Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ömrünün payızında milli kinomuzun ən məşhur simasına çevrilən aktyor

© Photo : AZƏRTACXalq artisti Qurban İsmayılov
Xalq artisti Qurban İsmayılov - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
Ötən il "Mərmər soyuğu" filmindəki roluna görə Tallin Film Festivalında "Ən yaxşı kişi aktyor" nominasiyasının qalibi olan xalq artisti Qurban İsmayılov sənətə gəlişindən, qazandığı uğurlardan söhbət açıb.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycanın Xalq artisti Qurban İsmayılov... Əsasən "Ata ocağı" bədii serialındakı əsas obrazla tamaşaçılar tərəfindən sevilən aktyor bu yaxınlarda "Mərmər soyuğu" filmindəki roluna görə "Qara gecələr" (PÖFF) Tallin Film Festivalında "Ən yaxşı kişi aktyor" nominasiyasının qalibi olub.
"Güllələnmə təxirə salınır" filmi aktyorun kinoda ilk rolu olmasa da, sənət həyatında mühüm rol oynadı. Sonralar ardıcıl olaraq (Girov", "Yalan", "Günaydın, mələyim", "Qala", "İstanbul reysi", "Əli və Nino", "Nar bağı", "Son iclas", "Əlvida Şmidt" və s.) filmlərə çəkildi və müxtəlif xarakterli obrazlar oynadı.
© Photo : Azerbaijanfilm"Mərmər soyuğu" filminin çəkilişi
Съемки фильма Mərmər soyuğu («Холод мрамора») - Sputnik Azərbaycan, 1920, 15.01.2023
"Mərmər soyuğu" filminin çəkilişi
Son illər Qurban İsmaylovun aktyorluq qabiliyyəti Azərbaycandan kənarda da diqqət mərkəzində dayanır. "Mərmər soyuğu" filmindəki rolundan başqa, İlqar Nəcəfin "Nar bağı" filmində yaratdığı ata obrazı, koloriti, səmimiliyi və dramatizmi ilə seçirlir. Bu filmdəki roluna görə, XIII Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.
Bundan başqa o, Belarusun paytaxtı Minskdə keçirilən XXIV "Listopad" Beynəlxalq Kino festivalının əsas jürinin diplomuna layiq görülüb. Ömrünün payızında milli kinomuzun ən məşhur simasına çevrilən aktyorla həmsöhbət olduq.
- Qurban müəllim, müsahibələrinizin birində demisiniz ki, gənc yaşlarınızda filmlərə çəkilmək istəmisiniz, amma rejissorlar sizə istədiyiniz rolu verməyiblər. O zamanlar düşünürdünüz ki, bir zaman gələcək, Qurban İsmayılov tanınmış beynəlxalq mükafata layiq görüləcək?
- Təbii ki, aktyorluq fakültəsində oxuyan hər bir tələbə kimi, gənclik illərimdə mən də filmlərə çəkilmək istəmişəm. Amma alınmayıb. Həmişə institutumuza film üçün aktyor seçməyə gələn 2-ci rejissorlar daha çox fakturaya fikir verirdilər. Mən tanışım olan kino işçiləriylə mübahisə edirdim ki, sizə aktyor yox, faktura lazımdır. Amma inanırdım ki, mən orta yaşlarımda çəkiləcəm və belə də oldu. İlk dəfə məni 1993-cü ildə rəhmətlik Ələkbər Muradov "Güllələnmə təxirə salınır" filmində Kamil roluna çəkdi. Filmin bədii rəhbəri mərhum kinorejissor, Xalq artisti Eldar Quliyev idi. Bu film sponsor filmi idi. Sponsor müflis olduğu üçün film yarımçıq qaldı. Həmin film 10 ildən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə sona çatdırıldı. Ümumiyyətlə, kinonu mənə, məni kinoya "Girov" filmi ilə tanıtdıran Eldar müəllim olub. Mən bu gün kinoda qazandığm hər bir uğura görə Eldar Quliyevə borcluyam. Allah ona qəni-qəni rəhmət eləsin, ruhu şad olsun! Beynəlxalq mükafatı qazanacağıma gəldikdə isə, inanmırdım, amma arzulayırdım.
