Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"Məmurların çoxu 40-45 yaşında köçürmə yolu ilə diplom alıb" - Alim qanunsuzluqlar barədə

© Sputnik / Anar MustafayevAzərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli
Azərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.01.2023
Abunə olmaq
İlqar Orucov deyib ki, məmurların əksəriyyəti qanunazidd yollarla, müxtəlif universitetlərdən köçürmələrlə ölkənin ən nüfuzlu universitetlərinin hüquq fakultəsindən məzun olublar.
BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda tələbələrin köçürülüməsi dayandırılıb. Elm və Təhsil Nazirliyi bunu hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklə əlaqələndirib.
Qeyd edək ki, tələbələrin köçürülməsi zaman-zaman qalmaqala səbəb olan, müxtəlif narazılıqlarla müşayət olunan proseslərdəndir. Hansı ki, indiyədək dəfələrlə tələbələrin köçürülməsində qanunsuzluqlar ortaya çıxıb. Bəs görəsən tələbələrin köçürülməsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik nəyi dəyişəcək?
Tələbə köçürülməsində bal nəzərə alınmalıdır!
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tələbələrin köçürülməsi indiyədək Elm və Təhsil Nazirliyinin kollegiyasının təsdiq etdiyi qaydalarla tənzimlənib. Onun sözlərinə görə, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ında bununla bağlı tənzimləmə mexanizmləri öz əksini tapıb. Amma son dəyişikliklə bu prosesin qanunvericilik bazası möhkəmlənəcək. Loru dildə desək, tələbələrin köçürülməsi prosesi qanunvericilikdə öz əksini tapacaq.
İlqar Orucov deyir ki, ali təhsilin bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Hazırkı qaydaya görə, Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə, bu proses tələbənin DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır. Həmçinin ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə də bal nəzərə alınmır. Belə halda tələbələrin bir ali təhsil müəssisəsindən digərinə tələbə axını başlayır. Nəticədə universitetlərin plan yerlərində qeyri-mütənasiblik baş verir.
Ekspertin sözlərinə görə, tələbələrin balı nəzərə alınmadan köçürülmə olduqda onların çoxlu fərq imtahanları yaranırdı. Bu isə tələbələrə çətinliklər yaşadırdı.
"Üç il bir ixtisasda, bir il isə başqa ixtisasda oxumaqla mütəxəssis olmaq olmaz"
İ. Orucovun sözlərinə görə, həmçinin tələbənin bir ixtisasda üç il oxuyub sonradan tamamilə başqa istisasa köçürülməsi düzgün deyil. Bu zaman tələbə əsas yiyələndiyi ixtisasın imicini nəzərə alır: "Yəni onu həmin ixtisası necə öyrənməyi yox, alacağı diplom maraqlandırır. Bu isə keyfiyyətsiz mütəxəssislərin yetişməsinə səbəb olurdu. Qanuna dəyişikliklərdən sonra düşünürəm ki, köçürülmələrdə olan bu boşluqlar, xoşagəlməz hallar aradan qalxacaq".
Ekspertin fikrincə, tələbələrin köçürülməsi ilə bağlı qanunvericilik layihəsi mütləq şəkildə ictimai müzakirəyə çıxarılmalıdır: "Bu qanun layihəsi ictimaiyyət tərəfindən müzakirə edilməli, ekspertlər tələbə köçürülməsi ilə bağlı nələrin qanuna salınmasının vacib olduğunu ictimai müzakirə zamanı qeyd etməlidirlər. Axı biz qanunu qəbul etmirik ki, az müddətdən sonra onu yenidən dəyişək. Bu qanun sahəvi olduğu üçün oradakı müddəalar elə işlənməlidir ki, mükəmməl olsun. Mütləq şəkildə beynəlxalq təcrübə ilə yanaşı Azərbaycan reallığı da nəzərə alınmalıdır".
