Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan filmlərində çəkilən əcnəbi aktyorlar

© AFP 2024 / PABLO PORCIUNCULAFİlm çəkilişi
Fİlm çəkilişi - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
Xalq artisti Rasim Ocaqov filmlərində ən çox əcnəbi sənətçilərə rol vermiş rejissorlardanır. Zamanında buna görə Ocaqovu qınayanlar da olub. Rejissor isə cavabında bildirib ki, "gərək film milli olsun, oradan çəkilən aktyorun milləti önəmli deyil".
BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda kino yarandığı gündən milli kinomuzda əcnəbi aktyorlar rol alıb. 1898-ci ilin avqustunda əsası qoyulan Azərbaycan kinosunda bu zamana kimi 280-dən çox əcnəbi aktyor çəkilib.
Azərbaycan kino tarixində ilk dəfə 1932-ci ildə "26 komissar"ı filminin çəkilişlərinə əcnəbi aktyor cəlb edilib. Bu filmdə fəhlə arvadı obrazını SSRİ xalq artisti Veriko Ancaparidze canlandırıb.
Bu aktrisa həmçinin 1959-cu ildə istehsal olunan məşhur "Onu bağışlamaq olarmı?" filmində canlandırdığı ana obrazı ilə yaddaşlara həkk olunub.
Rusiyanın əməkdar artisti Nikolay Barmin Azərbaycanın 10 filmində əsas rolları yaradıb. Azərbaycanda ən çox filmə çəkilən Rusiyanın əməkdar artisti Nikolay Barmindir.
O, müxtəlif illərdə Azərbaycanda "Səhər" filmində Smirnov (1960), "Bizim küçə" filmində Barışev (1961), "İyirmialtılar" filmində Funtikov (1966), "Səmt küləyi" filmində Fyodor (1973), "Sevinc buxtası" filmində Petroviç (1977), "Od içində" filmində Arseni, (1978), "On yeddi yaşlı oğlan" filmində hərbi həkim obrazlarını, (1986), "Onun böyük ürəyi" (1958), "Skripkanın sərgüzəşti" (1972), "Atları yəhərləyin" (1984) filmlərində isə epizodik rollar yaradıb.
Ukraynanın əməkdar artisti Viktor Demertaş "Bağlı qapı" (1981, Fərid), "Əlavə iz" (1981, Yaqubov), "Əzablı yollar" (1982, Şahməmməd), "Özgə ömür" (1987, müxbir), "Ölsəm, bağışla" (1989, Edik) filmlərində, Rusiya aktyoru Oleq Xabalov "Möcüzələr adası" (1963, Kamran), "Qaraca qız" (1966, Yusif), "Sən niyə susursan?" (1966, Nəcəf), "Yaşamaq gözəldir, qardaşım" (1966, İsmayıl), "Ulduzlar sönmür" (1971, Çotay) filmlərində rol alıb.
RSFSR-in əməkdar artisti Tamara Kokova da bir sıra Azərbaycan filmində rol alıb. Aktrisa "Bir məhəllədən iki nəfər" (1957, Həlimə), "Bir qalanın sirri" (1959, Mətanət), "İyirmialtılar" (1966, Caparidzenin arvadı), "Torpaq, dəniz, od, səma" (1967, Gülsüm), "Ulduzlar sönmür" (1971) filmlərində rol alıb.
Rusiyanın əməkdar artisti İnara Quliyeva "1001-ci qastrol" (1974, İradə), "Alma almaya bənzər" (1975, Aişə), "Dədə Qorqud" (1975, Selcan), "Şir evdən getdi" (1977, epizod), "Qaynana" (1978, Afət-Zərifə) filmlərində, RSFSR xalq artisti Sergey Yurski "Dərviş Parisi partladır" (1976, Müsyö Jordan), "Günlərin bir günü" (1976, epizod), "Şir evdən getdi" (1977, ovçu), "Bir ailəlik bağ evi" (1978, direktor), "Qorxma, mən səninləyəm!" (1981, pristav) filmlərində yaddaqalan obrazlar yaradıb.