- Son illər, az da olsa, Azərbaycanda serial və kino çəkilir. Buna baxmayaraq, hələ də tamaşaçı qane ola bilmir. Sizcə səbəb nədir?
- Səbəb çoxdur, amma məncə, əsas səbəb kino, serial sahəsinin hələ biznesə çevrilə bilməməsidir. Bunun belə olmamasının da çoxlu obyektiv və subyektiv səbəbləri var. Məncə, ilk növbədə bunun necə baş verəcəyini bilən mütəxəsislər tərəfindən dünya təcrübəsindən, Azərbaycan reallığından çıxış edərək hərtərəfli araşdırılıb, ortaya bir hərəkət planı, bir proqram qoyulmalıdır!
- Rısmi şəxslər tərəfindən "Azərbaycan kinosu intibah dövrünü yaşayır" fikri çox müzakirələrə səbəb oldu. Çoxu bu fikrə rişxənd etdi. Çoxları isə kinomuzun çoxdan məhv olduğunu söyləyir. Sizin fikrinizcə, Azərbaycanın milli kinosu hansı dövrünü yaşayır?
- Kino sahəsində çalışan tanınmış insanlarla söhbətlərdən gəldiyim qənaət budur ki, hamı, cənab Prezidentin fərmanıyla yaradılacaq Kino Agentliyinə böyük ümidlər bəsliyir. Agentliyin fəaliyyətə başlamasını səbirsizliklə gözləyirlər, həmçinin də mən.
- Hər bir aktyorun arzuladığı bir obraz olur. Əksər aktyorlar bunu etiraf etməsə də, bəziləri etiraf edir. Sizin necə, arzuladığınız obraz varmı? Çox güman ki, gəncliyinizdə çəkilmədiyiniz, arzusunda olduğunuz rollar var. Amma indi həmin rolları oynaya bilməzsiniz...
- Heç vaxt bu barədə düşünməmişəm. Niyə? Bilmirəm, bəlkə də verilənə şükür deyib qane olan adamam, ona görə.
- Bir dəfə rejissor Ramin Hacıyev bizə müsahibəsində bildirmişdi ki, Qurban İsmayılov xaricdə olsaydı, çoxdan "Oskar" almışdı. Siz Tallin Film Festivalında "Ən yaxşı kişi aktyor" nominasiyasının qalibi olanda çoxları sosial şəbəkələrdə buna bənzər fikirlər yazmışdı. Sizin belə bir iddianız varmı?
- Mənim belə bir iddiam yoxdur, heç vaxt da olmayıb. Amma heç vaxt həyata keçməyəcək belə bir arzum var. Məni hər hansı bir mükafata layiq bilən bütün insanlara isə təşəkkürümü bildirirəm, sağ olsunlar!
- Bu yaxınlarda "Atabəylər" serialının tizeri yayımlandı. Bundan öncə də İkinci Qarabağ savaşı haqqında çəkilmiş "Həyat, deyəsən gözəldir" filminin treyleri yayımlandı. Tamaşaçılar heç birini bəyənmədi. Kino xadimi kimi sizin də fikirlərinizi bilmək istərdik...
- Adını çəkdiyiniz işlərə baxmamışam, ona görə də heç bir fikir bildirə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, tizerə, treylerə baxıb hər hansı bir film, serial haqda fikir yürütmək düz deyil. Bir də ki, əgər hansısa bir insan və yaxud hansısa bir qurum nəsə çəkmək istiyirsə, onlara uğurlar arzulamaq lazımdır, tələsik üstünə düşüb tənqid eləmək yox... Nə qədər çox filmlər, seriallar çəkilsə, o qədər yaxşıdır. Çünki o işlər, ən azı, kino mütəxəsislərinin sabah, sabah olmasa, biri gün daha keyfiyyətli iş ortaya qoyması üçün formada qalmasına xidmət edir. Dünyada ildə yüz minlərlə filmlər çəkilir. Onların hamısı şedevr olmur ki... Olsa-olsa 2-3-ü uğurlu alınır. Ona görə də yaxşı olar ki, mediamız ,tamaşaçılarımız öz tənqidləri ilə çəkilən 1-2 ekran işinin üstünə düşməkdənsə, onların daha çox sayda çəkilməsi üçün çalışsınlar.
Xəbər lenti
0