CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağa köçmək istəyənləri nə gözləyir? Kreditlərə zəmanət, faizlərin kompensasiyası...

© Sputnik / Murad OrujovAzərbaycan manatı
Azərbaycan manatı - Sputnik Azərbaycan, 1920, 11.01.2023
Abunə olmaq
Deputatın sözlərinə görə, sahibkarların xərcləri azalacaq, onlar götürdükləri kreditlərə görə az ödəniş edəcəklər. Yeni Qayda azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına xüsusi təkan verəcək.
BAKI, 11 yanvar — Sputnik. "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası" Azərbaycan Prezidentinin 2023-cü il 9 yanvar tarixli Fərmanı ilə təsdiq edilib.
Zəmanət manatla götürülən kreditlərə veriləcək
Yeni Qayda azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə zəmanətin, o cümlədən dövlət zəmanətinin verilməsinə və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılmasına dair tələbləri, müraciət qaydasını, zəmanət və faiz subsidiyası üzrə ödəniş şərtlərini və digər məsələləri müəyyən edir.
Qeyd edək ki, sahibkarlıq subyekti deyəndə əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (gəlir) götürmək olan və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər nəzərdə tutulur.
Sahibkarların xərcləri azalacaq
Yeni Qayda ilə bağlı deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, kredit faizlərinin subsidiyalaşdırılmasında məqsəd faizlərin bir hissəsinin dövlət tərəfindən qarşılanmasıdır: "Bu mexanizm pandemiya dövründə və eyni zamanda antiinflyasiya tədbirləri çərçivəsində həyata keçirilib. Məqsəd xüsusən də sahibkarın götürdüyü kredit faizinin bir qisminin dövlət tərəfindən qarşılanması və sahibkarların kredit faizlərinin azaldılmasına nail olmaqdır. Bu addım sahibkarın xərcinin azalmasına və götürdüyü kreditə görə daha az vəsait ödəməsinə gətirib çıxardır".
Sahibkar götürdüyü kreditə görə az ödəniş edəcək
Deputat bildirib ki, pandemiya dövründə sahibkarların kredit faizlərinin 10 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunurdu: "Subsidiyalaşdırma həmin faizin dövlət tərəfindən ödənilməsi anlamına gəlir. Bu, sahibkarlığın inkişafı baxımından vacibdir. Çünki faizin bir hissəsi dövlət tərəfindən subsidiya olunduğu üçün sahibkar götürdüyü kreditə görə az ödəniş edir. Nəticədə sahibkarın xərci azalır. Bu, eyni zamanda sahibkarın öz fəaliyyətini genişləndirməsi baxımından yeni imkanlardır".
Yeni Qayda azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına xüsusi təkan verəcək
"Ona görə də yeni Qayda işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına xüsusi təkan verəcək, onların maliyyə resurslarına çıxış imkanlarını artıracaq. Eyni zamanda daha ucuz kredit resurslarının əldə edilməsi və investisiyanın genişləndirilməsi baxımından yeni imkanlar yaradacaq"-deyə deputat diqqətə çatdırıb.
Zəmanətin və faiz subsidiyasının verilməsi halları
Qeyd edək ki, yeni Qaydaya görə zəmanət işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla almaq istədikləri kreditlərə verilir. Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanaraq ödənilir.
Zəmanət aşağıdakı hallarda verilmir:
-sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin cəlb ediləcəyi layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmədikdə;
-kredit hesabatına əsasən sahibkarlıq subyektinin kredit almaq üçün müraciət etdiyi tarixə 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) davam edən gecikməsi olduqda;
-sahibkarlıq subyektinin hesabları üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;
-sahibkarlıq subyekti zəmanət üçün müraciət edən müvəkkil kredit təşkilatına aidiyyəti olan şəxs olduqda;
-sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda;
-sahibkarlıq subyekti barəsində (habelə hüquqi şəxsin icra orqanının rəhbəri barəsində həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət təqibi və ya inzibati xəta üzrə icraat həyata keçirildikdə;
-sahibkarlıq subyekti Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda;
-sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (obyektinin) uçota alınmasını tələb etdiyi halda, belə təsərrüfat subyekti (obyekti) vergi orqanında uçota alınmadıqda;
-sahibkarlıq subyektinin kreditin alınması üçün müraciət etdiyi tarixə fəaliyyəti dayandırılmış olduqda və (və ya) sahibkarlıq subyekti ləğvetmə prosesində olduqda;
-sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə.
Balansarxası öhdəliklərə zəmanət və faiz subsidiyası verilmir. Faiz subsidiyası, dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, bu Qaydada nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil edilir.
Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 10 faiz bəndi həcmində və 36 aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir.
Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.
Dövlət zəmanətinin verilməsi şərtləri
Dövlət zəmanəti ilə təmin edilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:
-bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 000 000 manatdan çox olmamalı;
-kreditin illik faiz dərəcəsi faizdən çox olmamalı;
-kreditin müddəti 7 ildən çox olmamalı;
-kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 ayadək olmalı;
-bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90 faizdən çox olmamalıdır.
Dövlət zəmanəti kreditlərə Maliyyə Nazirliyi tərəfindən bu Qaydaya Əlavə – "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi" əsasında verilir.
Müvəkkil kredit təşkilatlarına zəmanət üzrə limitlərin ayrılması
-Azərbaycan Biznesinin İnkişafı Fondunun müəyyən etdiyi müvəkkil kredit təşkilatları Fondla əməkdaşlıq müqaviləsi bağlayırlar. Əməkdaşlıq müqaviləsinin nümunəvi formasını, bu Qaydanın tələbləri nəzərə alınmaqla, Fond təsdiq edir.
