CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzəri şirin sulu gölə çevirmək: İdeya ekspertlərin, əməl İsrailin

© sputnik.azXəzəryanı
Xəzəryanı - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Cənubi Qafqazın suyu ən az olan ölkəsində İsrailin zavod tikməsi Azərbaycana nə qazandıracaq?
BAKI, 6 yanvar — Sputnik. Su azalanda Xəzərin suyundan istifadə etmək mümkündür.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.
Onun sözlərinə görə, Xəzərin suyunun şirinləşdirilməsi çox önəmlidir. Çünki nə zamansa yeraltı sular, çaylarda sululuq azalsa, bu zaman əhalini, təsərrüfatı su ilə təmin etmək üçün ən yaxşı variant Xəzərin suyunun şirinləşdirilməsi olacaq.
"Bu gün bəzi ölkələr bu yola əl atırlar. Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələrdə dəniz suyundan istifadə etməklə istilik elektrik stansiyaları soyudulur", - İsmayılov deyib.
Onun fikrincə, dəniz suyununu duzsuzlaşdırılmasını icra edəcək zavodun tikintisi ölkəmizə böyük potensial qazandıracaq: "Bu həm də su qıtlığı ilə mübarizədə Azərbaycana dəstək olacaq. Bu səbəbdən də dəniz suyunun duzsuzlaşdırılaraq şirinləşdirilməsi vacibdir".
Bütün dünyada su çatışmazlığının böyük problemlə çevrildiyini deyən Azərbaycan Milli Aviasiya Akademiyasının Ətraf mühitin aerokosmik monitorinq kafedrasının müdiri Aytac Bədəlova da bildirir ki, belə bir zavodun tikilməsi, fəaliyyəti ölkəmiz üçün çox səmərəli olacaq:
"Son zamanlar Xəzərin suyunun səviyyəsi azalır. Bununla belə, həmin suyu şirinləşdirərək ondan kənd təsərrüfatında istifadə etmək olar".
Texnika elmləri namizədi, dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis sistemləri və qurğularıın tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov Sputnik Azərbaycan-a su qıtlığının qlobal problem olmasından danışıb. O, Azərbaycanla müqayisədə digər ölkələrdəki vəziyyəti şərh edib:
"ÜST-ün məlumatına görə, bu gün dünya əhalisinin 80 faizə qədəri çirkli sudan istifadə edir. Azərbaycan üçün də bu problem aktual olaraq qalmaqdadır. Qarabağ ərazisi nəzərə alınmasa, Azərbaycan Cənubi Qafqazın su baxımdan ən kasıb ölkəsidir".
N.Məmmədov bildirir ki, Cənubi Qafqazda içməli su potensialının 62 faizi Gürcüstan, 28 faizi Ermənistan, 10 faizi isə Azərbaycanın payına düşür: "Bu 10 faiz də öz növbəsində Azərbaycanın su tələbatının təxminən 28-30 faizi deməkdir. Mövcud vəziyyət, bu rəqəmlər də Azərbaycanda içməli su probleminin olduğunu bir daha göstərir".
N.Məmmədov deyir ki, belə bir zavod tikilərsə, ölkənin aqrar sektorunda su çatışmazlığı problemi qismən həllini tapar:
"Axıntı sularının duzluluğu yuxarı olduğundan həmin suları təkrar suvarmada istifadə etmək mümkün deyil. Belə bir zavodun yaranması isə ölkə iqtisadiyyatında, su təchizatında böyük inqilab ola bilər. Axıntı sularını heç olmasa texniki məqsədlərlə isitfadə səviyyəsinə çatdırmaq üçün istənilən layihə ölkə iqtisadiyyatına böyük səmərə verərdi. Belə olan halda içməli suyu ancaq məişətdə istifadə etmək, duzsuzlaşdırılan suyu isə texniki məqsədlərlə - suvarmada, həm də içməli su kimi istifadə etmək olar".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov isə Sputnik Azərbaycan-a deyib ki, Abşeron yarımadasında içməli su təchizatı üçün mənbələr kifayət qədər uzaqda yerləşir, təxminən 200 kilometrlik məsafədə yerləşir.
"Son illərdə dünyada baş verən qlobal istiləşmə, müxtəlif səbəblərdən suya tələbatın artması su ehtiyyatlarına təzyiqi daha da yüksəldib. Bu proses ölkəmizdə də hiss olunmaqdadır. Abşeronun özündə belə bir zavod olarsa, itkilərimiz azalar", - deyən Mütəllibov vurğulayıb ki, müəyyən səbəblərdən Azərbaycanın su ehtiyatlarında azalmalar hiss olunur.
"Şirin su mənbələrinin tükənməsi ilə əlaqədar olaraq suların duzsuzlaşdırılmasına da xüsusi önəm verilir. Bu təcrübə əməkdaşlıq etdiyimiz İsraildə də geniş yayılıb", - o, əlavə edib.
F.Mütəllimov qeyd edib ki, Nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən belə bir təcrübə daha əvvəl həyata keçirilib. 2012-ci ildən Salyanın Xıdırlı kəndində Xəzər dənizinin duzsuzlaşdırılması kompleksi fəaliyyət göstərir. Gündəlik olaraq 2 min kubmetr həcmində su təmizlənərək yaşıllıqların suvarılmasında istifadə olunur.
"Yeni bir zavodun tikilməsi Abşeronun su təchizatının yaxşılaşdırılmasına təsir edə bilər. Belə olan halda fasiləsiz şəkildə içməli su təmin oluna bilər. Abşeronda məskunlaşma getdikcə artır. Bu səbəbdən yeni zavodun qurulması yaranacaq tələbatın qarşılanmasına da müsbət təsir etmiş olacaq", - deyə ekspert əlavə edib.
O əlavə edib ki, artan tələbatı qarşılamaq üçün bütün imkanlar diqqətlə nəzərdən keçirilməlidir.
Qeyd edək ki, Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması üzrə zavodunun yaradılması sahəsində əməkdaşlığa dair layihənin potensial investoru qismində iştirakı nəzərdə tutulan "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC və dünyada su və su tullantılarının emalı sahəsində tanınmış İsrailin "I.D.E. Water Assets Ltd" ("İDE") şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarından fəal istifadəyə təkan verib.
"IDE" şirkəti 40 ölkədə fəaliyyət göstərməklə, 400-dən çox zavodun tikintisi və istismarı sahəsində 40 illik təcrübəyə malikdir. Şirkət dünyanın ən böyük zavodları daxil olmaqla (Çin, Hindistan, ABŞ, Avstraliya və İsrail) bir sıra irimiqyaslı membran və termal duzsuzlaşdırma zavodlarının tikintisini həyata keçirib. Şirkət İsrail əhalisinin içməli suya tələbatının 70%-ni təmin edir.
Xəbər lenti
0