SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıdan "Human Rights Watch"a etiraz: bunu inkar etmək mümkün deyil

Bakı - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Xəbərlərə abunə olun
НовостиTelegram
Zahid Oruc bildirib ki, Laçın-Xankəndi yolundakı dinc aksiyaları insan haqlarının təmin edilməsi yönündə dəyərləndirmək lazımdır.
BAKI, 18 yanvar — Sputnik. "Təəssüf olsun ki, "Human Rights Watch"la Azərbaycan arasında konfrontasiya hüquq müstəvisini aşıb və illərdir ki, siyasi xarakter daşıyır. Yalnız Vətən müharibəsi dövründə həmin təşkilatın təmsilçilərinin müharibədən xeyli uzaq məsafədə yerləşən Gəncə, Bərdə və digər yerlərlə bağlı iki hesabatını çıxsaq, münasibətlər sovetlər dövründəki ideoloji qarşıdurmaları xatırladır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan qətiyyən belə bir qarşıdurmada maraqlı deyil və ölkəmiz istərdi ki, insan haqları üzrə ixtisaslaşmış beynəlxalq "Human Rights Watch", "Amnesty International", "Freedom House" və s. kimi qurumlarla normal münasibətlərdə olsun: "Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı yönündə görülən fundamental işlər, xüsusən də Vətən müharibəsindəki qələbədən sonra bir milyona yaxın köçkünün geri dönüşü üçün öz haqlarını əldə etməsi, doğulduqları torpaqlarda yaşamaq hüquqlarını gerçəkləşdirməsi mühüm bir hadisədir. Dövlət orqanları tərəfindən görülən digər fəaliyyətlər də bu siyahıya əlavə oluna bilər. Amma hansısa sahələrdə problemli məqamlar varsa, onu da dövlət orqanları ilə əməkdaşlıq müstəvisində aradan qaldırmaq mümkün olardı".
Zahid Oruc bildirib ki, Laçın-Xankəndi yolundakı dinc aksiyaları insan haqlarının təmin edilməsi yönündə dəyərləndirmək lazımdır: "Çünki həmin aksiyalar torpaqlarımızın qanunsuz istismarına, ekoloji cinayətlərə qarşıdır. Məgər "Human Rights Watch"un üzərinə götürdüyü bəşəri ideyalar bu tezis və prinsiplərdən kənardadır?! Avropa İnsan Haqları Konvensiyasının əsas tezislərinin müddəalarının nə dərəcədə icra olunduğunu həmin təşkilat təsbit edir. Onlar ölkədə hakimiyyət əleyhinə dinc yürüşlərin olmamasına görə ölkəni ittiham edirdilər. Sual olunur ki, məgər bu gün Laçın yolunda aksiya keçirən vətəndaşlarımız konstitusion hüquqlarını gerçəkləşdirmirlərmi? Avropa Konvensiyasından kənar addımlar atırlar? Orada etnik erməni olan Azərbaycan vətəndaşlarına hər hansı fiziki zorakılıq halları baş veribmi? Qətiyyən! Belə bir şey yoxdur".
Onun sözlərinə görə, sülhməramlıların nəzarətindəki ərazilərdən göstərilən kadrlardakı boş piştaxtalar, mağazalar bəlli dairələrin ənənəvi kursudur: "Rusiya sülhməramlı kontingentinin kolon maşınları kimi etnik erməni vətəndaşlarımız da oradan sərbəst şəkildə keçə bilərlər. Belə çıxır ki, "Human Rights Watch" həmin ərazilərə qanunsuz silah daşınmasına, terrorçuların gəlməsinə, müxtəlif erməni oliqarxlarının 30 il ərzində Azərbaycan ərazilərini sümürməsinə və onların beynəlxalq korrupsiya xərcləmələrinə yaşıl işıq üçün himayə naminə belə addımlar atır, eləmi? Bu, açıq-aşkar ortadadır. Bunu inkar etmək artıq mümkün deyil. Faktiki belə beynəlxalq qurumların verdikləri açıq-aşkar qərəzli, insan haqlarını və millətlərin hüquqlarını tapdalayan mövqeyindən bu ortaya çıxır. Bizim bu cür rəyləri belə təsbit etməyə haqqımız çatır. Onlar sanki Azərbaycanın bütövlüyü əleyhinə olan separatçı dairələrin tərəfindədirlər".
O qeyd edib ki, belə beynəlxalq qurumlar qeyri-obyektiv davranışlarını dayandırmalıdırlar: "Biz onları dəvət edirik ki, gəlib həmin aksiyaların getdiyi yolu, oradakı hərəkəti müşahidə etsinlər. Bu həmin yoldur ki, otuz ildir silah daşınırdı, indi Azərbaycan orada iki kilometrlik alternativ yol çəkib. Bu sülh yoludur, əmin-amanlıq yoludur. Azərbaycan bunu Zəngəzur dəhlizi boyunca inkişaf etdirməkdə maraqlıdır. Sabah da Zəngəzur üçün eyni hesabat qəbul edəcəklər? Buna da şübhə etmirəm. Hesab edirəm ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri kimi mənim bu etiraz mövqeyim onların daxildə qərəzli məlumat verən dairələri tərəfindən fiksasiya olunacaq və nəzərə alınacaqdır".
Xatırladaq ki, "Human Rights Watch" 2022-ci il üzrə hesabatında Ermənistan və Azərbaycan arasında artıq həll edilmiş hərbi münaqişəni hələ də həll olunmamış münaqişə kimi qeyd edib. O cümlədən, təşkilatın hesabatında birtərəfli xarakter daşıyan məlumatlarda obyektivlikdən uzaq məqamlar öz əksini tapıb.
Xəbər lenti
0