Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Paytaxt məktəblərinin 2022-ci təqvim ilində ümumi mənzərəsi necə olub?

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi, arxiv şəkli
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Bakı şəhərindəki iki ümumtəhsil müəssisəsinin məzunu bu il buraxılış və ali məktəblərə qəbul imtahanında maksimum bal toplayıb.
BAKI, 31 dekabr — Sputnik. 2022-ci tədris iliini başa vurmaq üzrəyik. Bəs görəsən yola saldığımız ildə paytaxt təhsilinin təqvim ilinin mənzərəsi necə görünür?
2022-ci təqvim ilinin mənzərəsi
Sputnik Azərbaycan-ın sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)bildirdilər ki, bu il İdarə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda hədəf kimi qarşıya qoyulan ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və müvafiq istiqamətlərdə tədbirlərin həyata keçirilməsi baxımından məqsədyönlü fəaliyyətlərin icrası, həmçinin yeni dövrün çağırışlarından irəli gələn tələblərin yerinə yetirilməsi və digər yeniliklərlə yaddaqalan olub.
Ümumi statistika
BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.
22 901 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub
BŞTİ-nin tabeliyindəki 282 ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 22 901 uşaq cəlb olunub.BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2022-ci təqvim ilində 48 829 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
1 751 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini 1 751 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub. Onlardan 982 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 769 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.
38 məzun qızıl və gümüş nişana layiq görülüb
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2021-2022-ci dərs ilində 38 məzun qızıl və gümüş nişanla başa vurub. Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 22-si qızıl, 16-sı gümüş nişana layiq görülüb.
54 Bakı məktəblisi olimpiadada qalib olub
2022-ci təqvim ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 54 paytaxt məktəblisi qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 19 nəfər gümüş, 27 nəfər bürünc medal qazanıb.
Məntiq Olimpiadasında 21 paytaxt məktəblisi qalib olub
2022-ci təqvim ilində Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 21 paytaxt məktəblisi qalib olub. Belə ki, 1 nəfər I, 6 nəfər II, 14 nəfər isə III yerə layiq görülüb. V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.
Respublika fənn müsabiqələrində 35 şagird qalib olub
Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında Respublika fənn (fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə) müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 10 nəfər riyaziyyat, 4 nəfər fizika, 10 nəfər biologiya, 11 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.
155 "Sağlam təhsil" sinfi təşkil edilib
Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin davamlılığı təmin edilib. Layihə çərçivəsində paytaxtdakı 19 ümumi təhsil müəssisəsində 108 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir. Həmçinin Bakıdakı 31 məktəbdə 47 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu da təşkil olunub.
Tədris ilinin ilk dərsləri
2022-2023-cü tədris ilində ilk dərslər I-XI siniflərdə "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub. Təhsil infrastrukturu dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Həmçinin ölkə Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 nömrəli tam orta məktəbdə və Suraxanı rayonunda yeni inşa edilmiş 87 nömrəli məktəb kompleksində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 292 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub, həmçinin 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
33 nəfər təhsil işçisi təltif edilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 33 nəfər təhsil işçisi təltif edilib. Belə ki, Ölkə Prezidentinin sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfər "Tərəqqi" medalı ilə təltif edilib, 2 nəfər isə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Həmçinin elm və təhsil nazirinin əmri ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 11 nəfər "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 17 nəfər "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunub.
Təhsil işçiləri BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb
BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri təltif edilib. Belə ki, uzun müddətli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatan, əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərlərinə və 2022-ci ildə səmərəli fəaliyyəti ilə fərqlənən məktəb direktorlarına BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Buraxılış və qəbul imtahanlarında maksimum nəticə
BŞTİ-nin tabeliyindəki 125 nömrəli tam orta məktəbin şagirdi Ağazadə Nigar Əhədulla qızı buraxılış və IV ixtisas qrupu üzrə qəbul imatahanlarında bütün suallara düzgün cavab verərək maksimal olan 700 bal toplayıb. Həmçinin 286 nömrəli tam orta məktəbin şagirdi Orucov Nəcməddin Nəsimi oğlu buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərərək 300 bal toplayıb.
30 məktəbin İnkişaf Planı hazırlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin İnkişaf Planı hazırlanıb. İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər. Qeyd edək ki, növbəti təqvim ilində 50 məktəbin inkişaf planının hazırlanması nəzərdə tutulub.
