CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda taksi şirkətlərinə kim nəzarət edir: Özbaşına dönən çarx, yoxsa gizli əl?

© Baku Transport Agencytaksi
taksi - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Nazirlik taksi şirkətlərinə nəzarət səlahiyyətinin onlara həvalə edilmədiyini bildirib.
BAKI, 5 yanvar — Sputnik. Bakıda taksi operatorlarının sürücüləri ilə bağlı qorxunc məlumatların yayılması davam edir.
Ötən ilin dekabr ayında Bakıda "Uber" taksi şirkətinin narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən 7 sürücüsü tutulub. Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən, əvvəllər məhkum olunmuş "Uber" taksi şirkətinin sürücüsü Anar Kəlbiyev qısa zamanda ifşa edilərək saxlanılıb. Onun üzərindən, avtomobilindən və Abşeron rayonunda yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar olunub.
İlkin sorğu zamanı Anar Kəlbiyev narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi olaraq əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.
Bəs görəsən taksi operatorlarının fəaliyyətinə nəzarət necə həyata keçirilir?
Sputnik Azərbaycan-ın sorğusuna Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət nazirliyin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə (Bakı Nəqliyyat Agentliyinə) müraciət etməyiniz məqsədəuyğun hesab olunur.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bidirib ki, məsələnin inzibati tərəfi həll olunarsa, taksilərlə bağlı qaydalara tam əməl edilər.
Xatırladaq ki, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeniliklər gözlənilir. Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda vahid taksi xidmətinin olması planlaşdırılmasa da, vahid standartlar əsasında, vahid tələblər əsasında taksi xidmətinin qurulması və bununla bağlı bütün şirkətlər üçün vahid norma və standartlar olmalıdır:
"Məqsədimiz budur ki, bügünkü gündə bu fəaliyyətlə məşğul olan taksilər icazə sistemində qeydiyyatdan keçmədən fəaliyyət göstərməsin. İcazə sisteminin olması və tələblərin qoyulması avtomobilin vəziyyəti, sürücülərin iş saatının hətta fundamentini qurur".
R.Hümmətovun sözlərinə görə, Bakıda qanunsuz sərnişindaşımanın səbəbi icazə sisteminin, fərqlənmə nişanının olmamasıdır. O, bildirib ki, hazırda fərqlənmə nişanı Bakı şəhəri üzrə 20% təşkil edir.
"Diqqət etsək avtomobillərin, sürücülərin tələb olunan standartlara cavab verməməsini görürük. Dünyada icazə və lisenziyanın olmadığı şəhər yoxdur. İcazənin əhəmiyyəti ondan ibarətdir ki, bu fəaliyyətlə məşğul olması üçün müəyyən tələblər olur, bu tələblərə cavab verən şəxslər icazəni aldıqdan sonra fəaliyyət göstərirlər. Fəaliyyətdə olan taksilərə baxsaq əksəriyyəti bu tələblərə cavab vermir. Buna nəzarət etmək üçün qanunvericilikdə dəyişiklik edilməsini gözləyirik. Bununla bağlı aidiyyatı nazirliklərlə bir ildir müzakirə aparılır. Çox böyük əhaliyə toxunduğu üçün yaxın vaxtlarda layihənin son variantını görə bilərik", - Hümmətov əlavə edib.
Qanunvericilikdə özəl taksi şirkətlərinin fəaliyyəti ilə bağlı konkret heç nə olmadığından, elə təəssürat yaranır ki, Azərbaycanda taksi xidməti özü öz fəaliyyətini tənzimləyir. Bu xidmət növünə görə cavabdeh kimsə yoxdur. Lakin taksi xidməti göstərənlər davamlı olaraq kimlərəsə haqq ödədiklərini, günlük plan verdiklərinin qeyd edirlər. Əgər belədirsə, onda hər gün taksilərdən gələn milyonlarla manat gəlir hara gedir? Doğrudanmı, az qala vətəndaşın qazandığı hər bir manatın haqq-hesabını aparan hökumətdə kimsəni indiyədək taksilərdən gələn milyonların hara getdiyi narahat etməyib?
Xəbər lenti
0