Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyədən hərbi təyyarələrin alınmasında təəccüblü heç nə yoxdur - Hərbi ekspert

© Sputnik / Murad OrujovHərbi təyyarələr
Hərbi təyyarələr - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Emin Həsənli qeyd edib ki, bu gün Azərbaycan silah alarkən onun hansı ölkədən alınmasından asılı olmayaraq sınaqdan keçirir, ən əsası onun Azərbaycan ordusu üçün gərəkliliyi təhlil edilir.
BAKI, 9 yanvar — Sputnik. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir bildirib ki, Türkiyə Azərbaycana özünün döyüş təyyarələrinin alınmasını təklif edib.
"Milli döyüş təyyarələri ilə bağlı dost və qardaş ölkələrə dəvət göndərmişik. Bu ölkələr siyahısında Azərbaycan, İndoneziya, Pakistan, Malayziyanı göstərmək olar. Əgər tələb varsa, müxtəlif səviyyələrdə bu məsələni onlara açmışıq. Tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağını düşünürük", - Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi deyib.
Sputnik Azərbaycan Türkiyə döyüş təyyarələrinin Azərbaycan ordusunun arsenalına daxil edilməsi ehtimalları ilə bağlı hərbi ekspert Emin Həsənlinin və hərbi ekspert, polkovnik Şair Ramaldanovun fikirlərini öyrənib.
Hərbi ekspert Emin Həsənli bildirib ki, güclü silahlı qüvvələrin mövcud olması hər bir ölkə üçün xüsusi önəm kəsb edir: "Bura ordunun müasir silahlarla təminatı, hərbçilərin yüksək döyüş hazırlığına malik olması, onların mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması kimi məqamlar aiddir. Azərbaycan dünyanın bir çox ölkələri ilə silahlanma və müdafiə sənayesi sahəsində əməkdaşlıq edir. Bu baxımdan qardaş Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verilir. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan ordusu Türkiyə ordu modelinə keçid edir. Bu çox strateji bir məsələdir. Çünki bu texnikaların baxımı, mümkün döyüşlər zamanı onun mərmilərlə təminatı məsələsi diqqətdə saxlanılmalıdır".
Hərbi ekpsert qeyd edib ki, bu gün Azərbaycan silah alarkən onun hansı ölkədən alınmasından asılı olmayaraq sınaqdan keçirir, ən əsası onun Azərbaycan ordusu üçün gərəkliliyi təhlil edilir:
"Vətən Müharibəsindəki qələbədə Türkiyə müdafiə sənayesi məhsulları özünü doğrultdu və uğurla sınaqdan keçirildi. Bu gün ölkənin ali rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlardan biri də ordunun ən müasir silahlarla təminatı məsələsidir. Türkiyə son dövrlər həm hərbi təyyarələr, həm də digər döyüş texnikalarının istehsalı ilə bağlı uğurlu nəticələr əldə edib. Türkiyə ordusu bu gün daxili istehsal imkanları hesabına özünü 80 faiz texnika ilə təmin edə bilir. Bu gün Türkiyənin güclənməsi həm də Azərbaycanın güclənməsi deməkdir".
Hərbi ekspert, polkovnik Şair Ramaldanov isə bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bir-birinə o qədər inteqrasiya olunub ki, artıq iki dövlət bir ordu kimi fikirlər səsləndirilməkdədir: "Bu gün Azərbaycan silahlı qüvvələri Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar əsasında Türkiyə ordu modelinin tətbiq edilməsi istiqamətində işlər görür. Bu tapşırıq Azərbaycan ordusunun gələcəkdə bu istiqamətdə inkişaf etdirilməsini nəzərdə tutur. İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi var. Təbii ki, iki ölkə arasında imzalanmış sənədlərdən irəli gələrək ordu ilə bağlı məsələlər də koordinasiyalı şəkildə icra olunur".
"Bu gün Türkiyə hərbi sənayesinin inkişafını göz ardı etmək olmaz. Azərbaycanın da bundan istifadə etməsi normal qarşılanmalıdır. Vətən Müharibəsindən öncə də iki ölkə arasında müdafiə sənayesi sahəsində müqavilələr bağlanmışdı. Burada bir çox istiqamətlər üzrə texnikaların alınması nəzərdə tutulurdu. Türkiyədən hərbi təyyarələrin alınması da prinsipcə bunun tərkib hissəsidir və bu baş verərsə, təəccüblü heç nə yoxdur".
Xəbər lenti
0