SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Talançı şirkətin mis-qızıl yataqlarına BMT-dən ekspertiza çağırması absurddur - Deputat

© Photo : Social media page of Asim MollazadeAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Asim Mollazadə bildirib ki, Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarı ilə bağlı öncə orada Azərbaycanın monitorinq qrupu araşdırma aparmaldır. Həmçinin Azərbaycan beynəlxaq ekspertləri də bu prosesə cəlb etməlidir.
BAKI, 28 dekabr — Sputnik. Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının istismarı dayandırılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, yataqları qanunsuz istismar edən "Base Metals" şirkəti fəaliyyətini dayandırdığını açıqlayıb. Şirkətin yaydığı məlumata görə, azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyi mədən fəaliyyətlərini müvəqqəti dayandırmaq və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəlib. Bildirilib ki, BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət edilib.
Yataqlarda monitorinq fırıldağı
Azərbaycanın suveren ərazisində dövlətimizin dəvəti olmadan ekspertiza aparmaq üçün beynəlxalq qurumlara müraciət Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır. 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. İndi Azərbaycanın monitorinq qrupuna ekspertiza üçün imkan yaradılmadığı halda beynəlxalq təşkilatların bu prosesə dəvət edilməsi nə dərəcədə düzgündür?
Talançı şirkətin növbəti oyunu
Məsələni Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə bildirib ki, bu, birmənalı olaraq düzgün addım deyil. Onun sözlərinə görə, sərvətimizi talayan "Base Metals" şirkətinin sahibləri xaricdə yaşayan erməni və rus oliqarxlardır. Bu isə onların növbəti oyunlarıdır:
"Şirkət bu açıqlama ilə güya yatağın qanunsuz istismarının dayandırıldığını ictimaiyyətə çatdırıb. Amma onlar 30 ildir ki, qanunsuz olaraq bizim yataqlarımızın sərvətini talan edirlər. Azərbaycana çox ciddi ziyan vurulur. Yatağın istismarı zamanı atılan tullantılar həm ekologiyanı, həm də sularımızı zəhərləyir. İndi xaricdən ekspertiza qrupu cəlb etməklə etdikləri cinayət əməlinə haqq qazandırmaq istəyirlər. Şirkət təkcə yatağın istismarını dayandırmalı deyil. Onlar bu 30 ildə taladıqları sərvəti Azərbaycan xalqına geri qaytarmalıdırlar".
"Bu monitorinq ancaq Azərbaycanın dəvəti ilə birgə baş tuta bilər"
Deputat həmçinin qeyd edib ki, onların bu oyunlarının məqsədi beynəlxalq platformalarda Azərbaycanın güya erməni icmasına qarşı olan amansız əməlləri barədə yalan təbliğat aparmaqdır. Həmsöhbətimizin sözlərinə görə, bu oyunların arxasında erməni lobbisi dayanıb. Onlar bütün imkanlarından istifadə edib sülh platformasını pozmağa çalışırlar.
A.Mollazadə Avropa Parlamentinin rəhbərliyindəki korrupsiyaya görə ittiham olunan şəxslərin sözügedən şəbəkə ilə çox sıx əlaqələri olduğunu bildirib:
"Avropa və digər ölkələrdə mövcud olan siyasi korrupsiya bilavasitə erməni diasporu ilə bağlıdır. Beynəlxalq təşkilatlarda da onların lobbilərinin fəaliyyəti ilə bağlı çox ciddi araşdırma aparılmalıdır. Çünki, beynəlxalq korrupsiya şəbəkəsi erməni diasporu ilə əlaqəlidir".
Komitə sədrinin müavini əlavə edib ki, "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarı ilə bağlı öncə orada Azərbaycanın monitorinq qrupu araşdırma aparmalıdır. Həmçinin Azərbaycan beynəlxalq ekspertləri də bu prosesə cəlb etməlidir. Əks halda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı şübhə yaratmaq cəhdlərinin qarşısı alınacaq.
ATƏT-in qanunsuz addımını BMT təkrarlamamalıdır!
Ekoloq Fikrət Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın dəvəti olmadan ölkəmizin suveren ərazisində hər hansı beynəlxalq təşkilatın monitorinq aparması, ekspertiza təşkil etməsi yolverilməzdir:
"Bir müddət öncə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələrindən ibarət Ermənistanla Azərbaycan sərhəddinə monitorinq qrupu göndərilmişdi. Sonra məlum oldu ki, ATƏT bunun üçün onlara mandat verməyib. Konsensus olmadan Ermənistana "ehtiyacların qiymətləndirilməsi missiyası"nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulması idi. Bu missiyanın göndərilməsi ilə bağlı Azərbaycan XİN hələ o zaman bildirmişdi ki, ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti etimad quruculuğunun əsas prinsiplərinə ziddir".
