Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Əmək bazarı onları istəmir: Azərbaycan ali təhsil alanların sayına görə niyə geridədir?

© pixabay / Free-Photosİşsiz adam
İşsiz adam - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Abunə olmaq
Azərbaycanın əmək bazarında yerli universitetləri bitirənlərə deyil, beynəlxalq sertifikatları olan işçi qüvvəsinə üstünlük verilir.
BAKI, 1 yanvar — Sputnik. Ölkədəki 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Ümumilikdə, ali təhsillilər ölkə əhalisinin 17 faizini təşkil edir. Bu isə hər min nəfər 170 nəfər deməkdir. Yəni, mövcud rəqəmlər dünyada qəbul edilmiş normadan aşağıdır. Dünyada qəbul edilən normaya görə ən azı ölkə əhalisinin 30 faizi ali təhsilli olmalıdır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ali təhsilin keyfiyyətinə gəlincə, ekspert qeyd edir ki, ölkədə birmənalı şəkildə ali təhsilin keyfiyyəti yoxdur:
"Məzunların iş təminatına baxdıqda biz bunu açıq şəkildə görə bilərik. Məzunların yalnız 42 faizi ixtisasına uyğun işləyə bilir. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə cavab verən müasir kadr hazırlamırlar. Son 3 il ərzində BDU-nun beynəlxalq reytinqində irəliləyiş var. Universitetin digər müsabiqələrdə də nəticələri kifayət qədər yaxşıdır. BDU istisna olmaqla, digər 50 universitetimiz dünya reytinqində yoxdur, ümuiyyətlə onların tədqiqat işləri çox bərbad vəziyyətdədir".
Ekspertin fikrincə, universitetlər tədqiqat mərkəzlərinə çevrilməlidir və bunun üçün şərait yaradılmalıdır:
"Universitetlər pul qazanmalıdır, lakin bu pul rektorların yüksək həyat tərzinə, çoxlu ev almağına deyil, təhsil müəssisələrinin kitabxanalarına, tədqiqat mərkəzlərinin açılmasına və s. xərclənməlidir. Mövcud vəziyyətə nəzər saldıqda isə universitetlərin buna pul xərcləmədiyini görə bilərik".
Təhsil üzrə digər ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan ali təhsillilərin sayına görə keçmiş MDB ölkələri sırasında ən sonuncu yerdə qərarlaşıb:
"Bu sayın az olmasının əsas səbəblərindən biri də qəbul imtahanının həddindən artıq çətin olmasıdır. Bu da gənclərin təhsil almasına maneədən başqa bir şey deyil. Təhsil ekspertləri olaraq dəfələrlə təklif vermişik ki, test hazırlamaq səlahiyyəti DİM-dən alınmalıdır. DİM sadəcə olaraq imtahanı keçirən texniki bir quruma çevrilməlidir".
O bildirir ki, təhsilhaqqı məsələsi də əsas problemlərdən biridir. Ölkədə 260 min tələbənin 135 mini ödənişli təhsil alır: "Üç il öncə bu rəqəmlər daha ürəkaçan idi, hər yüz tələbədən 70-i ödənişli təhsil alırdı".
İmtahandan kəsilənlər çoxdur, bəs təhsil almaq istəyənlər necə?
E.Qafarovun sözlərinə görə, tam orta təhsili başa vuran hər yüz nəfərdən təxminən 90-nı ali təhsil almaq üçün sənəd verir. Lakin hər il təxminən 6 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq saxlayır.
"2020-ci ildə Təhsil Tələbə Kredit Fondu yaradılıb və tələbələrə təhsil haqqını ödəmək üçün verilən kreditlərin faiz dərəcəsi 2-6 arasında dəyişir. Rəqəmlərə baxdıqda görə bilərik ki, təxminən bir il ərzində fond 13 min 500 nəfərə təhsil krediti verib. Bu isə ödənişli təhsil alanların 10 faizidir. Fondun şərtləri çox sadədir. Dünyanın başqa ölkələrində bu sistem var, amma Azərbaycandakı qədər asan, əlçatan deyil. Təhsil Tələbə Kredit Fondu bütünlükdə ödənişli təhsil alanları kreditlə təmin etməkdə maraqlıdır. Fond üçün 80 milyon manat vəsait ayrılmışdı. Bir il ərzində isə əlavə olaraq 22+8 milyon manat vəsait ayrıldı. Bu da ümumilikdə 110 milyon manat deməkdir. Təhsil kreditinin əsl mahiyyəti başa düşülmədildiyi üçün müraciət edənlərin sayı azdır", - deyə o, əlavə edib.
