Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kino ittifaqları birləşəcəkmi?

© Photo : The Azerbaijan Union of Film-makersAzərbaycan Kinematoqrafçılar İttifaqı
Azərbaycan Kinematoqrafçılar İttifaqı - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Abunə olmaq
Şeyx Əbdül Mahmudbəyov ARKİ rəhbəri Şəfiqə Məmmədovanın ünvanına sərt ittihamlar səsləndirib.
BAKI, 3 yanvar — Sputnik. 2022-ci ildə ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşəsi oldu. Aylardır ki, kinematoqrafçılarımız arasında olan mübahisələr bitmək bilmir ki, bilmir. Bəs görəsən, bu il hər iki qrum daşı ətəyindən töküb birləşəcəkmi?
Öncə hər iki qurumla bağlı məlumatı sizə təqdim edirik.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb. AKİ Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir. Hazırda həmin qruma Xalq artisti Rasim Balayev rəhbərlik edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı isə 2012-ci il iyunun 21-də "Nİzami" Kino Mərkəzində "Kino və konseptual problemlər" mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdi. Bu ilin dekabrın 20-də isə Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilib. Şəfiqə xanımın yenidən katib seçilməsi sükutu yenidən pozdu. Sosial mediada geniş müzakirələrə səbəb oldu. Bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb. Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi Ayaz Salayev Kino ittifaqlarının Azərbaycan filminə heç bir töhfəsi yoxdur. O bildirib ki, kinomuz pis vəziyyətdədir: "Bu, ortadadır və kino ittifaqlarının Azərbaycan kinosuna heç bir faydası yoxdur. İttifaqların birləşməsi fikri də tez-tez səslənir. Belə bir şey olarsa, mən üzvlükdən imtina edəcəyəm".
© Sputnik / Kamal AlımuradlıAyaz Salayev
Ayaz Salayev - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Ayaz Salayev
ARKİ-nin katibi bildirib ki, ola bilsin ki, irəliləyən günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) qurultayı keçirilsin. O, səsləndirilən iradlarla tanış olmadığını qeyd edib: "Mən ARKİ-nın son iclası ilə bağlı səsləndirilən fikirlərlə tam tanış deyiləm. Amma deyim ki, bu, seçki deyildi, sadəcə iclas idi. Və məqsəd, bir növ, Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləmək idi. Ola bilsin ki, irəliləyən günlərdə qurultay keçirilsin. Bir daha təkrar edirəm, bu, seçki deyildi, sadəcə dəstək məqsədli iclas idi".
Bununla bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov açıqlama verib. O, məsələdən hiddətləndiyini qeyd edib: "Biz qurultayın keçirilməsini gözləyirdik. Çünki sədr seçki yolu ilə qurultayda seçilir. Bunun üçün bütün kino ittifaqının nümayəndələri yığılır, bülletenlər paylanılır, sonra sədrin hesabatı dinlənilir və nəhayət sonuncu mərhələdə seçkilər keçirilir. Həmçinin, qurultay üzvləri sədrin hesabatına münasibət də bildirməlidilər. Mənə dedilər ki, qurultay olub və Şəfiqə Məmmədova sədr seçilib. Cavab olaraq bildirdim ki, bu hadisədən mənim xəbərim yoxdur. Dünyanın hər yerində kino ittifaqlarının sədri kino rejissoru olur. Çünki bu, rejissor sənətidir. Aktyor isə gəlib çəkilir və gedir, onun yeri teatrdır. Aktyor necə ittifaqa rəhbərlik edə bilər ki? Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi?"
Xalq artisti bildirib ki, iclasda idarə heyətindən 8-10 nəfər iştirak edib. Lakin burada ittifaqa daxil olan ən sadə üzvdən rəhbər heyətə qədər hamı iştirak etməli idi. Həmçinin, qurultayda sədr seçmək üçün bir neçə namizəd olmalıdır. Nə qurultay baş tutub, nə də Şəfiqə Məmmədovaya alternativ namizəd olub: "Şəfiqə xanım da deyib ki, "Şeyx gəlsə, aləmi qatar bir-birinə". Kinoya xidmət edən və ittifaqın yadacısı olanlardan biri mənəm. 50 ildir ki, bu sahədəyəm, Şəfiqənin o zaman harada olduğunu heç kim bilmir. Şəfiqə Məmmədova hazırda bilmir ki, ittifaqda kim nə ilə məşğuldur. Mən 10 ildir ki, kinoda yoxam, onun isə bu sahəyə heç bir aidiyyatı yoxdur".
O, əlavə edib ki, bu yalançı qurultaydır və dövlətin adından istifadədir:
"Şəfiqə Məmmədova dövlətin adı ilə yalandan alver edib və katiblərin hesabat məruzəsini dinləyib. Həmçinin, onu qurultay kimi təqdim edərək mətbuata da informasiya verib ki, guya yekdilliklə sədr seçilib. Bu, yalandır, belə bir qurultay və seçki olmayıb. Bu, çox gülməli vəziyyətdir. 10 ildir ki, qurulay keçirilmir, amma onun 5 ildən bir keçirilməsi lazımdır. Dövlət buraya pul ayırıb. Şəfiqə Məmmədovanın 80 yaşı var, onun sədr kimi orada nə işi var? Bu ittifaq heç nəyi həll etmir. İttifaq 2-3 nəfərin şəxsi butqası və sexinə çevrilib. Onlar da öz qohumlarını oraya yığıblar. Orada nə işlə məşğuldurlar, heç kim bilmir. Dövlət ittifaqa o qədər pul ayırır, lakin kinonun özünə pul ayırmaq lazımdır. O puldan səmərəli istifadə edərək yaxşı filmlər çəkmək olar".
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev isə mətbuata açıqlamasında Azərbaycanda iki kino ittifaqına ehtiyac olmadığını bildirmiş, onların birləşdirilməsini təklif etmişdi. Həmin ittifaqın katibi Əli İsa Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında birləşməyə hər zaman hazır olduqlarını bildirib: "Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq hər zaman birləşməyə hazırıq. Düşünürəm ki, bir olsaq, əl-ələ versək, daha faydalı işlər görə bilərik".
© Sputnik / Kemale AliyevaRasim Balayev
Заседание правления Союза кинематогрифистов Азербайджана - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Rasim Balayev
Məsələ ilə bağlı sabiq Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ictimai birliklərdir. Bu qərarı onlar verməlidirlər: "Biz onların fəaliyyətinə qarışmaq istəmirik, sadəcə dəstək göstəririk. Bu ictimai birliklərin birləşməsi məsələsi onların özündən asılıdır".
Xəbər lenti
0