Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransanın Minsk Qrupu ilə bağlı təşəbbüsləri uğursuzluğa düçar olacaq - Politoloq

© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Ekspert bildirib ki, münaqişənin mövcud olduğu otuz ilə yaxın müddət ərzində ATƏT-in Minsk Qrupu münaqişənin dondurulmasına və həllini tapmamasına çalışırdı.
BAKI, 12 yanvar — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə razılıq B.Osmani ilə Azərbaycan və Ermənistan XİN başçılarının telefon danışığının nəticəsində əldə edilib. ATƏT rəhbəri regionda davamlı sülhə nail olmaq üçün gərginliyin aradan qaldırılmasında şəxsən iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Sputnik Azərbaycan gözlənilən bu səfərlə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, bu səfərin proqramı və məramı məlum deyil:
"ATƏT-in Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi və ya Minsk Qrupunun fəaliyyətinin bərpa olunması yönündə səylər göstərməsi barədə bilmirik. Lakin istənilən halda təşkilatın özünə də, onun səmərəsiz fəaliyyət göstərmiş həmsədrlər qrupuna da Azərbaycan ictimaiyyətinin və siyasi rəhbərliyin mənfi münasibəti bəllidir. Münaqişənin mövcud olduğu otuz ilə yaxın müddət ərzində ATƏT-in Minsk Qrupu münaqişənin dondurulmasına və həllini tapmamasına çalışırdı. Bununla da BMT-nin dörd qətnaməsinin icrası təmin edilmirdi. Azərbaycan isə öz hüququndan istifadə edərək bu qətnamələrin icrasını təmin etdi".
İ.Hüseynovun sözlərinə görə, hazırkı dövrdə Azərbaycanla ATƏT arasında münasibətlər durğunluq vəziyyətindədir:

"Münaqişədən sonra da ATƏT-in Minsk Qrupunun çox gözəl şansları var idi ki, özünü reabilitasiya etsin, regionun gələcəyi və sülhlə bağlı konstruktiv təkliflər versin. Ancaq susmağı seçdilər. Nəticədə nizamlanma prosesində yeri Rusiya və Avropa İttifaqı tutdu. Avropa İttifaqının vasitəçilik təşəbbüsləri effektivdir, tərəflər də bu formatda işləməkdən məmnun görünürlər".

Ancaq ekspert ATƏT formatında danışıqlar prosesinin baş tutacağını inandırıcı hesab etmir:
"Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan ərazisinə missiya göndərilməsi Azərbaycan tərəfindən məyusluqla qarşılanıb. Bu da göstərir ki, təşkilat birmənalı olaraq Ermənistanın maraqlarından çıxış edir. Təbii ki, burada erməni lobbisinin təsirlərinin olması da gözardı edilə bilməz".
Politoloq onu da bildirib ki, bu məsələlərin arxasında Fransanın dayanması da heç kimə sirr deyil:
"Fransa Minsk Qrupu formatında danışıqların bərpasının tərəfdarıdır. Prezident İlham Əliyev Fransanın bu qərəzli mövqeyinə öz etirazını bildirib. Hazırkı Fransa hakimiyyəti Azərbaycana qarşı xoşagəlməz mövqedən çıxış edir. Buna görə də Fransanın Minsk Qrupu formatının bərpa olunması ilə bağlı təşəbbüsləri uğursuzluğa düçar olacaq. Çünki Azərbaycan heç bir mahiyyət kəsb etməyən danışıqlarda iştirak etməyəcək".
Ekspert vurğulayıb ki, Azərbaycanın istəyi regionda münasibətlərin yeni mərhələyə qalxması, dinc və danışıqlar yolu ilə bütün problemlərin həlli platformasını yaratmaqdır:

"Azərbaycan müharibədə qalib ölkə olsa da, sülh istiqamətində təşəbbüslərlə çıxış edən əsas ölkədir", - deyə politoloq qeyd edib.

Xəbər lenti
0