DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə qonşu ölkələrin ərazi bütövlüyünü tanıyır - Akar

© AP PhotoTürkiyə müdafiə naziri Hulusi Akar
Türkiyə müdafiə naziri Hulusi Akar - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa məqsədimiz olmadığını vurğuladıq - Akar
BAKI, 29 dekabr — Sputnik. Türkiyə bütün qonşu ölkələrin ərazi bütövlüyünü tanıyır.
Bunu Türkiyə müdafiə naziri Hulusi Akar Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü ilə bağlı açıqlamasında bildirib.
Hulusi Akar Rusiya və Suriyadan olan həmkarları ilə görüşünün nəticələrini qiymətləndirərkən deyib ki, Türkiyə Suriya və İraq da daxil olmaqla bütün qonşu ölkələrin ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Görüşün nəticələri barədə danışan Akar bildirib ki, Türkiyənin fikir və mövqeyi tərəflərə çatdırılıb, digər tərəflərin də mövqeləri dinlənilib. O, Türkiyənin terrorla mübarizə apardığını xatırladıb.
"Görüş zamanı müzakirə etdiyimiz ən mühüm məsələlərdən biri terrorizmlə mübarizə oldu. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa məqsədimiz olmadığını vurğuladıq. Suriyaya da təhlükə yaradan PKK/YPG, İŞİD kimi terror təşkilatları üzvlərinin zərərsizləşdirilməsinin hədəflərimiz olduğunu bildirdik. Ölkəmizin, millətimizin, sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün səy göstərdiyimizi söylədik", - deyə Akar bildirib.
Nazir suriyalı qaçqınlarla bağlı məsələnin də müzakirə edildiyini söyləyib.
"Görüş çərçivəsində onu da qeyd etdik ki, əsas məqsədlərimizdən biri də Suriyadan Türkiyəyə daha çox insan köçünün qarşısını almaqdır. O cümlədən vurğuladıq ki, Suriya probleminin BMT Təhlükəsizlik Şurasının (TŞ) 2254 saylı qətnaməsi çərçivəsində əhatəli və vahid şəkildə həll edilməsi vacibdir. Qarşıdakı günlərdə bu istiqamətdə həyata keçiriləcək işlərin bölgədə və Suriyada sülh və sabitliyə ciddi töhfələr verəcəyini düşünürük".
Akar həmçinin, Rusiya və Suriya ilə üçtərəfli görüşlərin davam etdirilməsi mövzusunda razılaşma əldə olunduğunu açıqladı: "Arzumuz regionda sülhün, əmin-amanlığın və sabitliyin ən qısa zamanda təmin olunmasıdır. Bunun üçün indiyə qədər etdiyimiz kimi bundan sonra da üzərimizə düşən vəzifələri yerinə yetirəcək, lazımi töhfələri verəcəyik".
Qeyd edək ki, Hulusi Akar dekabrın 28-də səhər saatlarında Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan ilə birlikdə Ankaradan Rusiyanın paytaxtı Moskvaya gedib. Moskvada keçirilmiş və iki saata yaxın davam edən üçtərəfli görüş zamanı Türkiyə müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan, Rusiya müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri Əli Mahmud Abbas, Rusiya və Suriya kəşfiyyatının rəhbərləri bir araya gəliblər.
Xəbər lenti
0