CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya müstəqil və dinamik inkişaf edən sistemə çevrilib - Nazir

© AR Ministry of Labour and Social Protection of the PopulationSahil Babayev
Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
Sahil Babayevin sözlərinə görə, son 5 ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketi icra olunub.
BAKI, 17 yanvar — Sputnik. "Pensiya sistemində aparılan və aparılacaq islahatlarda beynəlxalq layihələrin, eləcə də "Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2" tvinninq layihəsinin böyük önəmi olacaq. Bizim Avropa İttifaqı ilə sosial sahələrdə geniş əməkdaşlıq layihələrimiz var".
Bunu əmək və sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2" Avropa İttifaqının tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, 7 tvinninq və texniki dəstək layihəsi həyata keçirilib, hazırda 2 layihə davam edir, 2 layihənin "yol xəritəsi" hazırdır:
"Ümumilikdə 12 böyük layihə icra olunur ki, onun böyük əksəriyyəti tvinninq layihələridir. Bu əməkdaşlıq layihələri əlillərin hüquqlarının müdafiəsi, sosial müavinət sahələrini əhatə edir".
Sahil Babayev qeyd edib ki, Azərbaycan sosial dövlətdir və ölkədə sosial sahənin inkişafına hər zaman xüsusi diqqət yetirilir:
"Son beş ildə 4 sosial islahat həyata keçirilib. Minimum pensiya artıq 280 manata çatdırılıb, orta pensiya iki dəfədən çox artıb. Pensiyaların əlçatımlığı üçün sosial sığorta amnistiyası həyata keçirilirdi və bu il də onun müddəti 3 il daha da uzadılıb. Yaşa görə pensiyaların 80 faizi artıq proaktiv qaydada, elektron formada aparılır. Dövlətin pensiya sistemi müstəqil və dinamik inkişaf edən sistemə çevrilib".
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Yeni Sərəncama əsasən, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Xəbər lenti
0