SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yaşar Əliyev erməni diplomatı faktlarla susdurub

© Photo : AZƏRTACYaşar Əliyev
Yaşar Əliyev  - Sputnik Azərbaycan, 1920, 13.01.2023
Abunə olmaq
Səfir deyib ki, BMT-yə üzv olduğu ilk illərdə Azərbaycan Ermənistanın monoetnik ideologiyaya əsaslanan təcavüzünə məruz qalıb.
BAKI, 13 yanvar — Sputnik. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında keçirilən "Millətlər arasında qanunun aliliyi" mövzusunda müzakirələrdə çıxış edib.
Səfir öncə BMT Təhlükəsizlik Şurasına yeni üzv seçilən Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrənin BMT-dəki daimi nümayəndələrini təbrik edib.
Daha sonra Y.Əliyev BMT-nin məqsədlərindən bəhs edib və bildirib ki, təşkilat beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, eləcə də müharibə və humanitar problemlərin qarşısının alınması məqsədilə fəaliyyət göstərir.
Səfirin sözlərinə görə, təəssüf ki, BMT-yə üzv olduğu ilk illərdə Azərbaycan Ermənistanın monoetnik ideologiyaya əsaslanan təcavüzünə məruz qalıb:
"BMT əsasnaməsinin əsas prinsiplərinə, xüsusilə mübahisələrin sülh yolu ilə həlli və güc tətbiq edilməməsi ilə bağlı prinsiplərə Azərbaycanın məsuliyyətlə yanaşmasına baxmayaraq, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın böyük bir ərazisini işğal altında saxlayıb. ATƏT-in rəhbərliyi ilə aparılan vasitəçilik danışıqlarının iflasa uğradığı müddətdə, BMT TŞ-nin 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan tərəfindən göz ardı edilib".
Səfir, beynəlxalq institutların öz öhdəliklərinə laqeyd münasibət bəsləməsinin və ikili standartlar tətbiq etməsinin Ermənistanı öz məkrli siyasətini davam etdirməyə daha da təşviq etdiyini bildirib.
O, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma və bərpa işləri ilə bağlı məlumat verib. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını üzvlərin diqqətinə çatdırıb.
Y.Əliyev əlavə edib ki, eyni zamanda Azərbaycan Ermənistanla qarşılıqlı ərazi bütövlüyünə və suverenliyə hörmət çərçivəsində dövlətlərarası münasibətlərin normallaşması təşəbbüsü ilə çıxış edib.
Bununla yanaşı, səfir iclasda Ermənistan nümayəndəsinin səsləndirdiyi saxta ittihamlara da münasibət bildirib: "Azərbaycana qarşı təcavüzü başlayan, onun suveren ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, etnik təmizləmə siyasəti yürüdən və müharibə zamanı misli görülməmiş digər cinayətləri törədən Ermənistanın məhz indi BMT əsasnaməsinə və beynəlxalq hüquqa çağırış etməsi paradoksaldır".
Sonda Y.Əliyev beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında razılaşdırılmış prinsiplərə və öhdəliklərə əsaslanan ikitərəfli və məqsədyönlü danışıqları dəstəkləməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
0