16 mindən çox şagird təmayül sinifdə təhsil alır
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 085 şagird təhsil alır. Qeyd edək ki, 2022-ci təqvim ilində paytaxtın 15 təhsil müəssisəsində təmayül sinifləri üzrə monitorinqlər aparılıb və 50-yə yaxın dərs dinlənərək təhlil edilib. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
100-dən çox şagird inklüziv təhsilə cəlb edilib
Bakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib. İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
484 şagird fərdi təhsil alır
2022-ci təqvim ilində paytaxt üzrə 121 şagird fərdi təhsilə cəlb olunub. Qeyd edək ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alır. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.
İşə qəbul üzrə 2 334 vakansiya təqdim olunub
2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 334 vakansiya təqdim olunub.
2 012 nəfər işə qəbul olunub
Müsabiqələr nəticəsində 2 012 nəfər işə qəbul olunub.
Bunlardan 795 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 098 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 119 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub. Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 322 ixtisaslı kadr dəvət edilib.
Şagird sayı 500-dək olan 3 təhsil müəssisəsinə direktor təyin edilib
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib. Müsabiqə nəticəsində 3 təhsil müəssisəsinə (50, 206 və 231 nömrəli məktəblər) direktor təyin olunub.
541 müəllimin iş yeri daimiləşib
Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 541 nəfər müəllimin iş yeri daimiləşib.
290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2022-ci təqvim ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.
60 nəfər direktor müavini vəzifəsinə təyin edilib
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
21 nəfər təşkilatçı vəzifəsinə təyin edilib
2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 21 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.
222 nəfər psixoloq vəzifəsinə işə qəbul hüququ qazanıb
BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərindən müvəffəqiyyətlə keçən 222 nəfər işə qəbul hüququ qazanıb.
44 nəfər GÇH rəhbəri vəzifəsinə işə qəbul hüququ qazanıb
BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərini müvəffəqiyyətlə başa vuran 44 nəfər işə qəbul hüququ qazanıb.
Məktəb idarəçiliyi
2022-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 13 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib. 172 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Ümumilikdə 30 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.
5 məktəbin direktoru vəzifəsi TDM-in metodistlərinə həvalə edilib
BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsinin direktoru vəzifəsi Təlimə Dəstək Mərkəzinin metodistlərinə həvalə edilib. Məktəb rəhbərliyi vəzifəsinin metodistlərə həvalə edilməsinin əsas məqsədi BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin idarəetməsinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi vermək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə daha yaxından metodiki yardım göstərməkdən ibarətdir.
Orta aylıq əmək haqqı 867 manat təşkil edib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-ci təqvim ilində 867 manat təşkil edib.
Məktəblərə yeni qaydalar gəlir
Elm və Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" hazırlanıb. İctimai müzakirəyə çıxarılan hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Qeyd edək ki, ictimai müzakirə nəticəsində toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.
68 məktəbdə operativ monitorinqlər keçirilib
2022-ci ildə BŞTİ-nin tabeliyindəki 68 ümumi təhsil müəssisəsində tədris prosesinin effektiv təşkili və idarə olunmasını müşahidə etmək məqsədilə operativ monitorinqlər keçirilib. Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.
Buraxılış fənləri üzrə monitorinq aparılıb
BŞTİ tərəfindən VI, VII və IX siniflər üzrə monitorinq aparılaraq nəticələri təhlil olunub. Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.
Buraxılış siniflərinin nəticələri təhlil edilib
Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları fənləri üzrə keçirilmiş monitorinqlərin keyfiyyət təhlilləri aparılıb. Təhlillərin nəticələri barədə məlumatların aidiyyatı üzrə ötürülməsi həyata keçirilib. Həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən paytaxtın ümumi təhsil müəssisələrinin IX və XI siniflərində təşkil olunan buraxılış imtahanlarının nəticələri təhlil edilib. Keyfiyyət təhlillərinin əsas məqsədi buraxılış imtahanlarında şagirdlərin nailiyyətlərini müəyyən etmək, problemləri vaxtında aşkarlamaq və bununla bağlı dəstək proqramlarının həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Rəqəmsal summativ qiymətləndirmələr
2022-ci təqvim ilindən başlayaraq BŞTİ-nin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir. Rəqəmsal summativ qiymətləndirmələr IV-XI siniflərdə bütün fənlər üzrə Microsoft TEAMS proqramı vasitəsilə aparılır. Rəqəmsal summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.
Nümunəvi tədris planları hazırlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən bütün fənlər üzrə illik və cari planlaşdırma nümunələri hazırlanıb. Nümunələr ümumi təhsil müəssisələrinə göndərilib. Elektron hesabat və təqdimat modeli üzrə hesabatlar dinlənilib. 2022-ci təqvim ilində təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli hazırlanaraq məktəblərə təqdim olunub. Hazırlanan formalar üzrə paytaxtın təhsil müəssisələrinin hesabatları dinlənilib. Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayır.
