Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qida ilə bağlı yeni qanun - Təzə tələblər hansılardır, sahibkarlar nələri bilməli?

© AFP 2023 / FAYEZ NURELDINEMarketdə alıcılar, arxiv şəkli
Marketdə alıcılar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Abunə olmaq
"Qida təhlükəsizliyi haqqında" qanun yanvarın 1-dən qüvvəyə minib. Qida sahəsində fəaliyyət göstərən hər bir sahibkar öz fəaliyyətini yeni qanunun tələblərinə uyğun qurmalıdır.
BAKI, 8 yanvar — Sputnik. Azərbaycanda "Qida təhlükəsizliyi haqqında" qanun yanvarın 1-dən qüvvəyə minib. Qida sahəsində fəaliyyət göstərən hər bir sahibkar yeni qanunun müddəaları ilə yaxından tanış olmalı və öz fəaliyyətini onun tələblərinə uyğun qurmalıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hesab edir ki, yeni qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirəcək, vətəndaşların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Eyni zamanda, yeni qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi də öz töhfəsini verəcək.
Qida məhsullarına dair yeni tələblər hansılardır? Sahibkarlar nələri bilməlidirlər?
AQTA-dan bildiriblər ki, yeni qanuna əsasən, 2023-cü il yanvarın 1-dən etibarən xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Yeni qanuna əsasən, bioloji aktiv qida məhsulları, qida və yem əlavələri, təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək.
"Müalicəvi" sözünün yazılması qadağan edilib
Qida məhsullarının, o cümlədən mineral suların üzərində "müalicəvi" sözünün yazılması qadağan edilir və həmin məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda onun idxalına və dövriyyəsinə yol verilməyəcək.
Yeniliklərdən biri də budur ki, qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarına məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib.
Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq.
Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara AQTA tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək.
Qeydiyyat üçün dövlət rüsumu yoxdur
Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək.
Yem məhsullarının dövlət qeydiyyatı "yem zəncirinə" nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, Qida Təhlükəsizliyi İnstitutunun səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.
Sahibkarlar yeni qanunla əlaqədar sualları yarandığı təqdirdə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər.
"Yeyinti məhsulları haqqında" qanun qüvvədən düşüb
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əli Nəbiyev Real TV-də bildirib ki, qida təhlükəsizliyi sahəsində münasibətlər yanvar ayının 1-nə kimi "Yeyinti məhsulları haqqında" qanunla tənzimlənirdi:

"Artıq "Qida təhlükəsizliyi haqqında" qanun qüvvədədir və "Yeyinti məhsulları haqqında" qanun qüvvədən düşüb. Yeni qanun yalnız sahibkarların fəaliyyətini tənzimləmir, bütövlükdə bütün istehlakçıları yəni əhalini maraqlandıran qanundur. Bu qanun insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Yeniliklərdən biri yem məhsullarının bu qanunda əks olunmasıdır. Əvvəlki qanunda yem məhsulları qida təhlükəsizliyi nəzarətinin tətbiq dairəsinə aid deyildi. Sözsüz ki, "Baytarlıq haqqında" qanun çərçivəsində yem məhsullarına nəzarət olunurdu. Lakin yem məhsullarının eyni zamanda "Qida təhlükəsizliyi haqqında" qanunun tətbiq dairəsinə aid edilməsi istehlakçıların hüquqlarının daha mötəbər qorunması və bu sahədə daha ciddi nəzarətin həyata keçirilməsi ilə bağlıdır".

Təsdiqə görə isə rüsum nəzərdə tutulub
O bildirib ki, qanunda qeydiyyatın 2 növü (Obyektlərin, subyektlərin və məhsulların qeydiyyatı) var: "İndiyədək obyektlərin və subyektlərin qeydiyyatı üçün 150 manat dövlət rüsumu nəzərdə tutulmuşdu, artıq qeydiyyata görə rüsum yoxdur. Təsdiqə görə isə rüsum nəzərdə tutulub. Obyektlərin və subyektlərin təsdiqi mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək".
Xatırladaq ki, qanunun tətbiq dairəsi belədir:
Bu Qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.
Bu Qanun qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil olunur.
Bu Qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan ərazisinə idxal olunan yem məhsullarına, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsullarına, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.
Bu Qanun şəxsi istehlak üçün hazırlanan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən miqdarda fiziki şəxslərin özləri tərəfindən və ya poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən qida məhsullarına şamil olunmur.
Ələt azad iqtisadi zonasında qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Onu da bildirək ki, qida məhsulları deyəndə insanların qidalanması üçün nəzərdə tutulan emal olunmamış, yarımemal olunmuş və ya tam emal olunmuş məhsullar, o cümlədən qida əlavələri, bioloji aktiv qida məhsulları, qida xammalı, içkilər (alkoqollu və alkoqolsuz), içməli su (qablaşdırılmış), duz və saqqız nəzərdə tutulur.
Bu anlayışa yem məhsulları, istehlak üçün hazır olmayan diri heyvanlar, toxum, məhsulun yığımına qədər bitkilər, dərman vasitələri, ətriyyat-kosmetik vasitələr, tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr və çirkləndirici maddələr daxil deyil.
Xəbər lenti
0