Əməkdaşlıq müqaviləsində azı aşağıdakı şərtlər öz əksini tapmalıdır:
-müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılmış kredit müqaviləsi əsasında verilmiş zəmanət ləğv ediləcəyi təqdirdə, faiz subsidiyası həcmində kredit faizlərini aşağı salmaq öhdəliyinin təsbit olunması;
-zəmanət verilmiş kredit üzrə öhdəliyin icra edilməsi üçün sahibkarlıq subyektinə qarşı tələb hüquqlarının Fonda güzəşt edilməsi.
-hər bir müvəkkil kredit təşkilatı üçün onun müraciəti əsasında Fond limit müəyyən edir. Müvəkkil kredit təşkilatının müraciəti əsasında 30 təqvim günü ərzində Fondun qərarı ilə ona əlavə limit müəyyən edilə bilər. Müvəkkil kredit təşkilatı tərəfindən istifadə edilməmiş limit Fondun qərarı ilə azaldıla və ya ləğv edilə bilər.
-Fond müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması məqsədilə onların prudensial və bank statistikası hesabatlarından zəruri olan göstəricilər (maliyyə statistik göstəriciləri) barədə məlumat almaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edir.
Zəmanətin və faiz subsidiyasının verilməsi qaydası
Zəmanət və faiz subsidiyası aşağıdakı qaydada verilir:
-sahibkarlıq subyekti zəmanətlə kredit almaq üçün müvəkkil kredit təşkilatını seçməklə, informasiya sistemi vasitəsilə Azərbaycan Biznesinin İnkişafı Fonduna müraciət edir;
-Fond tərəfindən müraciət baxılmaq üçün sahibkarlıq subyektinin seçdiyi müvəkkil kredit təşkilatına göndərilir;
-müvəkkil kredit təşkilatı göndərilmiş müraciət daxil olduğu gündən 10 iş günü müddətində sifariş üzrə maliyyə-kredit təhlili aparır, müvafiq qərarını (imtina edildikdə səbəbləri göstərilməklə) informasiya sistemində yerləşdirir və müsbət qiymətləndirdiyi müraciətlərlə bağlı zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması üçün sənədləri təqdim etməklə Fonda müraciət edir;
-Fond göndərilmiş müraciət daxil olduğu gündən 10 iş günü müddətində müvəkkil kredit təşkilatının zəmanət və subsidiya ilə bağlı müraciətinə dair göndərdiyi məlumatları təhlil edərək qərar qəbul edir, müvafiq qərarını (imtina edildikdə səbəbləri göstərilməklə) informasiya sistemində yerləşdirir və müsbət qiymətləndirdiyi müraciətlərlə bağlı müvəkkil kredit təşkilatına zəmanət məktubu göndərir.
-zəmanət məbləği, müvəkkil kredit təşkilatının müraciəti əsasında müəyyən edilir. Zəmanətin qüvvədə olduğu müddətdə zəmanətin kreditə nisbəti müvəkkil kredit təşkilatının müraciəti əsasında azaldıla bilər.
-zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması ilə bağlı məlumat müvəkkil kredit təşkilatı və sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində qeyd olunur.
-müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında kredit müqaviləsi bağlanıldıqdan sonra müvafiq kredit müqaviləsinin bir nüsxəsi (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (olduqda), birdəfəlik zəmanət haqqının ödənilməsini təsdiq edən sənəd müvəkkil kredit təşkilatı tərəfindən 5 iş günü müddətində Fonda təqdim edilir.
-Fond müvəkkil kredit təşkilatı tərəfindən hər bir sahibkarlıq subyektinə ayrılan kredit vəsaiti, kredit vəsaitinin istifadə istiqamətləri, kreditin faiz dərəcəsi, müddəti (güzəşt müddəti ayrıca göstərilməklə), ayrılan kredit müqabilində götürdüyü girov (olduqda) barədə məlumatları hər növbəti ayın 10-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.
-müraciətindən imtina edilmiş sahibkarlıq subyekti imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən bu hissədə nəzərdə tutulmuş qaydada müraciət edə bilər.
-zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır.
Monitorinq
-müvəkkil kredit təşkilatı ildə azı bir dəfə kredit verdiyi sahibkarlıq subyektində kreditdən təyinatı üzrə istifadənin monitorinqini aparır və bu barədə Fonda hesabat verir.
-zəmanət və faiz subsidiyası verilmiş kreditdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond sahibkarlıq subyektlərində monitorinqlər apara bilər.
-müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində sahibkarlıq subyektinin Fond tərəfindən monitorinq keçirilməsi üçün zəruri şərait yaratmaq, kreditdən istifadəyə dair tələb olunan sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır.
Onu da bildirək ki, Qaydaya əsasən, zəmanət ‒ sahibkarlıq subyekti kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun əsas borcunun 90 faizədək hissəsinin ödənilməsinə dair Azərbaycan Biznesinin İnkişafı Fondunun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyidir.
Faiz subsidiyası ‒ sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə zəmanət verildiyi təqdirdə, həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin verdiyi əvəzsiz maliyyə vəsaitidir.
Müvəkkil kredit təşkilatı – Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəyyən edilən və Fondla əməkdaşlıq müqaviləsi bağlayan kredit təşkilatıdır.
Xəbər lenti
0