Ekspert bildirir ki, qarşıya böyük hədəflər qoyularsa, 2028-ci ilədək ölkədə ali təhsillilərin sayını 30 faizə qaldırmaq olar. Problemin həlli üçün ali təhsil müəssisələrinin sayını artırmaq olar. Amma bu zaman da keyfiyyət məsələsi sual doğuracaq:
"Şəffaf əmək bazarı olmalıdır. Təəssüf ki, bu gün müəssisələrin çoxu məmurların əlindədir və onlarda da iş yerlərinin sayı bilərəkdən azaldılır. Bu cür neqativ hallarla mübarizə sərtləşdirilməlidir. Lakin universitetlərin sayının çoxalması keyfiyyətin yaxşılaşması demək deyil. Bu məsələyə kompleks yanaşmaq lazımdır".
Rəqəmlər nə deyir?
2022-ci ildə ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib. Onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Onların 15 min 943-ü I qrup, 11 min 558-i II qrup, 13 min 949-u III, 3 mi 690-ı IV qrup, 3 min 701-i isə V qrup üzrə təhsil alanlardır. Ümumilikdə ali məktəbə qəbul olanların 104678-i qadın olub. Bu da ötən illərlə müqayisədə kifayət qədər yüksəkdir. 2000-2001-ci ildə bu rəqəm 49 min 858, 2005-2006-cı ildə 62 min 22, 2010-2011-ci ildə 65 min 112, 2015-2016-cı ildə bu rəqəm 78 min 662, 2020-2021-ci ildə isə 97 min 163 olub.
2020-ci illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olub.
İllər üzrə rəqəmlərə nəzər yetirdikdə görə bilərik ki, son 22 ildə ölkədə ali təhsil almaq istəyənlərin sayı artıb. Belə ki, 2000-2001-ci ildə 119 min 683 nəfər, 2005-2006-cı ildə 129 min 948, 2020-2011-ci ildə 140 min 241, 2015-2016-cı idə 161 min 234, 2020-2021-ci ildə 198 min 707, 2021-2022-ci ildə isə 212 min 173 nəfər ali təhsil müəssisələrinə qəbul olub.
Əmək bazarının vəziyyəti "ruscadır"
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev bildirib ki, iş elanlarının 23 %-də orta ixtisas diplomu tələb edilir. 7 % iş elanlarında isə təhsil kateqoriyası göstərilmir: "Bu gün Azərbaycanda şirkətlər işəgötürmə zamanı cəmi 0,7 % halda magistratura təhsil səviyyəsinin olmasını tələb edir. Cəmiyyətdə fikir var ki, magistratura təhsili karyerada irəliləyiş üçün önəmlidir, reallıq isə əksini göstərir".
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun əsas fəaliyyət istiqamətlərindən biri də əmək bazarı ilə bağlı təhlillərin aparılması və proqnozların hazırlanmasıdır.
"Observatoriyanın "Azərbaycanda əmək bazarında iş elanlarının kəmiyyət təhlili" tədqiqatı zamanı əmək bazarında işəgötürənlərin daha çox onlarda olan əmək sahələri üzrə bilik və bacarıqlara malik, daha çox beynəlxalq sertifikatları olan işçi qüvvəsinə üstünlük verdiyi müəyyən olunub. Bir sıra yerlərdə həmin iş yerlərinin xüsusiyyətinə uyğun olaraq ali təhsil tələbi var. Bir qismində magistratura diplomu tələbi də qoyulur. Magistratura artıq əvvəlki mərhələdə qazanılmış, öyrənilən biliklərin, ixtisas bacarıqlarının daha da inkişaf etdirilməsinə, möhkəmləndirilməsinə imkan verdiyi üçün bakalavr təhsili alanlar bir çox hallarda magistr təhsilini də keçməyə çalışırlar ki, bu onların gələcək karyerasına da müsbət təsir edir", - deyə verilən məlumatda bildirilib.
Xəbər lenti
0