Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycan təhsilində bazar qaydaları: Yaxşı müəllimlər şagirdə müştəri gözü ilə baxırlar

© Photo : Baku city Education DepartmentВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Xəbərlərə abunə olun
НовостиTelegram
Ekspertin sözlərinə görə, müəllim əgər gününü boş-boşuna keçirirsə, valideynə potensial müştəri gözü ilə baxırsa, bu, artıq müəllim təfəkkürü yox, bazar təfəkkürüdür.
BAKI, 5 yanvar — Sputnik. Millət vəkili Fəzail Ağamalı parlamentin sonuncu iclasında bildirib ki, növbəti sessiyada "Təhsil haqqında qanun"un yenidən işlənməsinə ehtiyac var. Onun sözlərinə görə, hazırda qüvvədə olan "Təhsil haqqında qanun" 1996-2009-cu illərdə ən müxtəlif platformalarda tənqid olunmasına baxmayaraq, qəbul edilib. Lakin təhsil sistemində hansısa inkişafın şahidi olmayıb.
"Bu qanun Azərbaycan təhsil sisteminin inkişafında bir buxov rolunu oynayır. Repetitorluq sistemi orta məktəbləri dağıdır, məhv edir. Şagirdlər 8-9-cu siniflərdən sonra orta məktəblərə getmirlər, müəllimlərin evlərinə gedib, yüksək səviyyədə pul verib hazırlaşırlar", - deputat deyib.
Təhsil üzrə ekspert Vüsal Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, millət vəkili Fəzail Ağamalının qaldırdığı məsələ illərdir problem olaraq qalmaqdadır: "Düşünürəm ki, yalnız məktəblərdə keyfiyyətli təhsil verməklə uşaqları təhsilə geri qaytara bilərik. Artıq 5-ci sinifdən uşaqlar dərslərini çatdıra bilmirlər. Bu amil də şagirdlərin repetitor yanına getməsinə səbəb olur. Nəticədə şagirdlər orta məktəbdən uzaqlaşırlar. Onları geri qaytarmaq üçün təhsilin keyfiyyətini artırmalıyıq. Sinifdə şagird sayına diqqət etməliyik. Dərsliklər də çox ağırdır. Yalnız bu problemləri aradan qaldırmaqla şagirdləri yenidən məktəblərə geri qaytara bilərik".
Təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, məktəblərdə kifayət qədər yaxşı müəllimlər var. Lakin orta və zəif biliyə malik müəllimlərin də sayı kifayət qədərdir. Çox savadlı müəllimlər şagirdlərə repetitor gözü ilə baxırlar. Zəif müəllimlər isə dərsi tədris edə bilmirlər və valideynlər məcbur olaraq övladını repetitor yanına qoyur. Bir çox müəllimlər hətta məktəbdə dərs saatını az götürüb dərsdən sonra repetitorluq fəaliyyəti ilə məşğul olurlar.
"Müəllim məktəbə gedib sinifdə gününü keçirməməlidir. Müəllim əgər gününü boş-boşuna keçirirsə, valideynə potensial müştəri gözü ilə baxırsa, bu, artıq müəllim təfəkkürü yox, bazar təfəkkürüdür. Düşünürəm ki, direktorlar da bu işdə nəzarəti həyata keçirməlidirlər. Valideynlər də müəllimlərə qarşı tələbkar olmalıdırlar. Belə müəllimlər aşkarlandığı halda onlara sərt cəzalar verilməlidir", - deyə İ.Orucov əlavə edib.
O bildirir ki, zəif müəllimləri də zamanla məktəbdən uzaqlaşdırmaq lazımdır: "Düşünürəm ki, yaxşı müəllimlərə yaxşı əmək haqqı versək onlar valideynlərə müştəri kimi baxmazlar".
Təhsil üzrə digər ekspert Kamran Əsədov agentliyimizə bildirib ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksəriyyətində təhsil sisteminin bugünkü durumu acınacaqlıdır:
"Öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ-nin parçalanması post-sovet məkanındakı mövcud vahid sovet təhsil sisteminin də süqut etməsinə səbəb olub. Sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elmi və pedaqoji kadrların mövcudluğuna şəkk yoxdur. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz".
Əsədovun sözlərinə görə, təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür:
"Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən "geri qaldıqları" üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm də məktəb dərsin keyfiyyətinə fikir versin".
Əsədov hesab edir ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı: "Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repititorluq xidməti göstərirlər. Ona görə də Elm və Təhsil, Vergilər, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, eləcə də Dövlət İmtahan Mərkəzinin iştirakı ilə bir komisiya yaradılmalıdır. Bu komissiya təhsil xidmətləri göstərənləri yoxlamalı və fəaliyyət icazəsi verməlidir. Bu gün adi taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı verilir. Bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır".
Ekspert təəssüf edir ki, repetitorluq əsl mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib:
"Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Bu gün repetitorların əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər. Əgər bu tədris vasitəsi olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı".
Xəbər lenti
0