daha çox olması fərdi sahibkarların da gələcəkdə daha yaxşı pensiya təminatı ilə təmin olunmasına imkan yaradır".
Xəbər lenti
0