Azərbaycanda mühüm iqtisadi hadisələr - 2022-ci ilin yekunları
© Sputnik / Murad OrujovBakı şəhərinə mənzərə, arxiv şəkli
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası, "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi və digərləri mühüm hadisələrdir.
BAKI, 31 dekabr — Sputnik. 2022-ci il Azərbaycanda mühüm və əhəmiyyətli iqtisadi hadisələrlə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası, "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi və digərləri mühüm hadisələrdir.
Hadisələrin sayı o qədər çoxdur ki, onları sadalamaq üçün bir məqalə bəs etməz, ona görə də ən mühüm hadisələri təqdim edirik:
Külək Elektrik Stansiyasının təməli qoyulub
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edərək bildirib ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında icra müqaviləsi imzalanıb. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilib və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq...
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
"Yaşma" qovşaq yarımstansiyasının açılışı olub
Prezident İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib. "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan "Yaşma" yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.
"Sumqayıt", "Qobu", "Xaçmaz" elektrik stansiyaları ilə birbaşa, "Azərbaycan" İstilik Elektrik Stansiyası və "Cənub" Elektrik Stansiyası ilə isə "Abşeron" yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən "Yaşma" qovşaq yarımstansiyasının "Qobu" Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni "Yaşma" Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən "Yaşma" yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. "Qobu" Elektrik Stansiyasından "Yaşma" yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.
Məlumat verilib ki, enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılıb. 120 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək, xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər, texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yenidən qurulan 330 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında
Prezident İlham Əliyev yenidən qurulan 330 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında
"Ağdam-1", "Ağdam-2" yarımstansiyaları istifadəyə verilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olublar. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağdam şəhərində yeni inşa olunmuş "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının, o cümlədən "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.
Bildirilib ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərenerji" ASC tərəfindən "Xındırıstan" yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Ən əsası isə Ağcabədidən Xındırıstana, oradan da "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.
Məlumat verilib ki, Ağdam rayon mərkəzində yaradılan böyük və müasir enerji kompleksinin bir hissəsində 110 kilovoltluq açıq və 35, 10 kilovoltluq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina da daxil olmaqla, yeni 110/35/10 kilovoltluq "Ağdam-1" yarımstansiyası tikilib. "Ağdam-1" yarımstansiyası tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, sistemin monitorinq və analizinin, problemlərin tez həllinin proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin olunub.
Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.
Dövlətimizin başçısı Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində "Ağdam-1" elektrik yarımstansiyasının açılışını edib. Bildirilib ki, Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur. Rəqəmsal İdarəetmə Mərkəzindən obyektlərin monitorinqi aparılmaqla, parametrlərdə düzəlişlər edilməsi imkanı yaradılıb. Bu da serverlərin, o cümlədən digər şəbəkə aktivlərinin istismarı üzrə məlumat axınına nəzarət və onun idarə olunmasını mümkün edir. Yeni tətbiq olunan elektron texniki pasportlaşma nəticəsində Mərkəzdən "Azərenerji" ASC-nin struktur tərkibinə daxil olan istənilən müəssisənin nəzdindəki avadanlığın texniki göstəricilərinə və formullarına nəzarət etmək mümkündür.
© Photo : Azerenerji “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları
“Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları
© Photo : Azerenerji
Həmçinin Qarabağ üzrə Operativ Qərargaha təqdim edilən və ali rəhbərlik tərəfindən təsdiqlənmiş memarlıq layihələri, xətlərin keçdiyi yerlər, icazələr sənədləşdirilərək elektron qaydada sistemləşdirilib. Satınalmalar prosesinin rəqəmsallaşdırılması balans və qalıq dəyərlərinin dəqiq uçotunun aparılmasına, materialların naviqasiyalı hərəkətinin izlənməsinə, israfçılığın aradan qaldırılmasına və səmərəliliyin artırılmasına imkan verib. Nəticədə avadanlığın təmiri, daşınması, qəzaların aradan qaldırılması xərcləri, ehtiyat hissələrinin alınması və başqa sahələrdə səmərəlilik orta hesabla 30 faiz yüksələrək böyük həcmdə maliyyə vəsaitinə qənaət edilib.
Dövlətimizin başçısına məlumat verilib ki, Ağdam rayonunun Əsgərana yaxın Şelli kəndi istiqamətində yeni 110/35/10 kilovoltluq "Ağdam-2" yarımstansiyası da inşa edilib. Bir neçə ay ərzində minalardan təmizlənmiş ərazidə dördüncü sənaye inqilabının yaratdığı texnoloji yeniliklərə uyğun olaraq süni intellektə adaptasiya edilən enerjisistem şəbəkəsi konsepsiyası çərçivəsində müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya tikilib. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb, açarların, ayırıcıların və digər texniki avadanlığın açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzi isə 35 və 10 kilovoltluq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilməklə yanaşı, əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən micro-SCADA sistemi yaradılıb və "Azərenerji"nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.
Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
© Photo : Azerbaijan Highway State AgencyHoradiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşası
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşası
© Photo : Azerbaijan Highway State Agency
"Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının açılışı olub
Prezident İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası haqqında məlumat verib.
Bildirilib ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir. "Yaşıl enerji zonası" konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Kəlbəcər-1" KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.
Qeyd olunub ki, "Kəlbəcər-1" KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub. Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib
İlham Əliyev “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib
Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub
Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Azərbaycan və Türkiyə prezidentlərinə hava limanı barədə məlumat verib. Bildirilib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.
Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və "Eurocontrol"un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.
Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev və RƏcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq hava limanında
İlham Əliyev və RƏcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq hava limanında
Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq edilib
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılıb. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyata əhəmiyyətli zərər vurulub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Sənədə əsasən, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib.
© Photo : State Committee For Affairs Of Refugees and Internally Displaced Persons Of The Republic Of AzerbaijanAğalı kəndinə köç
Ağalı kəndinə köç
© Photo : State Committee For Affairs Of Refugees and Internally Displaced Persons Of The Republic Of Azerbaijan
Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası necə gedir?
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın tərkib hissəsi kimi əhalinin dayanıqlı məskunlaşması ərazilərdə ilkin şərtlərin yaradılması, "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası, qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payının artırılması kimi mühüm tədbirlərin mərhələli şəkildə, prioritetlik prinsipi ilə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla icrası üçün zəruri maliyyə təminatının yaradılması da növbəti illərdə büdcə siyasəti qarşısında duran əsas çağırışlardandır.
Bununla yanaşı, növbəti illərdə aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə daha çox texnoloji komponentli kreditlərin cəlb edilməsi, ayrılacaq kreditlərdən özəl sektorun bəhrələnməsi, həmçinin kredit layihələrinin seçimi prosesində yerli xam mal və materialların geniş istifadəsi, eləcə də valyuta amili nəzərdə saxlanılacaq.
Milli xərc prioritetlərinə daxil olan, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması məqsədilə əlverişli və etibarlı investisiya mühitinin yaradılması sahəsində görüləcək işlər dəstəklənəcək.
Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3 milyard manat məbləğində olacağı proqnozlaşdırılır ki, bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz və ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək.
Azad olunmuş torpaqlarda ilk "Ağıllı kənd"in inşasının birinci mərhələsi başa çatıb. Zəngilan rayonunun Ağalı kəndi "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulub, burada "Smart village" konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Artıq kənd sakinlərinin 30 illik işğal dövründən sonra öz yurdlarına qayıtması təmin edilib və bu gün onlar Qarabağ bölgəsində quruculuq işlərinin fəal iştirakçılarına çevriliblər.
"Ağıllı kənd"ə qayıtmış sakinləri arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür. Kənddə salınmış intensiv meyvə bağları, heyvandarlıq kompleksi, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri Ağalı sakinlərinin davamlı gəlir əldə etməsinə və işlə təmin olunmasına hesablanıb. "Ağıllı kənd" layihəsi çərçivəsində aqrar emal müəssisələrinin inşası burada istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yaradacaq.
İşğaldan azad olunmuş torpaqlarda 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb, bu rəqəmin növbəti mövsüm daha da artacağı gözlənilir.
Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən il ilk dəfə Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə dair pilot layihə icra olunub. Bu il isə layihənin miqyası genişləndirilib, yaylaq mövsümündə Laçın və Kəlbəcərlə yanaşı, Qubadlı, Cəbrayıl, Füzuli və digər rayonlara heyvandarlıq təsərrüfatlarının köçürülməsi təmin edilib.
© SputnikZəngəzur
Zəngəzur
© Sputnik
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq.
İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarətxidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək.
İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə "yaşıl enerji zonası" konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.
© AFP 2024 / Tofik BABAYEVZəngilan rayonunun Ağalı kəndi
Zəngilan rayonunun Ağalı kəndi
© AFP 2024 / Tofik BABAYEV
Azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyası təmin edilir
Bu strateji məqsədin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi tələb olunur.
Sözügedən işlər müasir təcrübə və yanaşmalar əsasında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq üzrə qət olunan məsafə qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.
Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcək.