CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayaqyoluna görə töhmət alan müəllim: Başçının qəbuluna düşmək üçün saat 7-də ora getdim

© Sputnik / Ilham MustafayevMəktəb
Məktəb - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Sosial platformada İdarənin bu açıqlamasının həqiqətdən uzaq olduğuna dair çoxsaylı şərhlər yer alıb.
BAKI, 10 yanvar — Sputnik. İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızına töhmət verilməsi ictimai qınağa səbəb olub. Haqqı tələb edən, şagirdləri üçün problemi ictimailəşdirən müəllimə töhmət verilməsi birmənalı qarşılanmır. Baxmayaraq ki, Mil-Muğan Regional Təhsil İdarəsi müəllimin yayılan görüntülərə görə töhmət alması xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.
L.Nəcəfquliyevaya 2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlmədiyi, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət verildiyi iddia olunur. Sosial platformada İdarənin bu açıqlamasının həqiqətdən uzaq olduğuna dair çoxsaylı şərhlər yer alıb. Bu məsələ həm də müəllimlərə hansı hallarda töhmət verilməsinin doğru olduğunu da gündəmə gətirib.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Təhsil haqqında" qanuna və "Müəllimlərin Etik Davranış Qaydaları"görə, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Məhz bu hala yol verməsi onun inzibati tənbeh tədbirlərinə cəlb etməyə əsas verir.
Lakin, K.Əsədov deyir ki, həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq hər bir şagirdin hüququdur:
"Dövlət şagirdlərin sağlam, rahat təhsil mühitini qurmağa borcludur, bu öhdəliyi müvafiq qurum yerinə yetirməyib. Öncə məhz normal təhsil mühitini qura bilməyən təhsil idarəetmə orqanlarının rəhbərləri və əməkdaşlarını inzibati tənbehə cəlb etmək, ondan sonra özü üçün yox, xalqın övladı üçün etiraz edən müəllim barədə düşünmək olar. Mənə maraqlıdır, Elm və Təhsil Nazirliyinin əməkdaşları öz övladlarının o vəziyyətdə məktəbdə təhsil almasına razı olarlarmı?"
K.Əsədov həmçinin qeyd edib ki, məktəblərin qəzalı olması dərsin keyfiyyətinə təsir edir:
"Hazırda ölkəmizdə 4431 orta məktəbin 900-ə qədəri qəzalı vəziyyətdədir.
Hər il ölkə Prezidenti İlham Əliyevin sərəncamları, Heydər Əliyev Fondunun dəstəyi ilə 100-lərlə yeni məktəb binası tikilib istifadəyə verilir, təmir olunur. Amma minimum ehtiyacları ödənilməyən məktəblər var. Məlum İmişli rayon Aranlı kənd orta məktəbinin buraxılış imtahanı və qəbul imtahanları nəticələrini təhlil edəndə görünür ki, orada şagirdlərin dərsə davamiyyəti və imtahanlarda nəticələri yüksək deyil, çox aşağıdır. Bunun bir səbəbi kimi ayaqyolunu qəbul etmək olar. Yəni şagirdlər ayaqyolu olmamasına görə dərsə gəlmir, yəni təbii ehtiyaclarını ödəyə bilmir, yaşlı müəllimlər də məhz məktəbdə ayaqyolu olmamasına görə dərsdən tez çıxırlar".
Leyla müəllimə isə iki gün dərsdən qaldığı üçün ona töhmət verilməsinə belə münasibət bildirib:
"Bəli mən iki gün dərsdən qalmışam. Amma öz kefim, əyləncəm üçün yox! Mən məktəbdə şagirdlərin probleminin həll olunması üçün İmişli Rayon İcra Hakimiyyətində başçının qəbuluna düşmək üçün rayon mərkəzinə getmişəm. İcra hakimiyyətində mənə dedilər ki, gərək başçının qəbuluna düşmək üçün saat 07:00-da burada olasan. Bizim kəndlə rayon mərkəzi arasında xeyli məsafə var. Ona görə rayonda qalıb Təhsil İdarəsinə də getdim. Məni qəbul edib söz verdilər ki, yanvar ayına bu problem aradan qaldırılacaq.
Axı bu iki gün mən məktəbin, şagirdlərin probleminə götə aidiyyatı qurumlara müraciət etmək üçün işdən qalmışam. Bununla belə iki günə görə mənə töhmət verildi. Olsun, mənim vicdanım rahatdır. Çünki birinci siniflər ayaqyolu probleminə görə çox əziyyət çəkirlər. Bəzi uşaqlar ayaqyoluna görə dərsarası öz evinə gedir. Bu problemi həll etmək lazımdır. Yuxarı siniflərdə oxuyan uşaqlar aşağı sinif uşaqlarına ayaqyoluna girməyə imkan vermir. Bu körpələr çox pis vəziyyətdə qalırlar. Bunu mən məktəb direktoruna da demişəm".
L.Nəcəfquliyeva deyib ki, məktəbdə sanitar qovşağın vəziyyəti acınacaqlıdır, şagird sayına uyğun deyil.
Aralı kənd məktəbində üç sanitar qovşaq var. Məktəb qəzalı vəziyyətdə olduğundan yenidən layihələndiriləcək. Bu müddətədək mobil sanitar qovşaqla təmin ediləcək.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Xəbər lenti
0