Azərbaycan kino tarixinə öz möhürünü qoyan bəzi filmlərinə isə 10-dan artıq əcnəbi aktyorun cəlb olunması diqqət çəkən məqamlardan biridir. Bu sırada 1966-cı ildə istehsal olunan "İyirmialtılar" filmi xüsusi qeyd olunmalıdır. Araşdırma zamanı məlum olub ki, Azərbaycan kino tarixində xüsusi yer tutan bu filmdə 17 əcnəbi aktyor rol alıb.
1971-ci ildə istehsal olunmuş "Ulduzlar sönmür" filmində isə 16 əcnəbi aktyor çəkilib.
Bu günün özündə də hər maraqla izlənilən, 1958-ci ildə istehsal edilmiş, rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən "Uzaq sahillərdə" filmində rus aktyorları Nikolay Boqolyubov (Tinti), Yuri Boqolyubov (Veselin), Lev Bordukov (Karranti), Aqniya Yelikoyeva (Anjelika), Andrey Fayt (Mazelli), Qriqori Şpigel (Şults), Boris Çinkin (partizan) çəkilib.
1965-ci ildə Hüseyn Seyidzadənin quruluş verdiyi "Yenilməz batalyon" filmində müxtəlif obrazlarda Vladimir Yemelyanov, Anatoli Yurçenko, Pavel Vinnik, Mixail Orlov, İsanbet Prozat, Mixail Puqovkin, Kulik Valentin, Viktor Anisimov çəkiliblər.
Rejissoor Rasim Ocaqovun lentə aldığı "Qətldən yeddi gün sonra" (1991) filminə cəlb olunan əcnəbi aktyorlar arasında Yuri Yakovlev (Ceneral Mixail Romanoviç), Elina Bistristhaya (Kira Aleksandrovna), Aleksey Bloxin (Adik), Banionis Donatas Yuozoviç (müstəntiq), Viktor Proskuriv (Şurik) var.
1978-ci ildə rejissor Əjdər İbrahimovun lentə aldığı "Məhəbbətim mənim, kədərim mənim" filmində isə qardaş Türkiyənin sənətçiləri də rol alıb. Belə ki, Türkiyənin tanınmış aktrisası Türkan Şorayın rol adlığı filmdə Faruk Peker və Yılmaz Duru da rol alıb. Sözügedən filmdə həəm də Rusiyanın məöşhur aktyorları rol alıb. Digər bir Türkiyəli aktrisa Meral Konratın 1993-cü ildə yaratdığı Təhminə obrazını unutmaq qeyri-mümkündür.
Azərbaycanın "O dünyadan salam" (1992) filmində Kefli İsgəndər obrazını isə türk aktyoru Yılmaz Duru canlandırıb. Bu sırada 1968-ci ilin istehsalı olan "Uşaqlığın son gecəsi" filmində Elya obrazını yaradan gürcüstanlı aktrisa Megi Kejeradze, 1955-ci ilin istehsalı olan "Bəxtiyar" filmindəki Saşa obrazını canlandıran Rusiyanın əməkdar artisti Tamara Çernova və Tatyana Alekseyevna rolunda çıxış edən SSRİ xalq artisti Tatyana Pertser, elə həmin ilin istehsalı olan "Görüş" filmindəki Lalə obrazını yaradan Özbəkistan aktrisası Nelya Ataullayeva, 1963-ü ildə çəkilmiş "Əhməd haradadır" filmindəki Ceyran obrazında çıxış edən Gürcüstanın xalq artisti Nonna Paçuaşvili, 1969-cu ilin istehsalı olan "Dəli Kür" filmindəki Semyonov rolunda çıxış edən SSRİ xalq artisti Vladimir Belokurov (bu aktyor eyni zamanda "Səbuhi" filmində Bestujev obrazını canlandırıb), "Dədə Qorqud" filmində Alp Aruz və "Koroğlu" filmində Gürcüoğlu obrazını yaradan Gürcüstanın əməkdar artisti Givi Toxadze və başqalarının adlarını çəkmək olar.
Bundan başqa, Rusiyalı aktrisa Raksa Udovikova "Qaraca qız" (1966) filmində Yasəmən, Gürcüstan aktyoru David Uplisaşvili "Ad günü" (1977) filmində Əli, SSRİ xalq artisti Mixay Volontir "Tütək səsi" (1976) filmində Cəbrayıl, RF-nın əməkdar incəsənət xadimi Zemfira Sahilova "Sən niyə susursan" (1966) filmində Sürəyya, "İnsan məskən salır" (1967) filmində Ədilə rollarını özünəməxsus tərzdə canlandıraraq Azərbaycan kino tarixində unudulmaz iz qoyublar.
