CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını təsdiqləyib

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Gələn il ölkə üzrə yaşayış minimumunun məbləği 36 manat artırılaraq, ehtiyac meyarının həddi isə 46 manat artırılaraq 246 manat olacaq.
BAKI, 30 dekabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" qanunu təsdiqləyib.
Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunu da təsdiqləyib.
Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilib.
Bu Qanun da 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, gələn il ölkə üzrə yaşayış minimumunun məbləği 36 manat, ehtiyac meyarının həddi isə 46 manat artırılaraq 246 manat olacaq. Bu il yaşayış minimumu ölkə üzrə 210 manat, ehtiyac meyarının həddi isə 200 manat müəyyən edilib. Beləliklə, 2023-cü ildə yaşayış minimumunun məbləği 2022-ci illə müqayisədə 17,14 faiz, ehtiyac meyarının həddi isə 23 faiz artırılaraq 246 manat olacaq.
Bununla da, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və bu da öz növbəsində vətəndaşların sosial rifahının yüksəlməsi deməkdir.
Ünvanlı sosial yardım kimlərə şamil edilir?
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
axtarışda olan şəxslər;
Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Xəbər lenti
0