"Praqada dördtərəfli görüşdə razılıq əldə olunmuşdu ki, Aİ-nin regiona mülki missiyası göndəriləcək. Ardınca isə ATƏT-in oxşar missiyası Ermənistana göndərildi. İndi bunabənzər daha bir qanunsuz addım atmağa cəhdlər göstərilir. Yataqlar Azərbaycanın sərvətidir. Buna görə Azərbaycanın Baş Pokurorluğu cinayət işi açaraq həmin şirkəti istintaqa cəlb etməlidir. Bu, birbaşa oğurluqdur", - ekoloq deyib.
F.Cəfərov onu da əlavə edib ki, hətta Paşinyan belə BMT-yə monitorinq üçün müraciət etsə, bu, heç nəyi dəyişməyəcək. Azərbaycan ekoaktivistləri Laçın yolunu nəzarətdə saxlayacaqlar. Müsahibimizin sözlərinə görə, o vaxt beynəlxalq təşkilatın monitorinqi baş tuta bilər ki, onları yataqlarda ekspertiza aparmağa Azərbaycan dövləti dəvət eləsin. Eyni zamanda, bu monitorinq Azərbaycan tərəfi ilə birgə baş tutsun:
"Beynəlxalq təşkilat qanunsuz istimar olunan Azərbaycan yataqlarında monitorinq üçün müraciət edərsə, bu addım dövlətimiz tərəfindən dəstəklənə bilər. Bir şərtlə ki, monitorinq Azərbaycan nümayəndə heyəti ilə birgə təşkil olunsun".
Yataqlarımızın istismarı ekologiya üçün təhdiddir
Ekoloq onu da xatırladıb ki, "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarı təkcə Azərbaycan xalqına maddi ziyan vurmur. Bunun ekoloji fəsadları daha ciddi və təhlükəlidir:
"Biz yeddi il öncə qızıl hasilatçısı "AzerGold"da müraciət etmişdik ki, ictimai monitorinq aparaq. Hələ "AzerGold" qanuni fəaliyyət göstərən şirkətdir. Bununla belə bəzi hallarda onlar da ekoloji məsələlərə o qədər də dəqiq fikir vermirlər. Monitorinq zamanı biz bir neçə pozuntu aşkar etdik. Şirkətə bu noqsanları aradan qaldırmağı tövsiyə etdik. Çünki qızılın çıxarılması zamanı həddindən çox toksiki maddələr atılır. Biz hələ bilmirik ki, "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağından qızıl hansı texnologiya və üsulla çıxarılır. Çünki, yataqlar illərdir qanunsuz istismar olunur. Buna ciddi nəzarət olmaldır. Həmin toksiki maddələr suya, torpağa düşərək çox pis nəticə verir. Burada təkcə qızılı çıxartmaqdan yox, ekoloji məsələlərdən də söhbət gedir. Buna görə də, monitorinq Azərbaycan nümayəndələri və beynəlxalq ekspertlərlə birgə aparılmalıdır".
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirən "Base Metals" şirkəti ermənilərin "Vallex Group" konqlomeratının törəməsidir və Xankəndidəki qondarma "hökumətin" əsas "vergi" ödəyicilərindən biridir. Lixtenşteyndə qeydiyyatdan keçmiş "Base Metals" şirkəti 2002-ci ildə Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarını həyata keçirib. "Vallex Group"a isə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın şəxsən "vətənə xidmətə görə" medalı ilə mükafatlandırdığı Rusiya vətəndaşı olan erməni biznesmen Valeri Mezhlumyan sədrlik edir.
Məlumat üçün qeyd edək ki, dekabrın 12-dən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın yolunda ekofəallar və QHT təmsilçiləri birgə etiraz aksiyası keçirir. Aksiya bu gün də davam etdirilir. Ermənilər etiraz aksiyasının Xankəndində yaşayan erməni icması üçün humanitar fəlakətə səbəb olduğu barədə dünyaya car çəksələr də, aksiya iştirakçıları humanitar məqsədə xidmət edən bütün avtomobillərin Laçın yolundan istifadəsinə imkan yaradır.
Xəbər lenti
0