Rusiya aktyoru Vladislav Kovalkovun "Dəli Kür" filmində (1969) yaratdığı Çernyayevski obrazı, SSRİ xalq artisti Yuri Yakovlevin "Qətldən yeddi gün sonra" (1991) filmində yaratdığı general Mixail Romanoviç rolu, RSFSR-in xalq artisti Vladimir Yemelyanovun "Yenilməz batalyon" (1965) filmində canlandırdığı Dobrovolski rolu da qeyd olunmalıdır.
Gürcü aktyor Vaxtanq Pançuladze "Yol əhvalatı" (1980) filmində yaratdığı Mustafa, RSFSR-in xalq artisti Nina Doroşina "Onun böyük ürəyi" (1958) filmində yaratdığı Maşa, RSFSR-in əməkdar artisti Andrey Faytın "Bir qalanın sirri"ndə yaratdığı Göygöz Kosa və "Uzaq sahillərdə" filmində canlandırdığı Mazelli obrazı da heç zaman unutmayacağımız rollar sırasındadır.
Azərbaycan filmlərində hansı Amerika aktyoru rol alıb?
Araşdırma zamanı vaxtilə Azərbaycan filmlərinə Amerika aktyorlarının da cəlb olunduğu məlum olub. Amerikalı aktyor Piter Pikel 1996-cı ildə çəkilən "Dağıdılmış körpü" filminə dəvət olunub. Eyni zamanda Azərbaycan filmlərində İnquşetiyanın əməkdar artisti Tamara Yandiyeva, Şimali Osetiyanın xalq artisti Mixail Sidorkin, Çexiya aktyoru Yozef Şebek və Aloiz Şvedlik, litvalı aktrisa Eqle Qabrenayte, Masyulis Algimantes, Estoniyanın əməkdar artisti Olev Eskola da çəkiliblər.
Vaxtilə bir neçə Azərbaycan filminə erməni aktyorları da cəlb olunub
Azərbaycan filmlərində erməni aktyorların da çıxış etməsi heç kimə sirr deyil. Maraqlısı burasındadır ki, filmlərimizdə rol alan erməni aktyorların adı hazırlanan siyahıya daxil olunmasa da, bu filmlər mövcuddur və bu gün də Azərbaycan ekranlarında nümayiş olunur. "Onu bağışlamaq olarmı" filmində baş qəhrəman, "Romeo mənim qonşumdur" filmində oğlanın atası, "Bəyin oğurlanması" filmində bərbər rolu erməni aktyorların ifasında canlandırılıb.
Azərbaycanda son illərdə çəkilən filmlərdən "Hökmdarın taleyi" (2008) və "Qala"da da (2008) əcnəbi aktyorlar rol alıb. "Hökmdarın taleyi" filmində tanınmış aktyorlar Daniil Spivakovski (mayor Lisaneviç), İlya Şakunov (imperator I Aleksandr), Aleksandr Qalibin (knyaz Sisianov), Evklid Kürdzidis (konsul Napoleon), Saydo Kurbanov (Axund Mirmöhsün ağa), "Qala" filmində isə Yuliya Peresild (Qalina) oynayıb.
Bundan başqa, ötən il rejissor Vaqif Mustafayevin İkinci Qarabağ savaşından bəhs edən "Həyat, deyəsən gözəldir" filmində gürcü aktyorlar rol almışdı. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan filmdə gürcü aktyorların rol alması cəmiyyətdə rezonans doğurmuşdu.
Tənqidçilər "Məgər Azərbaycanda aktyor yoxdur ki, rejissor Gürcüstandan aktyor gətirib?" kimi fikirlər səsləndirmişdilər. Elə biz də bu sualı filmin müəllifinə yönləndirsək də rejissor sualımızı cavablandırmaq istəməmişdi.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Rasim Ocaqov filmlərində ən çox əcnəbi sənətçilərə rol vermiş rejissorlardanır. Zamanında buna görə Ocaqovu qınayanlar da olub. Rejissor isə cavabında "gərək film milli olsun, oradan çəkilən aktyorun milləti önəmli deyil" deyə bildirmişdi.
Xəbər lenti
0