SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisdə etiraz: Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmağa çalışır

© AFP 2023 / LUDOVIC MARINFransa bayrağı, arxiv şəkli
Fransa bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Deputat diqqətə çatdırıb ki, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır.
BAKI, 30 dekabr - Sputnik. "Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin nümayəndələri prezident Makrona müraciət edərək, Azərbaycana qarşı əsassız ittihamlar səsləndiriblər. Müraciətdə beynəlxalq hüququn fundamental prinsiplərinə zidd, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təcavüzə çağırış ifadə edən fikirlər yer alıb. Bu, Fransanın Azərbaycan əleyhinə siyasətini və təxribatlarını davam etdirdiyini təsdiqləyir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib.
Soltan Məmmədov deyib ki, ötən ay Fransa parlamentinin hər iki palatasında qərəzli sənədlər qəbul edilib: "Daha sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndəsinin təmtəraqla qarşılanması, Azərbaycan ekofəallarının Laçın yolunda etiraz aksiyası ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin qeyri-obyektiv bəyanatı Fransanın separatizmə açıq dəstək verdiyinin göstəricisidir. Fransa parlamentində təmsil olunan şəxslərin başqa bir ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə açıq hörmətsizlik ifadə edən mövqeyi ilk növbədə Fransa hökuməti tərəfindən qınanmalıdır. Təəssüf ki, biz Fransa hökumətinin adekvat reaksiyasını görmədik. Bu da Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut edir. Əksinə, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq, regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır".
Deputat bir məsələni də diqqətə çatdırıb ki, Fransa Milli Assambleyasında artıq Azərbaycanla dostluq qrupu formalaşıb:
"Əvvəlki tərkiblə biz çox fəal əlaqələr qurmağa müvəffəq olmuşduq. Fransa parlamentinin üzvlərinin ölkəmizə, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizə səfərləri təşkil edilmişdi. Fransa ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılmasında bu əlaqələrdən maksimum faydalanmağa çalışmışıq. Milli Məclis rəhbərliyinə, şəxsən Sahibə xanım Sizə, ilk günlərdən fəaliyyətimizə verdiyiniz dəstəyə görə işçi qrupunun adından minnətdarlığımı bildirirəm. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq. Çünki Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir. Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. Hesab edirəm ki, bu, münasibətlərdə dərin çatlar yaradır".
Deputat qeyd edib ki, ölkəmiz Cənubi Qafqazın ən güclü dövləti kimi milli maraqlarına qarşı yönəlmiş istənilən təhdidə müqavimət göstərmək imkanındadır: "Lakin Azərbaycanın siyasəti gücə deyil, sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq dəyərlərinə əsaslanır. Azərbaycan regionda yeni reallıqlar yaradıb və bütün digər ölkələr kimi, Fransa da bu reallıqları qəbul etməlidir".
Xatırladaq ki, dekabrın 28-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.
Bu çərçivədə, bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib.
Sözügedən məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb.
Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
0