Məktəblərə Fəaliyyət Planı formaları təqdim edilib
Təhsil müəssisələrinə illik Fəaliyyət Planı formaları təqdim olunub. Fəaliyyət planlarının tərtibi ilə əlaqədar 58 ümumi təhsil müəssisəsinin rəhbəri ilə görüşlər keçirilib. Təqdim olunan fəaliyyət planları hədəflərin düzgün tərtib edilməsi və nəticələrin təhlili baxımından əhəmiyyətlidir.
Bakı Elm Olimpiadası keçirilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadası keçirilib. Olimpiadanın I turunda 270 ümumi təhsil müəssisəsindən 800 şagird iştirak edib ki, onlardan 20 məktəbi təmsil edən 60 şagird final turuna vəsiqə qazanıb. Olimpiadanın nəticələrinə əsasən, qaliblərə qızıl, gümüş və bürünc medallar təqdim olunub. Eyni zamanda həvəsləndirici yerlərə layiq görülən məktəblilər, təşkilat komitəsinin üzvləri diplom və hədiyyələrlə təltif ediliblər.
Olimpiadanın finalında qalib olan 147 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri Kolumbiyada keçiriləcək beynəlxalq olimpiadada iştirak hüququ qazanıblar. Bakı Elm Olimpiadasının keçirilməsində əsas məqsəd keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.
Paytaxt üzrə 275 məktəbdə "Yay məktəbi"
2022-ci ildə BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində "Yay məktəbi" təşkil edilib. 16-30 iyun tarixlərini əhatə edən "Yay məktəbi"nə ümumi təhsil müəssisələrinin I-X sinifləri üzrə 19 827 şagird qoşulub.
Ödənişsiz və könüllü əsaslarla keçirilən "Yay məktəbi" şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.
"Yay məktəbi" çərçivəsində BŞTİ tərəfindən ümumi təhsil məktəblərində həyata keçirilən bir sıra layihələr davam etdirilib, şagirdlər üçün vətənpərvərlik, ekologiya və mina təhlükəsizliyi mövzularında maarifləndirici görüşlər keçirilib, həmçinin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, ingilis dili, robototexnika sahəsində bilik və bacarıqların artırılması, düzgün peşə seçimi istiqamətlərində tədbirlər baş tutub.
"Məktəblinin dostu" layihəsi
"Məktəblinin dostu" layihəsi BŞTİ-nin tabeliyindəki 178 ümumi təhsil müəssisəsini əhatə edir. 330 min şagirdi əhatə edən layihə üzrə hazırda 314 əməkdaş – "Məktəblinin dostu" çalışır. 2022-ci təqvim ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər həyata keçirilib. Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
5 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir
2022-ci təqvim ilində paytaxtdakı 5 təhsil müəssisəsində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi tətbiq olunub.
BŞTİ-nin tabeliyindəki 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
Paytaxt üzrə 69 layihə qalib olub
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub. Onlardan 24-ü ümumi təhsil müəssisələri kateqoriyası, 45-i isə fərdi layihələr kateqoriyası üzrə fərqlənib. Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
Paytaxt məktəbliləri beynəlxalq elm olimpiadalarında
Paytaxt məktəbliləri 2022-ci təqvim ilində ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər. Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə gümüş medalın, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə isə bürünc medalın sahibi olub. 39-cu Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medal qazanıb. Norveçin paytaxtı Oslo şəhərində keçirilən 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə isə həvəsləndirici mükafat əldə edib. Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının təşkil etdiyi və 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı X Avropa riyaziyyat kuboku müsabiqəsində Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə III dərəcəli diploma layiq görülüb. Meksikada təşkil olunmuş "Infomatrix" Beynəlxalq Layihə və Robotexnika Olimpiadasının dünya finalında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Cavid Salam Mirsalayev gümüş medal qazanıb.
Paytaxt məktəbliləri idman sahəsində 638 medal qazanıb
2022-ci təqvim ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 283 qızıl, 134 gümüş, 221 bürünc olmaqla, ümumilikdə 638 medal əldə ediblər.
Təmir, tikinti, təchizat
2022-ci təqvim ilində BŞTİ-nin tabeliyindəki 96 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib. Ehtiyac olan ərazilərdə 7 yeni məktəbin (Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı, Xocasən qəsəbəsi, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb. Bundan əlavə, 1 məktəbdə (320) əsaslı təmir və bərpa gücləndirmə işləri, 2 məktəbdə (87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 1 məktəbdə isə (35) binanın sökülərək yenidən tikintisi həyata keçirilib. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, "Çiçək") əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib. Həmçinin cari ildə 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, "A.Məmmədov" adına) əsaslı təmir işlərinə başlanılıb.
Xəbər lenti
0