CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan Dəmir Yolları"nda sərnişin daşımaları necə artıb?

© Sputnik / Anar MustafayevStadler qatarı
Stadler qatarı - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Ötən il daşınmış sərnişinlərin 5 milyon 8 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir.
BAKI, 16 yanvar — Sputnik. 2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC (AYD) 5 milyon 136 min sərnişin daşıyıb.
Səhmdar cəmiyyətin məlumatına görə, bu, 2021-ci illə müqayisədə 84% çoxdur.
Ötən il daşınmış sərnişinlərin 5 milyon 8 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir.
"İl ərzində Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb. 2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub", - deyə qurum bəyan edib.
Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyasından əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 875 729 sərnişin daşınıb.
2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC (AYD) 18,7 milyon ton yük daşıyıb. Bu, 2021-ci illə müqayisədə 24,7% çoxdur.
Yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.
Ötən il daşınmış yüklərin 7,5 milyon tonu tranzit daşımaları olub. Bu isə əvvəlki ilə nisbətən 63% çoxdur.
"Tranzit daşımaları sahəsində regionun aparıcı tərəfdaşına çevrilməyi qarşısına hədəf qoyan ADY 2022-ci ildə bu sahədə dönüş nöqtəsi yarada bilib. Belə ki, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artaraq 2,9 milyon ton olub. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90 % artım qeydə alınıb.Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil edib", - deyə qurum bəyan edib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) aldığı 10 ədəd FLIRT tipli sərnişin qatarlarının 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılır.
"Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək", - deyə qurum bəyan edib.
Xəbər lenti
0