SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan, 1920, 11.01.2023
Abunə olmaq
Yeni Qanun qüvvəyə mindiyi üçün 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanun ləğv edilir.
BAKI, 11 yanvar — Sputnik. Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib.
"Siyasi partiyalar haqqında" Qanun 6 fəsil, 30 maddədən ibarətdir.
Qeyd edək ki, yeni Qanun qüvvəyə mindiyi üçün 3 iyun 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanun ləğv edilir.
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Millət vəkilləri qanun layihəsini tarixi zərurət və dövlətçiliyimizin gələcəyi aspektindən yüksək qiymətləndiriblər, layihə ilə bağlı müzakirələrdə və ictimai dinləmələrdə irəli sürülən təkliflərlərin əsasən nəzərə alınmasını təqdir ediblər. Deputatlar "Siyasi partiyalar haqqında" qanunun qəbulunun islahatların genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcəyini bildiriblər.
Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi;
siyasi partiyanın nizamnaməsi – siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədi;
siyasi partiyanın proqramı – siyasi partiyanın ideoloji fəaliyyətini tənzimləyən və bu Qanunun 13.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş məsələləri əks etdirən sənəd;
siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, icra orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanı;
siyasi partiyanın struktur qurumları – siyasi partiyada müvafiq istiqamətlər üzrə yaradılmış məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə yaradılmış bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar;
siyasi partiyanın qərargahı – siyasi partiyanın idarəetmə orqanlarının yerləşdiyi yer;
siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı;
nümayəndə – siyasi partiyanın ali orqanında təmsil olunmaq məqsədilə yerli təşkilat tərəfindən siyasi partiya üzvləri sırasından müəyyən olunan şəxs;
nümayəndəlik norması – yerli təşkilatın nümayəndə sayını müəyyən etmək məqsədilə yerli təşkilat üzrə siyasi partiya üzvlərinin sayına əsasən müəyyən olunan norma;
üzvlük haqqı – siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul şəklində mütəmadi ödənilən vəsait;
dövlət maliyyə yardımı – bu Qanunla nəzərdə tutulmuş qaydada siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait;
ianə – siyasi partiya qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pul və ya digər əmlak şəklində verilən vəsait, habelə digər formada göstərilən maddi yardım.
Qanun layihəsinin bəzi hissələrini təqdim edirik:
Maddə 5. Siyasi partiyanın təsis edilməsi
5.1. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.
5.2. Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirirlər. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilmir.
5.3. Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunur, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən edilir. Bu Qanunun 5.7-ci maddəsinə uyğun olaraq siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər edilir. Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdirilir. Təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilir.
5.4. Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
5.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizənin daxil olduğu tarixdən 30 gün müddətində sənədlərin bu Qanunun 5.1–5.4-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.
5.6. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin bu Qanunun 4.7-ci maddəsinin tələbinə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir.
5.7. Bu Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş məlumat daxil olduqdan sonra siyasi partiyanın səlahiyyətli şəxsi sənədlərdə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür və ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
5.8. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 5.5-ci və ya 5.7-ci maddəsində nəzərdə tutulmuş ərizənin daxil olduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
5.9. Bu Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 180 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi siyasi partiya üzvlərinin bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş sayının təmin edilməsi üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərin reyestrini tərtib edir.
Maddə 6. Siyasi partiyanın dövlət qeydiyyatı
6.1. Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.
6.2. Siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunun 5.9-cu maddəsində müəyyən edilmiş müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.
6.3. Bu Qanunun 5.9-cu maddəsinə uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu Qanunun 5.9-cu və 6.2-ci maddələrində müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın təsis edilməsi prosesinin yenidən başlanmasına səbəb olur.
6.4. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir.
6.5. Siyasi partiya dövlət qeydiyyatına alındığı tarixdən 3 gün müddətində bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
6.6. Siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı (o cümlədən bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş halda) digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 9. Siyasi partiyanın ləğvi
9.1. Siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda (bu Qanunun 3.11-ci maddəsi nəzərə alınmaqla) siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
9.2. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
9.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:
9.3.1. siyasi partiya bu Qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda;
9.3.2. bu Qanunun 7.3.2-ci və 8.9-cu maddələrində nəzərdə tutulmuş hallarda;
9.3.3. fəaliyyəti dayandırılmış siyasi partiya bu Qanunun 4.13-cü maddəsinin birinci cümləsinin tələblərini pozduqda;
9.3.4. dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda.
9.4. Siyasi partiyanın bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ləğvi siyasi partiyaya qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edilir.
9.5. Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.
9.6. Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
9.7. Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 27. Siyasi partiyanın maliyyə hesabatı
27.1. Siyasi partiya bu Qanunla müəyyən edilmiş tələbləri nəzərə almaqla "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatını tərtib edir.
27.2. Siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.
27.3. Maliyyə hesabatında, o cümlədən üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı, həmçinin siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği qeyd edilir.
27.4. Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
27.5. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiya maliyyə fəaliyyətinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidir.
27.6. Siyasi partiya illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə mediada dərc etdirir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası siyasi partiyanın illik maliyyə hesabatını özünün rəsmi internet səhifəsində yerləşdirir.
27.7. Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilmir. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 1 il ərzində dövlət maliyyə yardımı ödənilmir.
Xəbər lenti
0