Xaricdən tələbə köçürülməsində qanunsuzluqlar
İ.Orucovun sözlərinə görə, ən böyük qanunsuzluqlar xarici ölkələrdən tələbə köçürmələri ilə bağlıdır. 2013-cü ilədək xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan universitetlərinə tələbə köçürmələrində xeyli qanunsuzluqlar baş verib:
"Misir Mərdanov nazir olduğu dövrdə tələbə köçürmələrində boşluqlar olub, bu boşluqlardan kifayət qədər istifadə edilib. Adı olub özü olmayan universitetlərdən xeyli sayda tələbələr köçürmə yolu ilə yerdəyişmə ediblər. Onlar Bakıdakı ən yaxşı ali təhsil müəssisələrinə köçürülüblər. Bu daha çox hüquq fakultəsi ilə bağlı olub. Qəbul planına əsasən universitetlərin hüquq fakultəsinə plan yerindən dəfələrlə artıq məzun olub. Bu, köçürmələr hesabına baş verirdi. Son illər bu cür qanunsuz köçürmələrin qarşısı alınıb".
İ.Orucov deyir ki, hazırda da Moskvanın, Türkiyənin nüfuzlu universitetlərindən Azərbaycan universitetlərinə köçürmələlə bağlı problem yoxdur. Amma əvvəlki illərdə köçürmələr daha çox tanınmayan universitetlərdən olub.
Məmurlarla universitet rəhbərləri sövdələşib...
Ekspert iddia edir ki, bu gün işdən azad edilmiş məmurların çoxu Bakı Dövlət Universitetinin hüquq fakultəsinin məzunudur:
"Bir az da araşdırsaq görərik ki, o məmurlar ali məktəbi 40-45 yaşlarında bitiriblər. Onların mütləq əksəriyyəti qanunazidd yollarla tələbə adını qazanıblar. Müxtəlif universitetlərdən köçürmələrlə ölkənin ən nüfuzlu universitetlərinin hüquq fakultəsindən məzun olublar. Bütün bunlara isə universitet rəhbərlərinin qanunsuz əməlləri nəticəsində müvəffəq olublar. Universitet rəhbərləri bu məsələdə birbaşa məsuliyyət daşıyırlar. Bir gün universitetin qapısından içəri daxil olmayan məmurlara diplom verilib. Burada cinayət tərkibi ilə yanaşı bir əxlaq məsələsi də var. Universitet rəhbərləri əxlaqlı insanlar olmalıdır ki, bu qanunsuzluqlara yol verməsinlər. Bu, biabırçılıqdır. Vəzifədə oturan məmurlar, eləcə də əvvəl daha yüksək vəzifə tutmuş şəxslər ikinci diplom alıblar. Onların heç birinin bir gün belə auditoriyada oturmaq imkanları olmayıb. Əlbəttə ki, onlar köçürmələr zamanı neqativlərdən yararlanıblar. Ona görə tələbə köçürməsi ilə bağlı boşluqlar aradan qaldırılmalıdır ki, gələcəkdə bu kimi hallar təkrarlanmasın".
Hazırda tələbə köçürməsi qaydası necədir?
Qeyd edək ki, hazırki qaydaya əsasən ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Hansı universitetlərdən tələbə köçürülməsinə icazə verilmir?
Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası Nazirliyin razılığı ilə həyata keçirilir. Tələbə bir ali təhsil müəssisəsindən digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır. Bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.
Köçürmə zamanı keçid balı nəzərə alınmalıdırmı?
Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə tələbənin DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır. Həmçinin ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə də bal nəzərə alınmır. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edildikdə, ölkə ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL İBT, İELTS və s.) əsasında qəbul olunduqda da keçid balı nəzərə alınmaya bilər. Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
Tələbə köçürülməsinə imtina bu hallarda verilir
Bir ali təhsil müəssisəsindən və ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Elm və Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur. Xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır. Köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir, köçürülmə üçün əsas olmadığı hallarda Elm və Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması, köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Elm və Təhsil Nazirliyi tərəfindən məktub göndərilir.
Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir. Ölkə daxilində köçürülən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin rektoru Elm və Təhsil Nazirliyinin razılıq məktubunu aldıqdan sonra beş iş günü müddətində tələbənin başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə bağlı xaric olunması haqqında əmr verir və akademik transkriptlə birlikdə tələbənin şəxsi işini onun köçürüldüyü ali təhsil müəssisəsinə göndərir. Şəxsi iş ali təhsil müəssisəsi tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə bilər. Tələbənin köçürüldüyü ali təhsil müəssisəsinin rektoru, Elm və Təhsil Nazirliyindən razılıq məktubu və tələbənin şəxsi işi daxil olduqdan sonra, beş iş günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edir, uyğun olanları nəzərə alır və onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər.
Xəbər lenti
0